RU

Qətlə meyil niyə artır? - Qorxusuzluq, yoxsa bilgisizlik?

Son vaxtlar ailə-məişət zəminində baş verən qəsdən adam öldürmə və yaralama kimi cinayət növləri barədə hər gün məlumata rast gəlmək mümkündür.

Burada əsas təəccüb doğuran məqam isə bu cinayət hallarının əsasən ailə daxilində baş verməsidir. Bu qəbildən olan son cinayət hadisələrindən birində Cəlilabad rayonunun Üçtəpə kəndində yaşayan Əli Nağıyev qardaşı övladlarını baltalayıb. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb. 

Ümumiyyətlə, son vaxtlar övladın anasını, yaxud atasını, eləcə də kişinin həyat yoldaşını və ya əksinə qadının öz həyat yoldaşını öldürməsi kimi qətl hadisələrinin baş verməsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. 

Qeyd edək ki, ağır və xüsusilə ağır cinayətlər üzrə məhkum olunanların sayı 2024-cü ildə 15 885 nəfər olub. Həmin dövrdə ömürlük həbs cəzasına məhkum olunanların sayı 10 nəfər, eləcə də 10 ildən 20 ilə qədər məhkum edilənlərin sayı 366 nəfər olub. Qəsdən adam öldürmə üzrə məhkum olunanların sayı 234 nəfər, qəsdən sağlamlığa ağır zərbə vurma ilə bağlı isə 282 nəfər olub. 2025-ci il ərzində Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib ki, bunlardan 6 şəxs barəsində 5 iş qəsdən adam öldürmə faktları ilə bağlı olubdur.

Cinayət törədən şəxslər ölkədə ölüm hökmünün ləğvi ilə bağlı bu kimi hadisələrə üstünlük verirlər, yoxsa sosial problemlər insanları belə cinayətlər törətməyə vadar edir? 

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cümhuriyət”-ə bildirib ki, əslində bu hüquqi baxımdan daha çox psixoloji məsələdir:

“Biz qəsdən adamöldürmə cinayətlərində bəzi hallarda təqsirləndirilən, yaxud zərərçəkmiş tərəfin hüquqlarını müdafiə edirik. Gələcəkdə ölüm cəzasının verilməyəcəyi qorxusunun olmaması sadəcə olaraq amillərdən biridir. Ancaq digər amillər də təsir göstərir. Sosial şəbəkələrdə, televiziya verilişlərində, filmlərdə qətl hadisələrinin məğzi göstərilsə də, nəticələrinin ağırlığı vətəndaşlara çatdırılmır. Cinayəti törədən şəxslər bəzi hallarda anlamırlar ki, onlar üçün hansı cəzalar nəzərdə tutula bilər. Məsələn, qəsdən adam öldürmə ilə bağlı cinayətin cəzası neçə müddət təşkil edir? Yaxud cəzanın onun növləri var. Belə ki, tamah məqsədi ilə qəsdən adam öldürmə cinayəti, xüsusi amansızlıqla həmin qətli törətmə növü var.

Müxtəlif ağırlaşdırıcı hallar var ki, qanunvericiliyə görə, həmin hadisənin cəzası daha ağır olur. Hətta orada bir neçə nəfərə qarşı törədilməsi kimi ağırlaşdırıcı hallar var ki, belə olan təqdirdə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İnsanlar həmin hadisənin baş verməsi ilə bağlı məlumatlıdırlar, ancaq onun nəticələri barədə məlumatları yoxdur. Bu istiqamətdə bir maarifləndirmə kompaniyası aparılsa, insanlarda qorxu yaradacaq məsələlər gündəmdə olsa, belə hadisələr daha az baş verər”. 

O qeyd edib ki, prosesə psixoloji cəlb edilməlidir: 

“Onlar işləməlidirlər ki, hansısa metodika irəli sürməklə gələcəkdə bu hadisələrin artımının qarşısı alınsın. Ölkədə əfv sərəncamlarının tətbiqi bəzən insanlarda gələcəkdə onları gözləyən cəzalardan yayınmaq imkanının olduğu fikrini yaradır. Ancaq onlar bilməlidirlər ki, ağır cinayət törətmiş şəxsin əfv olunmaq imkanı çox azdır. Yaxud hansı hallar olmalıdır ki, o məhkum əfvə düşsün. Amnistiya aktı qəbul olunan zaman ağır cinayətlər, ümumiyyətlə, nəzərdə tutulmur. Sadə vətəndaşlarla yanaşı, gələcəkdə potensial cinayətkarlar, cinayət törətmək ehtimalı olanlar, yəni belə  psixologiyaya sahib olan şəxslər bu barədə məlumatsızdırlar”. 

Hüquqşünasın sözlərinə görə, o bu sahədə məlumatsızlıq belə hadisələrin baş verməsi ilə nəticələnir:

“Biz şahidi olmuşuq ki, bəziləri hökm elan olunanda belə, onun ağırlığını başa düşmürlər. Yəni “isti-isti” onun təsirini anlamırlar. Ancaq bir müddət, 3-5-10 gün keçdikdən sonra psixoloji olaraq onlara çatır ki, hansı cəzaya məhkum olunublar. Bu həbs cəzası o deməkdir ki, ömrünün sonuna qədər həbsxanada qalacaq. Onlar öz cəzalarını alıblar və başa düşürlər ki, bir də azadlığa çıxmaq, ailələri ilə qovuşmaq ehtimalları yoxdur. Bu özü onlar üçün kifayət qədər böyük cəzadır”. 

Sosioloq Yusif Nəbiyev isə bildirib ki, son vaxtlar ailədaxili qətl xəbərlərinin artması “insanlar qəddarlaşıb” kimi sadə izahla bitmir, bu, daha çox struktural gərginliyin görünən nəticəsidir:

“Sosial məqsədlərlə bu məqsədlərə çatmaq vasitələri arasında uçurum dərinləşəndə insanlar normadan çıxan, deviant davranışlara meyllənirlər. Yəni iqtisadi sıxıntı, status itkisi, borc, işsizlik və sosial ümidsizlik paralel olaraq ailə daxilində yığılan təzyiqi də partlayış nöqtəsinə gətirir. Nəticədə isə ailə üzvləri bu partlayışların ən yaxın müdafiəsiz subyektləri olurlar. Digər tərəfdən, bizdə ailə institutu toxunulmaz kimi qəbul edilir. Azərbaycanda ailəyə kənar müdaxilələr qətiyyən qəbul edilmir. Bu, özlüyündə müsbət bir hal olsa da, düzgün idarə olunmayanda, xarakterik problemlər doğura bilir.

Belə ki, qapalı sistemlərdə problemlər xarici müdaxilə olmadan içəridə dövr edir və radikallaşırlar. Psixoloji dəstəyə çıxışın zəifliyi, bəzən zorakılığın belə ailə məsələsi kimi normallaşdırılması və emosional savadsızlıq bu kor döngünü daha da sərtləşdirir. Acı həqiqət budur ki, biz bu tip problemi həll etməyi yox, susdurmağı, "yola verməyi" öyrənmişik.

Bu hadisələri təkcə fərdi qəddarlıqla izah etmək rahatdır, amma yanlışdır. Məsələ sosial stressin, nəzarətsiz emosiyaların və zəif sosial institutların birləşməsindədir. "Ailə müqəddəsdir" deyib onu sosial siyasətdən kənarda saxlamaq, əslində, ailəni daha riskli bir məkana çevirir. Sistemlər yanaşması bucağından baxsaq, səthi olaraq "qətllər artır" deyə bilmərik, əslində, uzun müddət yığılıb qalmış və böyümüş problemlər artıq gizlənə bilmirlər deyə üzə çıxırlar”. 

Избранный
17
1
cebheinfo.az

2Источники