Azərbaycan futbolunun perspektivli gənc oyunçularından biri olan Nazim Hüseynov "İmişli" ilə 2.5 illik rəsmi müqavilə imzalayıb.
Bu transfer həm yarımmüdafiəçinin karyerası, həm də ölkə futbolu baxımından əlamətdar hadisə kimi qiymətləndirilir.
Nazimin əsas məqsədi müntəzəm oyun təcrübəsi qazanmaq, komandaya real töhfə verməklə yanaşı, öz fərdi keyfiyyətlərini mərhələli şəkildə inkişaf etdirməkdir.
"İmişli" gənc futbolçu üçün rəqabətli mühitdə formalaşmaq, yüksək səviyyəli oyun ritminə uyğunlaşmaq və peşəkar futbolun tələblərinə cavab vermək baxımından vacib platforma hesab olunur.
Xüsusilə qeyd etmək lazımdır ki, 18 yaşında bir futbolçunun Premyer Liqa klubuna transfer olunması nadir və ciddi göstəricidir.
Bu addım Nazim Hüseynovun potensialına olan inamın, eləcə də düzgün planlaşdırılmış inkişaf yolunun nəticəsi kimi dəyərləndirilir.
İstedadlı gənc karyerası və yeni seçimi ilə bağlı Sportinfo.az-ın suallarını cavablandırıb.
- İndiyə qədər hansı klublarda çıxış etmisən və bu mərhələlər sənin üçün nə ifadə edib?
- Futbol yolum bir neçə mərhələdən keçib və düşünürəm ki, hər mərhələ bu günkü futbolçu kimi formalaşmağımda çox vacib rol oynayıb. 2020-2021 mövsümündə “Qarabağ”, 2021-2022-də “Səbail”, 2022-2023-də “Neftçi”nin akademiyalarında çıxış etdim. Bu illər mənim üçün futbolun əsas təməllərinin formalaşdığı dövr oldu. 2023–2024 mövsümündə “Sabah”In U-16 komandası ilə çempionluq yaşadım. Bu mövsüm həm futbol, həm də mental baxımdan mənim üçün dönüş nöqtəsi idi. Qalibiyyət məsuliyyətini, nəticə üçün oynamağı və təzyiq altında qərar verməyi orada daha yaxşı anladım. Daha sonra 2024–2025 mövsümündə “Araz Naxçıvan”ın U-19 komandasında çıxış etdim və kapitan oldum. Bu mərhələdə Ruslan Amirjanov xüsusi rol oynadı. O, “Araz Naxçıvan”ın U-19 komandasında məşqçim idi və həm futbol baxımından, həm də mental olaraq mənə çox böyük dəstək verdi. Açıq deyə bilərəm ki, Ruslan Amirjanov mənim karyeramda xüsusi yeri olan məşqçilərdəndir. 2025-ci ilin avqust-dekabr aylarında isə “Qəbələ” ilə müqaviləm oldu. Bu mərhələ də mənə daha böyük futbol mühitini yaxından görmək və peşəkar futbolun tələblərini anlamaq baxımından ciddi təcrübə qazandırdı.
- Hansı mövqedə oynayırsan və özünü harada daha rahat hiss edirsən?
- Əsas mövqeyim “10 nömrə”, yəni hücumun mərkəzində oyunu quran futbolçudur. Bu mövqedə oynayanda oyunu daha yaxşı hiss edirəm, tempi idarə edə bilirəm və komanda yoldaşlarım üçün həlledici imkanlar yaratmaq mənim üçün daha rahatdır. Sol ayağımın güclü olması həm uzaqdan zərbələrdə, həm də son ötürmələrdə mənə üstünlük verir. Bununla yanaşı, taktiki ehtiyac olduqda yarımmüdafiənin digər mövqelərində də oynaya bilirəm. Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: demək olar ki, elə bir gün yoxdur ki, mən yalnız bir dəfə məşq edim. Mən artıq bir neçə ildir ki, demək olar hər gün iki dəfə məşq edirəm. Bu, həm mənim şəxsi istəyimdir, həm də menecerimin konkret tələbidir. Çünki biz çox yaxşı bilirik ki, elit səviyyəyə qalxmağın başqa yolu yoxdur. Bundan əlavə, gündəlik olaraq agentlik tərəfindən mənim məşqlərim, yuxu rejimim və əlavə məşqlərim izlənilir. Bu, mənə əlavə motivasiya verir. Amma eyni zamanda anlayıram ki, hazırda hər şey mənim özümdən asılıdır və elit səviyyəyə qalxmaq istəyirəmsə, bu tələblərə mütləq əməl etməliyəm. Artıq neçə illərdir ki, “RR PRO Academy”də əlavə məşqlərə gedirəm. Orada həm fiziki hazırlıq, həm də topla fərdi məşqlər edirəm və bu, inkişafımda çox böyük rol oynayır.
- “Qəbələ”də karyeran niyə qısa sürdü?
- Biz “Qəbələ” ilə mövsümün sonuna qədər razılaşmışdıq. Başlanğıc mərhələdə həm U19, həm əvəzedici komanda, həm də əsas komandanın məşqlərində iştirak edirdim. Bu mənim üçün çox önəmli idi, çünki hər səviyyədə özümü göstərmək imkanım vardı. Lakin son iki ay ərzində klubun gələcək planlarında olmadığımı hiss etdim. Bu açıq şəkildə sezilirdi və nəticədə qarşılıqlı razılıq əsasında müqaviləni sonlandırmaq qərarı verdik. Mənim üçün ən əsas meyar oynamaqdır. Qəbələdə oynadığım oyunlarda performansımı zəif hesab etmirəm. Sadəcə, futbolda bəzən planlar dəyişir və bu, normal prosesdir.
- Portuqaliya təcrübəsi necə yarandı və niyə məhz bu yol seçildi?
- Portuqaliya ilə bağlı danışıqlar menecerim vasitəsilə aparıldı - menecerim Emil Asadov, “Asadov Pro Bridge” agentliyindən. Nəticədə Portuqaliyanın əsas liqa təmsilçilərindən biri olan “Famalicao”nun akademiyası və U23 komandası ilə baxış üçün dəvət aldım. Orada ümumilikdə 10 gün oldum. İlk mərhələdə U19, daha sonra isə U23 komandası ilə məşqlərə çıxdım. U19 komandası ilə keçirdiyim yoldaşlıq oyununda 1 qol və 1 asist etdim. Eyni zamanda qeyd etməliyəm ki, Serbiyadan, eləcə də Türkiyə Super Liqası klublarının gənclər komandalarından variantlar var idi. Hətta 2 il əvvəl Almaniya Bundesliqası klublarından da transfer təklifi almışdım. Lakin menecerimin məsləhətinə əsasən, bu mərhələdə ilk növbədə Premyer Liqa səviyyəsində real oyun təcrübəsi qazanmaq daha doğru yol kimi qiymətləndirildi. Xaricdə gənc yaşda oynamaq həm prosedur, həm də adaptasiya baxımından çox çətindir. Bu səbəbdən bu variant daha uyğun görüldü və mən də bu qərara razılıq verdim.
- “İmişli” ilə yolun necə kəsişdi?
- İlk olaraq “İmişli”nin məşqlərinə qatıldım. Düşünürəm ki, bu müddətdə özümü yaxşı tərəfdən göstərə bildim. Bu şəraiti mənim üçün yaratdığına görə klub rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Açıq desəm, bəlkə də indiyə qədər özümə qarşı ən yaxın, ən isti münasibəti və ən səmimi dəstəyi məhz İmişli klubunda gördüm. Bu, gənc futbolçu üçün çox vacibdir. Burada həm inkişaf etmək, həm də ilk dəfə Premyer Liqa komandasının heyətində karyeram baxımından çox önəmli addım atmaq şansım var. Buna görə də İmişli FK-nı özüm üçün doğru seçim hesab edirəm.
- Baş məşqçi Jor Kaşkilya ilə münasibətin necədir?
- Bu barədə yəqin ki, rəhbərlik daha dəqiq danışa bilər. Amma onu rahatlıqla deyə bilərəm ki, baş məşqçi ilə münasibətim çox yaxşıdır. Texniki xüsusiyyətlərimi bəyənir və mənə güvəndiyini hiss edirəm. Komanda yoldaşlarım da ilk gündən mənə çox dəstək olurlar və bu, adaptasiya prosesini xeyli asanlaşdırır.
- Karyeranda əsas hədəflərin nələrdir?
- Hazırda əsas məqsədim “İmişli”də debüt etmək, komandaya oyunla real töhfə vermək, qol və asistlərlə faydalı olmaqdır. Eyni zamanda üzərimdə daim işləmək, fiziki, taktiki və mental baxımdan inkişaf etmək istəyirəm. Uzunmüddətli hədəfim Avropa klublarına qədər yüksəlmək və Azərbaycan futbolunu beynəlxalq səviyyədə layiqincə təmsil etməkdir. Lakin hazırda bütün fokusum və əsas məqsədim İmişli FK-ya maksimum töhfə verməkdir.