Adı seksual xarakterli cinayətlərdə hallanan maliyyəçi Ceffri Epşteynin sağ olması ilə bağlı daha bir iddia ortaya atılıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, həbsxanada ölü tapıldığı deyilən maliyyəçinin bu dəfə də plastik əməliyyat edildiyi iddia olunub.
ABŞ-də yerləşən “RadarOnline” Epşteynin sağ ikən dünyanın ən məşhur plastik cərrahlarından biri ilə gizli və qeydə alınmamış görüşlər keçirdiyini iddia edib. Bu görüşlərin Nyu-Yorkda üz nəqli sahəsində qabaqcıl işləri ilə tanınan Dr. Eduardo Rodriqez ilə baş tutduğu bildirilir.
Bu əlaqələrin sadəcə iddialar olmadığı, həm də onların izlərinin ABŞ Ədliyyə Nazirliyi tərəfindən bu yaxınlarda açıqlanan Epşteyn sənədlərində tapıldığı bildirilir. İddia edilir ki, təxminən 3 milyon sənəd və fotoşəkildən ibarət arxivdə Dr. Rodriqezin adı 38 dəfə çəkilib. Hesabatda vurğulanır ki, bu istinadlar heç bir cinayət ittihamı təşkil etmir, lakin əlaqələr diqqət çəkir.

Məlumata görə, Epşteyn Dr. Rodriqezlə 2018-ci ildə öz həkimi Bryus Moskovitz vasitəsilə əlaqə saxlayıb. Bu dövrün Epşteynin yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olduğuna görə 18 aylıq həbs cəzası çəkdiyi dövrə təsadüf edir.
Hesabata daxil olan elektron poçtlara görə, uzun illər Epşteynin şəxsi köməkçisi vəzifəsində çalışan Lesli Qroff 10 iyul 2018-ci il tarixli mesajında bildirib ki, Epşteyn üçün ertəsi gün saat 9:00-da Nyu-Yorkdakı “NYU Langone” Xəstəxanasında görüş təyin edilib. Sözügedən doktor hazırda bu xəstəxananın plastik cərrahiyyə şöbəsinin müdiridir.
Eyni gün göndərilən başqa bir e-poçta əsasən, Epşteynin gündəlik cədvəlinin, o cümlədən səhər Dr. Rodrigez ilə görüş, günortadan sonra məşhur vəkil Kennet Starr ilə nahar planlaşdırıldığı iddia edilir.
"JoJo sizi aparacaq. Sağlamlıq kartınızı və şəxsiyyət vəsiqənizi gətirməlisiniz”, deyə yazışmada bildirilir. Adı çəkilən "JoJo"nun Epşteynin ev işçilərindən biri olduğu deyilir.

E-poçtlarda Epşteynin 20 iyun 2018-ci ildə üz-üzə görüşlərindən əvvəl Dr. Rodriqezlə telefon danışığı etdiyi ortaya çıxır.
Epşteynin həmin vaxt Parisdə olduğu və görüşün ABŞ vaxtı ilə saat 15:00-a təyin edildiyi bildirilir. İddia edilir ki, onun köməkçisi Qroffdan gələn mesajda Rodriqezin adətən telefonla məsləhətləşmələr aparmadığı, lakin bu görüş üçün istisna edildiyi bildirilir.

Qeyd edək ki, Dr. Eduardo Rodriqez 2015-ci ildə dünya mətbuatında geniş diqqət çəkən əməliyyatı ilə tanınır. Rodriqez tibb tarixində ən genişmiqyaslı üz nəqli əməliyyatlarından birini könüllü yanğınsöndürən Patrik Hardison üzərində həyata keçirib. Patrikin üzü, qulaqları və saçları tamamilə bərpa edilib. Əməliyyat müasir tibb dünyasında dönüş nöqtəsi hesab olunur.

Xatırladaq ki, ABŞ-də 18 yaşından kiçik, ən kiçiyi 14 yaşında olan onlarla qızı cinsi istismar etdiyinə və fahişəlik şəbəkəsi idarə etdiyinə görə mühakimə olunan Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.
ABŞ Ədliyyə Nazirliyi onun öldükdən sonrakı fotolarını yayımlasa da, qalmaqallı maliyyəçi barədə şayiələr ortaya atılır.
Billurə