RU

İranda PKK-nın İran qolu ilə əlaqəli 11 nəfər saxlanılıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İran hakimiyyəti ölkənin qərbində qadağan edilmiş kürd partiyası ilə əlaqəli olduqları iddia edilən 11 nəfəri “təxribat xarakterli əməllər” şübhəsi ilə saxlayıb.

TurkicWorld xəbər verir ki, dövlət televiziyasının məlumatına əsasən, saxlanılan şəxslərin “Kürdüstan Azad Həyat Partiyası” kimi tanınan və İranda qadağan edilmiş PJAK-la əlaqədə olduqları bildirilib. Həbslər ötən ilin dekabr ayının sonlarından etibarən ölkədə genişmiqyaslı etiraz aksiyalarından sonra həyata keçirilib.

Məlumata görə, PJAK 2004-cü ildə yaradılıb və terrorçu Kürdüstan Fəhlə Partiyasının qolu hesab olunur. Tehran bu qurumu terror təşkilatı kimi tanıyır. Eyni mövqe ABŞ və Türkiyə tərəfindən də paylaşılır. Partiya yarandığı vaxtdan etibarən İran təhlükəsizlik qüvvələrinə qarşı silahlı əməliyyatlar həyata keçirməkdə ittiham olunur.

İranın “Fars” xəbər agentliyinin yaydığı məlumata əsasən, saxlanılan şəxslər ölkənin qərb bölgələrində fəaliyyət göstərib və PJAK üzvləri ilə birbaşa əlaqədə olublar. Bildirilib ki, onların məqsədi əhali arasında təhlükəsizliyi pozmaq və təxribat xarakterli fəaliyyətlər həyata keçirmək olub.

İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli nümayəndələrindən olan Möhsün Kərimi qeyd edib ki, şübhəlilərin kimliyi əvvəlcədən müəyyənləşdirilib və planlaşdırılan əməliyyatlar həyata keçirilməmişdən öncə onlar saxlanılıblar.

Rəsmi Tehran etiraz aksiyaları zamanı üç mindən çox insanın həlak olduğunu təsdiqləyib və ölənlərin əksəriyyətinin təhlükəsizlik qüvvələrinin üzvləri və ya silahlı qrupların hücumuna məruz qalan mülki şəxslər olduğunu bildirib. İran hakimiyyəti bu hadisələrdə ABŞ və İsrail tərəfindən dəstəklənən “terrorçu qrupları” ittiham edir.

Bununla yanaşı, ölkə xaricində fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları ölənlərin sayının rəsmi rəqəmlərdən xeyli çox olduğunu iddia edir. Onların məlumatına görə, həlak olanların əksəriyyəti etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirən dinc nümayişçilərdir.

Избранный
62
turkic.world

1Источники