RU

"Qarabağ" "dumana düşdü, lider özünə bənzəmədi - Yaşanan OLAYLAR

"Qarabağ" bu dəfə Şamaxıda dumana düşdü.

Ağır fevral ilk addımındaca "Qarabağ"ı büdrətdi.

Fasiləyə 0:2 geridə yollanan "atlılar" ikinci yarıda Musa Qurbanlının vurduğu qolla intriqanı ölməyə qoymadı. 61-ci dəqiqədə Andrade, Zubir, Montiel, Duran və Yankoviçin oyuna daxil olması da məğlubiyyətdən xilas olmağa yetmədi.

Bir məqamı qeyd etməsək olmaz.

Ağdam klubunun ikinci heyəti bu mövsüm bir işə yaramır.

"Kəpəz", "Şamaxı" kimi rəqiblərlə görüşlərdə də önə çıxmağı, komandanı arxasınca aparmağı bacarmayan Ramil Şeydayev, Aleksey Kaşuk, Dani Bolt, Sami Mmae kimi adlar gözləntilərin çox altında qalır. Belədə haqlı sual yaranır - bəs siz "Qarabağ"da nə günə lazımsınız?

Uzunmüddətli zədədən sonra ilk dəfə start heyətində yer alan Kadi Borqesin də əvvəlki formasını bərpa etməsinə hələ vaxt lazımdır.

"Turan Tovuz"a lazım olmayan Abdulla Rzayev meydana çıxdığı ardıcıl ikinci görüşüdə məhsuldar ötürmə ilə yadda qaldı. İstedadlı müdafiəçi əvvəlki günlərini xatırladır.

5 min dollar maaşa ölkəmizə gələn Kərim Rossi isə qollarını sıralamağa davam edir. Gətirəndə də belə əcnəbilər gətirəsən gərək. Qiymət ucuz, keyfiyyət yüksək.

Qərb derbisində yekun nəticəni 1 qol müəyyən etdi. "Qarabağ"la görüşdə yaxşı oyunla gələcəyə ümid verən Kurban Berdiyevin yetirmələri bu dəfə yenə əvvəlki günlərini xatırlatdı. Qol da elə ənənəvi standart vəziyyətdən sonra başla gəldi.

Halbuki əsas məqsədi liqada qalmaq olduğu üçün 9 yerli oyunçu ilə meydana çıxan "Kəpəz"i tovuzlular birnəfəsə udmağa məhkum idi.

Əvəzində Azər Bağırovun yetirmələri bir qədər diqqətli ola bilsəydi, meydandan daha yaxşı nəticə ilə ayrıla bilərdi.

Berdıyevin meydanı erkən tərk etməsi də oyuna damğa vuran olaylardan oldu. 73 yaşlı mütəxəssis ölkəmizdə olduğu 2-ci mövsümündə ikinci dəfə qırmızı vərəqə alması ilə yadda qaldı. Hər iki halda da səbəb hakimlərə sərt etiraz olub.

Premyer Liqada rəqib tanımayan "Sabah" kubokda özünə bənzəmədi. Rotasiyalı heyətlə meydana çıxan Valdas Dambrauskasın komandası "Qəbələ" ilə matçdakı qolsuz bərabərliyə görə sevinə bilər. Çünki Kaxaber Tsxadadzenin yetirmələri daha yaxşı çıxış edən tərəf idi. Qaçırılan penalti olmasaydı, cavab görüşündə növbəti mərhələyə daha şanslı tərəf kimi də görünə bilərdilər. 2026-cı ildə məğlub olmayan bölgə klubu deyəsən hələ çoxuna başağrısı olacaq.

1/4 final mərhələsinin ən quru oyunlarından biri bəlkə də birincisi Sumqayıtda keçirildi. Zirə sona yaxın bir qədər aktivləşsə də nəticəni ədalətli hesab etmək olar. Ehtiyatlı oyunu seçən hər iki tərəf də sanki öncədən qolsuz sülhə razılaşmışdı.

Yaxşı məqam odur ki, birinci oyunlardan sonra aşkar favorit yoxdur.

4 cütün hamısında qalibi cavab görüşləri müəyyən edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
14
sportinfo.az

1Источники