BAKI, 8 fevral. TELEQRAF
Rusiya Ukraynada cəbhənin bir neçə istiqamətində yeni və irimiqyaslı hücum əməliyyatlarına hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında bildirilib.
Analitiklər qeyd ediblər ki, rəsmi Moskva müharibəni güc yolu ilə bitirmək ssenarisinə üstünlük verir. Proqnozlara görə, Rusiya ordusu yay aylarında Ukraynanın cənubunda və Donbasda genişmiqyaslı hücum əməliyyatlarına başlamaq niyyətindədir.
Strateji ehtiyatlar işə salınır
Hesabatda vurğulanır ki, Rusiya hərbi komandanlığı bu planları reallaşdırarkən hələ 2025-ci ildən formalaşdırılmasına başlanılan strateji ehtiyatlardan istifadə edəcək. Bu fakt Kremlin müharibəni dayandırmaq fikrində olmadığını göstərir.
Lakin ISW ekspertləri Rusiyanın ambisiyalı planlarına baxmayaraq, ciddi məhdudiyyətlərlə üzləşdiyini diqqətə çatdırıblar. Analitiklərin fikrincə, mövcud ehtiyatlar qarşıya qoyulan hərbi məqsədlərə çatmaq üçün kifayət etməyə bilər:
"Rusiya canlı qüvvə itkilərini bərpa etməkdə çətinlik çəkir ki, bu da uzunmüddətli və intensiv hücum əməliyyatları aparmaq potensialını azaldır".
Hücum istiqamətləri və tarixlər
İnstitut hərbi müşahidəçi Konstantin Maşovetsin proqnozuna istinadən bildirir ki, Rusiyanın yeni genişmiqyaslı hücumu artıq aprel ayında başlaya bilər. Əsas zərbə istiqamətləri kimi Slavyansk-Kramatorsk və ya Orexov-Zaporojye göstərilir.
Buna baxmayaraq, ISW Rusiyanın hazırkı cəbhə vəziyyətini nəzərə alaraq, bu istiqamətlərdə ciddi uğur qazanacağına şübhə ilə yanaşır. İşğalçı qüvvələrin hazırda taktiki səviyyədə ilişib qaldığı və bəyan edilən müddətdə irimiqyaslı planları reallaşdırmaq gücündə olmadığı qeyd edilir.
Dron təhlükəsi artır
Mövzu ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski də açıqlama verib. O bildirib ki, Rusiya bu il pilotsuz sistemlər qoşunlarının şəxsi heyətini 79 min nəfər artırmağı planlaşdırır. Ümumilikdə, qarşı tərəf dron qoşunlarının sayını 165 min nəfərə çatdırmaq niyyətindədir.
Həmçinin məlum olub ki, Rusiya ordusu "tutucu" (interceptor) dronları silahlanmaya qəbul edib və onların istehsalını artırır. Bundan əlavə, döyüş şəraitində yeni "Geran-4" və "Geran-5" reaktiv dronlarının sınaqdan keçirildiyi bildirilir.