RU

Yaponiyada Takaiçi hökuməti tarixi qələbə qazanıb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yaponiya Baş naziri Sanae Takaiçinin rəhbərlik etdiyi hakim partiya parlament seçkilərində aşağı palatada üçdəiki səs çoxluğunu əldə edib.

Bizimyol.info xəbər verir ki, Yaponiya KİV-lərinin ilkin nəticələrə istinadən yaydığı məlumata görə, bu böyük qələbə əsasən ölkənin ilk qadın baş nazirinin yüksək populyarlığı ilə əlaqələndirilir və ona təhlükəsizlik, immiqrasiya və digər sahələrdə ciddi mühafizəkar islahatlar aparmaq imkanı yaradır.

Seçkilərdən sonra NHK telekanalına müsahibə verən Takaiçi bildirib ki, Yaponiyanı daha güclü və firavan edəcək siyasətə üstünlük verəcək.

Səslərin sayılmasının nəticələrinə əsasən, Takaiçinin Liberal Demokrat Partiyası (LDP) 465 yerlik aşağı palatada 316 mandat qazanaraq 261 yerlik mütləq çoxluğu xeyli üstələyib. Bu nəticə partiyanın 1955-ci ildə qurulmasından bəri rekord göstəricidir və 1986-cı ildə mərhum baş nazir Yasuhiro Nakasone dövründə əldə edilən 300 mandatlıq əvvəlki rekordu geridə qoyur.

Yeni müttəfiqi Yaponiya İnnovasiya Partiyasının qazandığı 36 yerlə birlikdə hakim koalisiya ümumilikdə 352 mandat əldə edib.

Qələbədən sonra Takaiçi LDP-nin mərkəzi qərargahında qaliblərin adlarının qarşısına qırmızı lent yapışdıraraq partiya rəhbərliyinin alqışları altında sevincini bölüşüb.

Yuxarı palatada çoxluq əldə edilməməsinə baxmayaraq, aşağı palatadakı bu böyük üstünlük Takaiçiyə Çinlə artan gərginlik fonunda Yaponiyanın iqtisadi və hərbi potensialını gücləndirməyə, eləcə də ABŞ-la əlaqələri möhkəmləndirməyə yönəlmiş sağyönlü gündəliyini irəlilətməyə imkan verir.

Takaiçi bildirib ki, müxalifətin dəstəyini qazanmağa çalışacaq, lakin əsas siyasət hədəflərindən geri çəkilməyəcək: “Çevik olacağam”, deyib.

Yaponiya siyasətində uzun illərdir hakim olan LDP son dövrlər maliyyə və dini qalmaqallarla üzləşsə də, Takaichi yüksək reytinqindən istifadə edərək vəzifəyə gəldikdən cəmi üç ay sonra növbədənkənar seçkilər elan edib.

Ultra-mühafizəkar mövqeyi ilə tanınan Takaiçi oktyabrda Yaponiyanın ilk qadın lideri kimi vəzifəyə başlayıb. Onun həm sərt, həm də dinamik üslubu xüsusilə gənclər arasında siyasətə marağı artırıb.

Müxalifət isə yeni ittifaqlara baxmayaraq parçalanmış vəziyyətdə qalaraq ciddi rəqabət göstərə bilməyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
65
bizimyol.info

1Источники