RU

İlahiyyatçı Fazil Əhmədli: “Dindar valideynlər haqlı şəkildə tələb edəcəklər ki, bu norma bütün sahələrə tətbiq olunsun”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Valideynlər uşaqları öz dini baxışlarına uyğun tərbiyə edə bilərlər, lakin bu, uşağın fiziki və psixi sağlamlığına zərər vurmamalıdır. Zəruri hallarda uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.Dini azadlıq çərçivəsində uşaqların dini tərbiyəsi necə olmalıdır və bu, onların azad fikirlərinə necə hörmət edilə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Fazil Əhmədli bildirib ki, bütün qanunlarda valideynin övladını qanun çərçivəsində istədiyi şəkildə tərbiyə etmək haqqı təsbit olunub: “Bu barədə hələ ki, qərar qəbul olunmayıb, yalnız müzakirələr gedir. Mən ilahiyyatçı kimi düşünürəm ki, belə bir qərar qəbul olunsa da onun işləmə mexanizmi görünmür. Bəzi qərarlar yaxşı niyyətlə qəbul olunsalar belə praktikada tətbiqi çətin olur. Məsələn; dindar ailələrin övladları hicab geyinirsə, məktəbdə bu uşaqdan soruşa bilərlər: “Hicab geyinməyinin səbəbi nədir?” Uşaq deyəcək: “Mən dinimi sevirəm, Allahı sevirəm, namaz qılıram, ona görə hicab taxıram”. Uşaq adətən “məni məcbur edirlər” deməyəcək. Belə sorğuların nəticəsində məcburiyyətin olub-olmadığını necə müəyyən etmək olar? Yalnız uşaq özü şəxsi müraciət etməlidir, çünki uşağın belə bir hüququ var. Avropa ölkələrində də uşaqları bir-bir aparıb sorğu-sual etmirlər; əksinə, uşaqların öz müraciəti üçün telefon xətləri və ya yardım xidmətləri fəaliyyət göstərir ki, uşaq zəng etsin. Məsələn, uşaq deyə bilər: “Mənim atam-anam məcbur edir”. Bu cür müraciət əsasında inzibati tədbirlər görülə bilər. Amma bu cür hallar üçün qəbul ediləcək qanun necə işləyəcək, praktikada necə tətbiq olunacaq real görünmür. Müəllim və ya məktəb direktoru şagirddən hüquqi əsas olmadan “Səni valideynin hicab geyməyə məcbur edir?” kimi sual vermək hüququna malik deyil. Hətta uşaq belə desə də, direktorun soruşması hüquqi əsas yaratmır. Belə hallarda əsasən uşaq özü, başqa yollarla - məsələn, yardım xəttinə zəng edərək müraciət etməlidir”.

Fazil Əhmədli

“Dini tərəfə nəzər salsaq, bütün qanunlarda valideynin övladını qanun çərçivəsində istədiyi şəkildə tərbiyə etmək haqqı təsbit olunub. Məsələn; musiqi müəllimi uşağını sırf musiqiçi kimi yetişdirirsə, bu da müəyyən mənada məcburiyyət sayılır, bəlkə həmin uşaq mühəndis, həkim və ya müəllim ola bilərdi. Əgər qanun uşağa məcburiyyətin qarşısını almağa yönəlibsə, onda dindar valideynlər haqlı şəkildə tələb edəcəklər ki, bu norma bütün sahələrə, o cümlədən dünyəvi tərbiyə formalarına da tətbiq olunsun. Qanun qüvvəyə minsə, dindar ailələrdə də narazılıq yaranacaq: “Niyə valideyn uşağını məktəbə getməyə məcbur etməməlidir? Uşaq məktəbə getmək istəmir onu zorla aparırlar.” Uşaqların repetitor yanına göndərilməsi də çox zaman 99 % hallarda valideynin istəyi ilə həyata keçirilir; uşaq bəlkə istəmədiyi halda valideyn övladının təhsilinə pul xərcləyir. Valideynin övladının təhsilinə önəm verməsi ilə dindar valideynin həm dünyəvi, həm də axirət tərbiyəsinə önəm verməsi arasında prinsipial fərq var. Dindar valideyn axirəti də düşünür və İslam hüququna görə valideyn övladın dini həyatı üçün məsuliyyət daşıyır. Kim axirətə inanır, kim inanmır - bir dindar insan axirət barədə də düşünür. Həm də islam hüququnda valideyn, eyni zamanda uşağın dini həyatı üçün məsuliyyət daşıyır”-deyə Fazil Əhmədli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
bizimyol.info

1Источники