RU

"Süni intellekt, kibertəhlükəsizlik və yaşıl enerji inkişaf edən sahələrdir" - İQTİSADÇI AÇIQLADI

“Müasir dövrdə Azərbaycan dünya iqtisadiyyatının bir parçası olduğuna görə, dünyada baş verən bütün proseslər bizə də təsir edir. Ola bilsin ki, 10-15 illik gecikmələr olsun. Dünyanın inkişaf etmiş ölkələrində müəyyən ixtisaslara yaranan tələbat ən azı 20-30 il sonra bizdə formalaşa bilər”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, burada müəyyən istisnalar da var: “Yüksək texnologiya sahələri mövcuddur ki, məsələn, kosmik və nüvə texnologiyaları hələ ölkəmizdə geniş inkişaf etməyib. Amma əksər ixtisaslar var ki, həm bizim ölkəmizdə, həm də dünyada aktualdır. Hazırda süni intellekt, kibertəhlükəsizlik, yaşıl enerji və ümumilikdə İT sahələri Azərbaycanda həm yeni, həm də inkişaf edən istiqamətlərdəndir. Təbii ki, ənənəvi enerji sektorunda da – neft və qaz sahəsində, xüsusilə qaz sektorunda – tələbat qalmaqdadır. Bundan əlavə, sosial iş, maliyyə xidmətləri, elektron ticarət və satış sahələrində də ixtisaslı mütəxəssislərə ehtiyac var. Azərbaycanda sənaye hələ kifayət qədər inkişaf etməyib, lakin bu sahənin inkişafı çox arzuolunandır. Xüsusilə mühəndislik ixtisaslarının genişləndirilməsi vacibdir. Bir çox hallarda azad iqtisadi zonalar yaradılır, lakin bu sahələr üzrə yetərli sayda mütəxəssis olmur. İşsizliyin azaldılması üçün dövlət qurumları və məşğulluq xidmətləri tərəfindən əmək bazarının tələblərinə uyğun sifarişlər formalaşdırılmalıdır. Bu gün müəyyən sahələrdə tələbat var, lakin həmin sahələr üzrə kadr çatışmazlığı müşahidə olunur. Ona görə də tələb olan istiqamətlər müəyyənləşdirilməli və məhz həmin sahələr üzrə mütəxəssis hazırlığı həyata keçirilməlidir.

Ümumiyyətlə, məsələ yalnız işsizliyin aradan qaldırılması ilə məhdudlaşmır. İşsizlik nəticədir, əsas səbəb isə əmək bazarı ilə iqtisadiyyatın tələbləri arasında uyğunsuzluqdur. İqtisadi geriləmə və müxtəlif böhranlar da işsizliyin artmasına səbəb olur. Davamlı iqtisadi inkişaf isə bu problemlərin aradan qaldırılmasına imkan yaradır.

Xüsusilə yüksək texnologiyalar sahəsi böyük perspektiv və yüksək gəlirlilik baxımından önəm daşıyır. Dünyanın bir çox ölkəsində yeni texnologiyaların inkişafı digər sahələrin də inkişafına təkan verir. Məsələn, bəzi ölkələrdə nüvə energetikasının yaradılması elmi-tədqiqat və innovasiya fəaliyyətinin genişlənməsinə səbəb olub. Süni intellekt və digər innovativ sahələr də sürətlə inkişaf edir və bu istiqamətlər üzrə mütəxəssislərə ciddi ehtiyac yaranır. Azərbaycanın da bu sahələrdə inkişaf potensialı yüksəkdir və gələcəkdə xüsusilə yüksək texnologiyalar üzrə kadr hazırlığı prioritet istiqamətlərdən biri olmalıdır".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
54
sia.az

1Источники