Yeni mərhələdə Azərbaycan-ABŞ münasibətləri: təhlükəsizlik, enerji və sülh gündəliyi
Azərbaycan-ABŞ münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Xüsusilə Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi, siyasi və təhlükəsizlik reallıqları Vaşinqtonun bölgəyə baxışını əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəlki mərhələlərdə ABŞ-ın regiona münasibəti daha çox normativ və vasitəçi yanaşma üzərində qurulurdusa, hazırkı mərhələdə bu münasibətlər praqmatik, işgüzar və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinə transformasiya olunmaqdadır.
Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə postmünaqişə dövründə ortaya qoyduğu sülhpərvər, konstruktiv mövqe ABŞ üçün ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş kimi ön plana çıxarıb. Bakı yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, həm də regional təhlükəsizliyin təmin olunmasında, beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir. Məhz bu reallıqlar fonunda Vaşinqtonun Azərbaycanla münasibətləri yeni məzmunla zənginləşir.
Bu kontekstdə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin və ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin regiona, o cümlədən Bakıya planlaşdırılan səfərləri xüsusi əhəmiyyət daşıyır. Sözügedən səfərlər sadəcə diplomatik missiya kimi xarakterizə oluna bilməz - bu, Azərbaycan-ABŞ münasibətlərinin strateji səviyyədə yenidən formatlaşdırılmasının göstəricisi kimi dəyərləndirilməlidir. Bu proseslər tərəflər arasında uzunmüddətli və institusional əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır və münasibətləri daha perspektivli, çoxşaxəli və dayanıqlı edir.
Təhlükəsizlik sahəsində əməkdaşlıq: strateji tərəfdaşlığın dayaqları
ABŞ-Azərbaycan münasibətlərinin əsas istiqamətlərindən biri təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq tarixi baxımdan 2000-ci illərin əvvəllərinə, qlobal terrorizmə qarşı mübarizənin intensivləşdiyi dövrə təsadüf edir. Azərbaycan həmin mərhələdə ABŞ-ın yaxın strateji tərəfdaşı kimi çıxış edərək beynəlxalq antiterror koalisiyasında fəal iştirak etmiş, regionda sabitliyin qorunmasına mühüm töhfələr verib.
Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı kontingentləri müxtəlif illərdə Əfqanıstan, İraq və digər münaqişə zonalarında beynəlxalq təhlükəsizlik missiyalarında iştirak edərək ölkəmizin qlobal təhlükəsizliyə verdiyi töhfəni nümayiş etdirib. Bu, Bakının yalnız regional deyil, həm də qlobal miqyasda məsuliyyətli aktor kimi çıxış etdiyini təsdiqləyir.
Azərbaycan - ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini isə hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də, dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.
Postmünaqişə dövründə isə Azərbaycan Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında aparıcı rol oynamaqdadır. Regional əməkdaşlıq mexanizmlərinin təşviqi, sülh müqaviləsinin irəli aparılması istiqamətində atılan addımlar və beynəlxalq təşəbbüslərə qoşulma ABŞ üçün Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın Sülh Şurası Nizamnaməsini imzalayaraq təsisçi dövlətlərdən biri olması da qlobal sülh gündəliyinə sadiqliyinin göstəricisidir. Bu faktorlar ABŞ-Azərbaycan münasibətlərində təhlükəsizlik komponentinin yalnız keçmişin irsi deyil, gələcək əməkdaşlığın da əsas istiqamətlərindən biri olacağını deməyə əsas verir.
Enerji təhlükəsizliyi: Bakı qlobal və regional sabitləşdirici faktor kimi...
Azərbaycan-ABŞ münasibətlərində enerji təhlükəsizliyi xüsusi strateji əhəmiyyətə malikdir. Bakı artıq uzun illərdir ki, qlobal enerji bazarının etibarlı iştirakçısı kimi çıxış edir və bu statusunu yeni reallıqlar fonunda daha da möhkəmləndirir. Azərbaycanın enerji siyasəti təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də geosiyasi təsir aləti kimi formalaşıb.
Azərbaycanın yürütdüyü enerji siyasəti son 30 ildə nəinki regionun, daha böyük coğrafiyanın mənzərəsini və enerji xəritəsini dəyişib. Bakı-Tblisi - Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətlləri kimi qlobal layihələrin ərsəyə gəlməsi, bu layihələrin daha geniş əməkdaşlıqlara meydan açması, yeni mərhələlər formalaşdırması göz önündədir - bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır, Şimal-Cənub, Şərq - Qərb enerji tranzitinin mühüm logistik mərkəzlərindən sayılır. Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
Hazırda Azərbaycan dünyanın 16 ölkəsini, o cümlədən, Avropa İttifaqının 10 üzv dövlətini təbii qazla təmin edir. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir və ABŞ tərəfindən də yüksək qiymətləndirilir. Vaşinqton üçün Azərbaycanın enerji infrastrukturu digər ölkələrdən asılılığın azaldılması və alternativ mənbələrin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, hər zaman müasir çağırışları nəzərə alan Azərbaycan bu gün yaşıl enerji ixracatını özünün ən mühüm priorietlərindən birinə çevirib. Respublikamız dünyanın bir sıra dövlətləri üçün həm də yeni enerji mənbəyi kimi maraq kəsb edir. “Yaşıl enerji” həm də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi sayılır və tərəflərin strateji baxışlarını ifadə edir. Azərbaycan çox böyük “yaşıl enerji” potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı üzrə layihələrin icrasına isə artıq start verilib. Əlamətdar haldır ki, xarici investorlar bu sahədə ilk böyük layihələrə sərmayələr yönəldirlər. Azərbaycanda istehsal olunacaq “yaşıl enerji” Avropaya Qara dənizin dibi ilə çəkiləcək marşrutla ötürüləcək. Yaşıl enerji dəhlizinin yaradılması isə Azərbaycanla Aİ arasında əməkdaşlıq imkanlarını daha da genişləndirəcək. Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar, “yaşıl enerji” layihələri və regional enerji dəhlizlərinin genişləndirilməsi ABŞ-Azərbaycan əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Enerji sahəsində tərəfdaşlıq artıq yalnız neft və qazla məhdudlaşmır, texnoloji əməkdaşlıq və investisiya layihələri ilə zənginləşir.
Yeni siyasi mərhələ: Tramp amili və institusional dialoq...
ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoymasında Donald Tramp amilinin xüsusi yeri var. Məhz Trampın ikinci dəfə hakimiyyətə qayıdışından sonra Bakı-Vaşinqton xəttində dialoq intensivləşib, qarşılıqlı etimad mühiti güclənib. Bu mərhələdə münasibətlər şəxsi diplomatiya ilə yanaşı, institusional əsaslar üzərində qurulmağa başlayıb. 2025-ci ilin 8 avqustunda keçirilən görüşlər, imzalanan sənədlər və xüsusilə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu münasibətlərin yeni səviyyəyə keçdiyini göstərir. Bu sənəd Bakı-Vaşinqton əlaqələrinin sistemli və uzunmüddətli inkişafı üçün mühüm hüquqi və siyasi baza formalaşdırır.
Paralel olaraq Trampın Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfə olduqca böyükdür. Ermənistan ilə Azərbaycan arasında sülh sazişi layihəsinin məhz Vaşinqtonda paraflanması prosesini beynəlxalq səviyyədə təsdiqinə çevrildi. Bu isə yeni nizamda yeni siyasi münasibətlərin formalaşmasında əhəmiyyətli rol oynadı.
Vurğulanmalıdır ki, dövlət başçıları arasındakı münasibətlər də yüksək səviyyədədir. Prezident İlham Əliyev ilə Prezdient Donald Tramp arasında Misirdə, Davosda keçirilən görüşlər, qarşılıqlı telefon zəngləri və məktub mübadilələri də bu münasibətlərin yeni ştrixlərini ortaya qoyur. Burada artıq epizodik əlaqələrdən deyil, strateji tərəfdaşlıq konsepsiyasından söhbət gedir.
Vitse-prezidentin səfəri: regional sabitlik, iqtisadi əməkdaşlıq, inteqrasiya
ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana planlaşdırılan səfəri isə Azərbaycan-ABŞ münasibətlərinin dinamik inkişafının bariz göstəricisidir. Bu səfər yalnız ikitərəfli əlaqələrin möhkəmləndirilməsi deyil, həm də Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm siyasi mesaj daşıyır.
Vaşinqtonun yüksək səviyyədə Bakıya diqqət göstərməsi Azərbaycanın regionda aparıcı siyasi aktor kimi qəbul edildiyini təsdiqləyir. Səfər çərçivəsində müzakirə olunacaq məsələlər təhlükəsizlik, enerji, iqtisadi əməkdaşlıq və regional inteqrasiya kimi strateji sahələri əhatə edəcək. Vurğulanmalıdır ki, Azərbaycanın yürütdüyü rasional siyasət kursu müxtəlif qütblər arasında körpü rolunu oynamaq imkanını formalaşdırıb. Qərb ilə Şərq, Şimal ilə Cənub arasında etibarlı dialoq platforması kimi çıxış edən Bakı fərqli maraqların toqquşduğu məkanda uzlaşma mühiti yaradır. Bu, xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik və humanitar əməkdaşlıq sahələrində özünü qabarıq şəkildə göstərir. Orta Dəhliz layihəsi bu baxımdan yalnız iqtisadi deyil, həm də geosiyasi məzmun daşıyır və Azərbaycanın yeni qlobal nizamda oynadığı rolun əsas sütunlarından birinə çevrilib.
Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə formalaşan regional əməkdaşlıq formatları və çoxtərəfli platformalar qlobal sistemdə humanizm, qarşılıqlı hörmət və suverenliyə əsaslanan yeni münasibətlər modelini təşviq edir. Rəsmi Bakı mövcud imkanları yalnız milli maraqlar kontekstində deyil, həm də regional rifah və sabitlik prizmasından dəyərləndirir. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu qlobal əlaqələr sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi möhkəmləndirir.
Cənubi Qafqaz üçün inkişaf “resepti”: iqtisadi diplomatiya və TRIPP təşəbbüsü...
ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin vitse-prezident Vensə qoşularaq Bakıya səfər etməsi iqtisadi diplomatiyanın ön plana çəkildiyini göstərir. ABŞ Dövlət Departamentinin açıqlamasında vurğulandığı kimi, bu səfər Prezident Trampın sülh səylərinin irəli aparılmasına və Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) təşviqinə xidmət edəcək. Yeni reallıqlar fonunda Cənubi Qafqaz artıq qapalı geosiyasi məkan deyil, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji qovşaq kimi çıxış edəcək. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və enerji layihələri regionun iqtisadi xəritəsini yenidən formalaşdırır, ölkəmizin rolunu əsas aparıcı qüvvə kimi möhkəmləndirir. Müharibədən sonra bu dəhlizin açılması istiqamətində aparılan ardıcıl siyasi xətt artıq konkret nəticələr verməkdədir. Ötən ilin avqustunda Vaşinqtonda siyasi təsdiqini əldə edən Zəngəzur dəhlizi (TRIPP) təşəbbüsü yeni dövrdə Cənubi Qafqaz üçün tamamilə fərqli inkişaf perspektivləri vəd edir. Bu layihə regionun tranzit imkanlarını genişləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və uzunmüddətli sabitliyin əsas dayaqlarından birinə çevrilir. Azərbaycanın yaratdığı yeni reallıqlar isə bir daha göstərir ki, ölkəmizin apardığı siyasət yalnız milli maraqlara deyil, bütövlükdə, regionun inkişafına xidmət edir. Azərbaycan bu marşrutun əsas mərkəzlərindən biri kimi çıxış edərək regionun iqtisadi xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir.
Yeni konturlar: Bakı-Vaşinqton münasibətləri dayanıqlı və işgüzar səviyyə qazanıb
Ümumilikdə, Azərbaycan-ABŞ münasibətləri yeni mərhələdə daha dərin, çoxşaxəli və institusional xarakter alır. Təhlükəsizlik, enerji, iqtisadiyyat və diplomatiya sahələrində əməkdaşlıq tərəflər arasında strateji tərəfdaşlığın möhkəm əsaslar üzərində qurulduğunu göstərir. ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Bakıya səfərləri bu münasibətlərin təsadüfi deyil, uzunmüddətli strateji maraqlara söykəndiyini təsdiqləyir. Bu həm də onu deməyə əsas verir ki, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ ilə Azərbaycan arasındakı münasibətlər artıq fərqli koturlarla inkişaf edir - indiki dövrdə yaranan mühüm perspektivlər də göz önündədir. Belə ki:
- Azərbaycanın apardığı siyasət ABŞ-ın ölkəmizə olan diqqətinin artmasında əhəmiyyətli rol oynayır;
- ABŞ qlobal səviyyədə təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlərdə ardıcıl siyasət yürüdür və Azərbaycan hər zaman rəsmi Vaşinqtonun vacib tərəfdaşı qismində çıxış edib;
- Enerji və iqtisadi mövzularda, qaçaqmalçılıqla, kibercinayətkarlıqla, iqtisadi cinayətkarlıqla mübarizədə iki dövlət hər zaman eyni mövqedən çıxış edir;
- Regionda sülhün formalaşması yeni iqtisadi mühitin formalaşmasına yol açacaq ki, ABŞ bu əməkdaşlıq mühitində real oyunçulardan birinə çevrilib.
Azərbaycanın regional liderlik mövqeyi, müstəqil xarici siyasəti və qlobal təşəbbüslərdə fəal iştirakı Vaşinqton üçün ölkəmizi əvəzolunmaz tərəfdaş kimi önə çıxarır. Qarşıdakı dövrdə Bakı-Vaşinqton xəttində əməkdaşlığın daha da dərinləşəcəyi və bu münasibətlərin Cənubi Qafqazda sülh, sabitlik və rifahın təmin olunmasına mühüm töhfə verəcəyi gözlənilir.
Pərviz SADAYOĞLU