RU

Boyumuz qısalır: Bu qidalara diqqət edin - ARAŞDIRMA

Uzun illərdir ki, Azərbaycanda uşaqların boy artımının lazimi səviyyədə olmaması ilə bağlı fikirlər səslənir. Təsadüfü deyil ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı da ölkəmizdə bununla bağlı vəziyyətin ürəkaçan olmaması bir daha vurğulanıb.

Deputat Hikmət Məmmədov məktəb bufetlərində uşaqlara satılmaq üçün xüsusi menyunun hazırlanmasını təklif edib. Həmçinin, bu məsələnin məktəb ətrafında qida vasitələri satan marketlərə də şamil oluna biləcəyini deyib.

Uşaqların boyunda geriləmənin əsas səbəbləri nələrdir? Bunun qida ilə əlaqəsi varmı? Məktəblərdə uşaqlar üçün xüsusi menyu hazırlanarsa, bu necə təşkil edilməlidir?

Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə məlumatlarına görə, ölkəmizdə 15 yaşdan yuxarı əhalinin orta boyu 167, 4 sm-dir. Əhali arasında kişilərin orta boyu 171,5 sm, qadınların orta boyu isə 163,7 sm-dir. 2023-cü ildə isə 15 yaşdan yuxarı əhalinin orta boyu 167, 3 sm olub. Əhali arasında kişilərin orta boyu 171,3 sm, qadınların orta boyu isə 163,6 sm olub.

Uşaqların boyunu nəzarətdə saxlamaq lazımdır

Mövzu ilə bağlı Teleqraf-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanda boy artımında geriləmə 1990-cı illərdən başlayıb daha sonra kütləvi hal alıb:

“Mən bu mövzuya kompleks yanaşmanın tərəfdarıyam. Səbəblər araşdırılmalı və aradan qaldırılmalıdır. Yəni bu problem sadəcə qidalanma ilə bağlı deyil.

Bu məsələyə yanaşma ananın hamiləlik dövründən başlanmalıdır. Həmin dövrdə anada anemiya, vitamin çatışmazlığı olarsa və ana infeksion xəstəlik keçirərsə, uşağın boy artımına ciddi mənfi təsir göstərə bilər. Həmçinin uşaqların boy artımını 0-3 yaş arası nəzarətdə saxlamaq lazımdır. Əgər bu dövrdə uşaq öz normal boyuna gəlib çatmırsa, sonrakı yaşlarda da boy artımından geri qala bilir.

Digər səbəb isə genetik faktordur”.

Deputatın fikrincə, məktəblərdə 4-cü sinfə qədər uşaqlara dövlət hesabına gündə 1 dəfə isti yeməklər, xüsusilə, süd tərkibli qidalar verilməlidir.

"Eyni zamanda ən azından ildə üç dəfə boy, çəki və intellektlə bağlı testlər aparılmalıdır. Normadan geri qalan uşaqlara xüsusi qida və həyat tərzi rejimi tətbiq edilməlidir.

Bu mənada biz Çinin və Qazaxıstanın müsbət təcrübəsini də öyrənə, tətbiq edə bilərik. Vaxtı ilə həmin ölkələrdə çox kiçik boylu insanlar olub, amma indi orada çok kiçik boylu insanlara rast gəlmək nadir hadisədir. Bu prosesi Yaponiyada da gördük.

Təəssüf ki, bizdə çox vaxt kiçik yaşlardan uşaqlara planşet kimi vasitələr verilir. Uşaq da bütün günü müxtəlif formalarda oturur. Bu da onun boy artımına və bel sütununun normal inkişafına mənfi təsir göstərir. Buna görə də məsələyə kompleks formada sistemli yanaşmaq lazımdır. Sistemli halda bunun qarşısını alsaq 20 ilə müsbət nəticə əldə edəcəyik".

Sağlam qida vərdişi olan uşaqlar çox azdır

Respublika Endokrinologiya Mərkəzinin həkim endokrinoloqu, pediatr Könül Səmədovanın sözlərinə görə, sağlam qida vərdişi yaradılmış uşaq gələcəkdə ürək-damar sistemi, şəkərli diabet, piylənmə kimi xəstəliklərdən əziyyət çəkməz.

"Beləliklə, dövlətin maddi vəsaitinin bu xəstəliklərin müalicəsi üçün sərf olunan maliyyə xərclərinin qarşısı alınmış olar".

O qeyd edib ki, son dövrlərdə ölkəmizdə xüsusilə, qız uşaqlarının artıq çəki ilə əlaqədar erkən cinsi inkişafa daxil olduğunu müşahidə etmək mümkündür. Buna görə də onlarda boy gerilikləri, xüsusilə, müşahidə olunur.

O, uşaqlar üçün menyuda, əsasən, balanslı qidalanmaya diqqət edilməli olduğunu deyib:

"Həkim - dietoloq və endokrinoloqlar tərəfindən təsdiqlənmiş menyular olsa, daha məqsədəuyğun olar. Balanslı qidalanma dedikdə həm protein, həm də karbohidrat, yağ balansının qorunması nəzərdə tutulur.

Boy artıran qidalar, əsasən, protein və zülallardır. Bunlar ət və ət məhsullarında, süd və süd məhsullarında daha çox olur. Bu qidalara üstünlük verilməsi boy artımına kömək edir".

1 ovucu keçməyəcək şəkildə çərəz qəbulu vacibdir

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova boy artımının hamiləlik dövründən başlayaraq 18 yaşa qədər davam etdiyini bildirib.

“Əsas faktorlardan qidalanmanı qeyd etsək də, sağlam həyat tərzi, fiziki aktivlik, yuxu rejimi də önəmli rol oynayır. Bunlardan əlavə, 65-70% genetik faktorlardan asılıdır. Boy artımının düzgün inkişaf etməsi üçün mütləq sağlam balanslaşdırılmış qidalanma olmalıdır. Bu, vacib şərtlərdən biridir.

Yaş kateqoriyasına uyğun olaraq həftədə 2-3 dəfə yumurta qəbulu, süd və süd məhsullarından daha çox istifadə etmək, mövsümü meyvə-tərəvəzlərin gündəlik yeyilməsi, 1 ovucu keçməyəcək şəkildə çərəz qəbulu vacibdir. Gündəlik orqanizm tələbatına uyğun olaraq mütləq su içilməlidir. Qırmızı ət, balıq, dəniz məhsulları da önəmli qidalardan hesab olunur. Rəf ömrü uzun olan, paketlənmiş, kimyəvi qatqılarla hazırlanmış qidalardan uzaq olmaq lazımdır”, - o bildirib.

M.Hüseynovanın sözlərinə görə, yuxu da ən önəmli faktorlardan biridir:

“Vaxtında yatmaq boy artımında önəmli rol oynayır. Yuxuda ifraz olunan təbii hormonlar birbaşa boy harmonu da adlana bilər. 18 yaşa qədər hər kəsin gecə saat 22:00 və ya 22:30-dan etibarən yatmağı vacibdir. Yatmadan öncə yuxunun pozulmaması üçün elektron cihazlardan uzaq olmaq lazımdır. 1-3 yaş arası uşaqlar üçün 12-14 saat, 4-6 və 7-12 yaş arası uşaqlar isə 9-12 saat arasında yuxu rejimi olmalıdır. 13-17 yaş olduqda isə 8-10 saat yatmaq normal hesab olunur. Sağlam həyat tərzi, müntəzəm idman (yürüyüş, qaçış, üzgüçülük, velosiped sürmək) olmalıdır. Hoppanmaq, tullanmaq kimi hərəkətlərin olduğu idman növləri də boy artımında önəmlidir”.

Qida eksperti Fərid Səfərov bildirib ki, boy artımının zəifləməsində bir neçə amil ciddi rol oynayır. Bunlara zülal, kalsium, D vitamini, sink və dəmir çatışmazlığı, sürətli, enerji yüksək, amma qida dəyəri zəif (fast food, paketlənmiş məhsullar), fiziki aktivliyin azalması, yuxu rejiminin pozulması kimi amillər aiddir. Yəni problem var və bunun qida ilə əlaqəsi az deyil".

Boya müsbət və mənfi təsir edən qidalar

Qida eksperti, boy artımı üçün əsasən sümük və əzələ inkişafını dəstəkləyən qidaların vacib olduğunu vurğulayıb:

"Süd və süd məhsulları (qatıq, kefir, pendir) kalsium və zülal mənbəyidir. Yumurta yüksək keyfiyyətli zülal və D vitaminidir. Ət, toyuq, balıq isə zülal, dəmir, sinkdir. Paxlalılar (mərcimək, noxud) bitki zülalıdır. Yaşıl yarpaqlı tərəvəzlər isə kalsium və maqneziumdur. Qoz-fındıq, toxumlar mineral balansı üçündür. Meyvələr isə vitaminlər və antioksidantlardır. Əksinə, qazlı içkilər, şirniyyatlar, çipslər və yüksək duzlu məhsullar kalsiumun mənimsənilməsini azaldaraq boy artımına mənfi təsir göstərə bilər".

Məktəblərdə xüsusi menyu hazırlanarsa, necə olmalıdır?

F. Səfərov məktəblərdə hazırlana biləcək xüsusi menyu haqqında da danışıb.

"Deputatın təklifi çox yerindədir, amma menyu sadəcə “tox tutan” yox, elmi əsaslı olmalıdır.Belə menyuda diqqət edilməli əsas məqamlar mövcuddur. Zülal mütləq olmalıdır (yumurta, pendir, qatıq, ət məhsulu). Şəkər və duz minimum səviyyədə saxlanmalıdı. Qazlı və şirin içkilər əvəzinə su, ayran, kefir olmalıdır. Ağ undan hazırlanmış məhsullar yerinə tam taxıllı çörək olmalıdır. Qızardılmış yox, bişmiş və sobada hazırlanmış qidalar olmalıdır. Menyu yaşa uyğun porsiyalarla tərtib edilməlidir", - qida eksperti vurğulayıb.

Onun sözlərinə görə, uşaqlarda boy artımında müşahidə olunan geriləmə təsadüfi deyil:

"Qidalanma bu problemin mərkəzində dayanır. Məktəblərdə sağlam qida mühitinin yaradılması, bufet və ətraf marketlərin nəzarətə götürülməsi uzunmüddətli sağlam nəsil üçün vacib addımdır. Düzgün menyu təkcə boyu yox, ümumi sağlamlığı da qoruyar".

Избранный
16
2
moderator.az

3Источники