"Bu gün xüsusilə ağıllı telefonların, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri gündən-günə daha da artmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbili çalınmaqdadır. Düşünürəm ki, uşaq və yeniyetmələrin bu zərərli təsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlər barədə düşünməyə ehtiyac var".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov bildirdi.
Parlamentari bildirdi ki, bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik:
"Təəssüf ki, bu gün istənilən yeniyetmə bu oyunlara sərbəst çıxış imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var. Onu da qeyd edim ki, artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Artıq bir sıra Avropa ölkələri, o cümlədən İtaliyada və İspaniyada bir sıra qərarlar və qanunların qəbul edilməsinə başlanılıb. Düşünürəm ki, artıq ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac var. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərin qarşısını almaq daha da çətinləşəcək. Heç şübhəsiz ki, bu məsələdə həm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə işinə daha çox diqqət yetirməli, onlarla daha çox ünsiyyətdə olmalıdır".
Nuriyyə NATİQQIZI