RU

Sülh müqaviləsi BU AY imzalanacaq? – FÜRSƏT pəncərəsi qapanmamış...

Siyasi müşahidəçilərin əsas diqqəti sövq-təbii ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Güney Qafqaza səfərinə yönəlib. Daha doğrusu, onun iki ölkəsinə - cəmi 6 ay öncə sülh müqaviləsini məhz Ağ Evdə paraflamış Azərbaycan və Ermənistana.

Bu mənada səfər yəqin ki, ikitərəfli və çoxtərəfli münasibətlərdə, habelə regionla bağlı Birləşmiş Ştatların siyasətində konkret bir mərhələnin yekunu, növbəti mərhələ üçün isə yeni anonslarla yadda qalacaq. Güney Qafqaza yönəlik “Yol xəritəsi” bir az da cilalanmış hala gələcək.

Rusiya və İran faktorları öz yerində, söhbət həm də Tramp Amerikasının iqtisadi-ticari maraqlarının regionda yavaş-yavaş oturuşmasından gedir. Zəngəzur dəhlizi (TRIPP marşrutunun) bu xüsusda daha irəli aparılacağı gözlənilir. Bundan isə ən çox rahatsız olacaq paytaxtlar çoxdan bəlli – Moskva və Tehran...

Bəzi ehtimallara görə, hətta fevralın 19-da Sülh Şurasının Ağ Evdə keçiriləcək ilk sammiti çərçivəsində Vaşinqtonun təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin erkən imzalanması da mümkündür. Ki, Rusiyanın aranı qarışdırmaq və sənədə əngəl olmaq imkanları minimuma ensin. Hərçənd, Bakının əsas tələbi bəlli: Ermənistan Konstitusiyasından ərazi iddiası ilə bağlı müddəa çıxarılmalıdır. Bəs bu tələb necə olacaq?

Yeganə ağla batan versiya bu ola bilər: rəsmi Bakı erkən imzalanmaya və sərhədlərin açılmasına o şərtlə gedər ki, sənəd parlamentlərdə ratifikasiya olunanadək İrəvan konkret tarixdə (2-3-4 aya) referendum keçirib konstitusiyasını dəyişmək haqda Vaşinqton qarşısında öhdəlik götürsün. Əks halda, Azərbaycan müqavilədən çıxmış sayılacaq.

Bu əlbəttə ki, bizim ehtimalımızdır. Bunlar olmaya da bilər. Hərgah, aydındır ki, sülh sənədi imzalanmayınca məxsusən Moskvanın iki xalqı təzədən toqquşdurmaqla bağlı planları öz aktuallığını saxlayacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda legitim hərbi bazaları, sərhəd qüvvələri (FTX) var. İranın mövqeyi də aşağı-yuxarı məlum...

Şübhəsiz, təlatümlü bir dönəmdə yaxşı olardı ki, sülh müqaviləsi tez imzalansın. Həm müharibə versiyasını tam sıfırlamaq, həm də şimal və cənub qonşuların təxribatçı planlarını pozmaq üçün sənədin Rusiyanın başı Ukraynaya qarışmışkən imzalanıb ratifikasiya edilməsi ideal variant olardı. Bu isə daha çox Ermənistandan və onun əhalisinin sülhə nə dərəcədə can atmasından asılıdır. O Ermənistan ki, əfsus ki, Moskvanın orbitindən Azərbaycan və ya Gürcüstan qədər uzaqlaşa bilməyib.

Zaman isə gedir. Fürsət pəncərəsi tədricən bağlanır. Çünki Ukrayna ilə bağlı hər hansı anlaşma və ya atəşkəs Rusiyanın əl-qolunu aça bilər. Bunun kifayət qədər simptomları da var. Moskvadan gələn hədə-təhdidlərə qulaq vermək kifayətdir...

“Cənubi Qafqazda Ukrayna müharibəsindən sonra Rusiyadan gələn təhlükədən dolayı narahatlıq var”.

Bunu Finlandiya prezidenti Aleksandr Stubb “Foreign Affairs” jurnalına verdiyi müsahibədə müharibədən sonra Moskvadan Finlandiyaya və ya digər NATO ölkələrinə təhlükə görüb-görməməsi ilə bağlı suala cavab olaraq deyib.

“Ermənistan, Azərbaycan və Gürcüstandakı, həmçinin, Orta Asiyadakı dostlarımla nə qədər çox danışıramsa, bir o qədər əmin oluram ki, onlar bizim narahat olduğumuzdan daha çox narahatdırlar”, - Finlandiya lideri Rusiya amilini nəzərdə tutaraq vurğulayıb.

“Şimal ayısı”ndan ehtiyatlanmağa isə dəyər. Duqinlərin, solovyovların, zatulinlərin şantaj-təhdidlərini heç kim unutmayıb. Hərçənd, “sirkə nə qədər tünd olsa, öz qabını sındırar”. Gələcəkləri varsa, görəcəkləri də olacaq. Ümid edək ki, Rusiya ötən əsrdəki səhvlərini təkrarlamayacaq...

Z. SƏFƏROĞLU

Избранный
10
2
ekologiya.az

3Источники