RU

Ukrayna hücuma keçir? – ŞOK DETALLAR açıqlandı 

Ukrayna ordusunun Zaporojye və Dnepropetrovsk vilayətlərinin sərhədində guya genişmiqyaslı əks-hücum həyata keçirməsi ilə bağlı yayılan məlumatlar saxtadır.

NOCOMMENT.az xəbər verir ki, bunu haqqin.az-a müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq sözçüsü, tanınmış hərbi ekspert Vladislav Selyoznyov bildirib.

Onun sözlərinə görə, söhbət Rusiya Z-kanalları, hərbi blogerlər və təbliğatçılar tərəfindən məqsədli şəkildə yayılan dezinformasiyadan gedir. Bu məlumatlar bəzi Ukrayna və xarici KİV-lər tərəfindən də tirajlanaraq təsir gücünü artırıb. Ekspert vurğulayıb ki, bu cür saxta xəbərlər Rusiyanın Ukraynaya qarşı sistemli şəkildə apardığı hibrid müharibənin tərkib hissəsidir.

“Bəli, Ternovatoye ərazisində, Zaporojye və Dnepropetrovsk vilayətlərinin sərhədində, eləcə də cəbhənin digər sahələrində döyüşlər gedir, ayrı-ayrı taktiki əks-hücum epizodları baş verir. Amma bu, lokal əməliyyatlardır. Üç hücum polkunun və iki briqadanın iştirakı ilə genişmiqyaslı hücumdan söhbət gedə bilməz”, – deyə Selyoznyov qeyd edib.

Provokativ məlumatın arxasında nə dayanır?

Ekspertin fikrincə, bu dezinformasiyanın bir neçə məqsədi var.

Əvvəlcə Rusiya tərəfi “böyük Ukrayna hücumu” barədə məlumat yayır, sonra isə guya bu hücumun dəf edildiyini və Rusiya ordusunun “qələbə qazandığını” elan edir. Beləliklə, ictimai rəyə uğur görüntüsü təqdim olunur və daxili auditoriya üçün əlverişli mənzərə formalaşdırılır.

Selyoznyov hesab edir ki, bu, Ukrayna Silahlı Qüvvələrini demonizasiya etməyə yönəlmiş genişmiqyaslı informasiya-təbliğat əməliyyatının bir hissəsidir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, “hücum” barədə xəbərlər Kiyev və Moskva arasında Əbu-Dabidə keçirilən danışıqlarla eyni vaxta təsadüf edir.

Onun sözlərinə görə, Rusiyanın məqsədi Ukraynanı danışıqları pozan tərəf kimi təqdim etməkdir:

“Bu cür təbliğat sxemlərindən Kreml hələ 2014-cü ildə Krım və Sevastopol hadisələri zamanı istifadə edib”.

Ekspert xatırladıb ki, Rusiya Baş Qərargahının hazırkı rəisi Valeri Gerasimov hibrid müharibə konsepsiyasının müəlliflərindən biri hesab olunur. Bu konsepsiyada informasiya təzyiqi, psixoloji əməliyyatlar və ictimai rəyin manipulyasiyası əsas rol oynayır. Bu baxımdan “kütləvi əks-hücum” iddiaları Avropa və Qərb müttəfiqlərinə hesablanmış informasiya kampaniyasının tərkib hissəsidir.

“Kiyevi tərəfdaşları qarşısında etibarsız və təxribatçı tərəf kimi göstərməyə çalışırlar. Halbuki danışıqların pozulması üçün əsasları yaradan məhz Rusiyadır. Üstəlik, onun hərəkətləri getdikcə soyqırım əlamətləri daşıyır – sərt şaxtalar zamanı enerji infrastrukturuna zərbələr endirilir”, – deyə Selyoznyov vurğulayıb.

Cəbhədə real vəziyyət

Cəbhədəki real vəziyyəti şərh edən ekspert bildirib ki, son iki sutka ərzində xeyli sayda toqquşma baş verib. Onun məlumatına görə, Rusiya tərəfinin itkiləri təxminən 1250 ölü və yaralı təşkil edib.

Ən gərgin vəziyyət isə Zaporojye-Dnepropetrovsk sərhədində deyil.

“Əsas döyüş intensivliyi – təxminən 75 toqquşma – Pokrovsk və Mirnoqrad istiqamətlərində qeydə alınıb. Hazırda ən mürəkkəb vəziyyət məhz oradadır. Düşmən Pokrovsk və Mirnoqradın şimal rayonlarına sızmaqda davam edir”, – deyə o bildirib.

Selyoznyov etiraf edib ki, Ukrayna bu şəhərlərin bəzi məhəllələrinə nəzarəti tədricən itirir və onların tam itirilməsi zaman məsələsinə çevrilə bilər.

Onun sözlərinə görə, Rusiya ordusu fəal şəkildə idarə olunan aviabombalardan, FPV-dronlardan və artilleriyadan istifadə edir. Piyada qruplar isə kiçik dəstələrlə müdafiə xəttinə sızmağa çalışır. Zirehli texnikadan isə daha az istifadə olunur, çünki döyüş meydanının “şəffaflığı” onu asan hədəfə çevirir.

Hər məhəllə uğrunda mübarizə

“Bu gün istənilən zirehli texnika bir neçə dronun hədəfinə çevrilir. Nə qədər müasir və elektron mübarizə vasitələri ilə təchiz olunsa da, yenə də məhv edilir – bir yox, beş-on zərbə ilə. Belə şəraitdə sağ qalmaq çox çətindir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu zəiflik Ukrayna texnikasına da aiddir. Nəticədə cəbhə xətti dinamik olaraq qalır, lakin genişmiqyaslı irəliləyişlər müşahidə edilmir. Düşmən əsasən 2–3 nəfərlik kiçik hücum qrupları ilə fəaliyyət göstərir, gizli şəkildə müdafiənin dərinliyinə daxil olaraq gərginlik ocaqları yaradır.

Bu taktika xüsusilə Kupyansk rayonunda nəzərə çarpır. Hazırda orada 50–70 nəfərədək Rusiya hərbçisi zirzəmilərdə gizlənərək vaxtaşırı döyüşlərə qoşulur. Bu isə şəhərin tam nəzarət altında olduğunu deməyə imkan vermir.

Selyoznyov vurğulayıb ki, Ukrayna Müdafiə Nazirliyi və Baş Qərargahın rəsmi məlumatları vəziyyəti ümumilikdə real əks etdirir. Döyüşlər əsasən mövqe xarakterlidir, Rusiya qoşunlarının irəliləyişi cüzi və ləngdir. Bununla belə, 1100 kilometrdən artıq cəbhə xətti boyunca toqquşmalar davam edir.

Ekspertin fikrincə, əsas atəş təzyiqi faktoru idarə olunan aviabombalardır. Ötən həftə rekord qeydə alınıb – bir sutka ərzində Rusiya aviasiyası 300-dən çox belə sursatdan istifadə edib. Bu isə Ukrayna müdafiəsinə ciddi yük yaradır.

Tərcümə etdi: Əli Səfərli,
NOCOMMENT.az

Избранный
39
nocomment.az

1Источники