Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"İdrak" liseyində baş verən güllələnmə hadisəsindən sonra cəmiyyətdə müzakirə olunan mövzulardan biri də məktəblərdə kişi müəllimlərin azlığı məsələsidir. Xüsusilə indiki gənc nəsil oğlanların müəllim peşəsinə maraq göstərməməsi diqqət çəkir. Hətta bəzi gənclər arasında müəllimlik peşəsinin “kişi işi olmadığı” kimi yanlış və təhlükəli düşüncələr də formalaşıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Yusif Nəbiyev bildirdi ki, müəllimlik peşəsi haqqında bu tip fikirlər təkcə fərdlərin zövq və istəklərinin məhsulu deyil, cəmiyyətdə cinsi rolların necəliyindən və eləcə də müəllimlik peşəsinin bugünkü durumundan asılıdır:
"Cəmiyyətimiz kişidən güc, status və maddi təminat gözləyir. Müəllimlik isə bu gün bunu verə bilmir. Uzun illərdir aşağı maaşlı bir peşə olması az imiş kimi, bu gün bu peşə artıq status da verə bilmir. Əvvəl müəllimlər şagirdlər üzərində avtoritet fiquru idilər. Öz qaydalarını tətbiq edə bilirdilər. O qaydalara uymayanlara cəza da verə bilirdilər. Bu gün nə qədər bəyənilməyən bir davranış olsa da, əvvəl müəllimlər hətta şagirdlərə fiziki cəzalar da verə bilirdilər. Müəllimin cəzalandırdığı şagird valideyn tərəfindən müdafiə olunmurdu, əksinə, ikinci cəzanı və ya tənbehi də valideyndən alırdı. Bütün bunların pis və ya yaxşı bir hal olduğunu müzakirə edə bilərik, amma bu birmənalıdır ki, bütün bunlar müəllimlərə status sahibi və güc fiquru olmaq imkanı verirdi".
Müsahibimiz əlavə etdi ki, hazırda isə müəllim praktiki olaraq istənilən növ cəzavermə səlahiyyətindən məhrumdur:
"Şagirdlər daha ərköyün və üstəlik valideyn qoruması altındadır. Belə bir şəraitdə, müəllim heç bir qaydanı diqtə edə bilmir, qaydalarına uymayan uşaqlara qarşı da heç bir tədbir görə bilmir. Ən optimal variant müdiriyyətə şikayət etməkdir, amma bu da şagird çox ifrata varmadığı müddətcə heç bir real təsir və ya cəza tədbiri gərəkdirmir. Müəllimlərə emosional və psixoloji olaraq iradəli olmaq, “səbirli olmaq” kimi, əslində, passiv güc tələb edən, amma zahirən isə gücsüzlük, çarəsizlik kimi görünən çıxış yolları qalır. Get-gedə materialistləşən dünyada əsas güc vahidinin pul və maddiyyat olduğunu nəzərə alsaq, bundan da məhrum olan bir müəllimin, güc, status, gəlir hədəfləyən bir oğlan uşağı üçün əlbəttə ki, cazibədar bir peşə olmayacağı dəqiqdir. Burada problem təkcə gənclərin fərdi düşüncəsində deyil, sistemin özündədir. Müəllimlik peşəsi cəmiyyətdə nüfuz, prestij və güc istehsal etmədiyi müddətcə, “hörmət” anlayışını çox vaxt maaş, vəzifə və səlahiyyətlə ölçən materialist cəmiyyət üçün, müəllimlik heç vaxt cazibədar seçim olmayacaq. Ona görə də məktəblərin "qadınlaşmasına", kişi müəllimlərin nadir növə çevrilməsinə təəccüblənməməliyik".
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.