Ekspertin sözlərinə görə, İslam Səfərli küçəsinin yenidən qurulmasının əsas məqsədi Qış Parkı ilə Fəvvarələr Meydanı arasında birləşdirici həlqə yaratmaqdır. İslam Səfərli küçəsi doqquz digər küçə ilə kəsişir: Mirzəağa Əliyev, Dilara Əliyeva, Bəşir Səfəroğlu, Molla Vəli Vidadi, Süleyman Tağızadə, Nizami və Lev Tolstoy küçələri. “Bu küçələrlə nəqliyyat əlaqəsi saxlanılacaq, lakin piyada üstünlüyü təmin ediləcək. Kəsişmələrdə sürücüləri sürəti azaltmağa məcbur edəcək qaldırılmış piyada keçidləri salınacaq. Gözlənilir ki, nəqliyyatın ən sıx axını tranzit funksiyası daşıdığı üçün Lev Tolstoy küçəsində qalacaq, lakin orada da üstünlük piyadalara veriləcək. Fövqəladə hallar zamanı isə xüsusi təyinatlı nəqliyyat vasitələri zərurət yarandıqda bu küçədən maneəsiz keçə biləcək”, - deyə R. Ağamirzoyev bildirib. Nəqliyyat üzrə ekspert əlavə edib ki, oxşar sxem hazırda Fəvvarələr Meydanında və Nizami küçəsində də tətbiq olunur. “Fövqəladə hal” anlayışının özü operativ xidmətlərin hadisə yerinə mümkün qədər tez çatmasını təmin edən xüsusi hərəkət rejimini nəzərdə tutur. “Vacib hesab etdiyim bir məqam da budur: əgər piyada zonası yaradırıq və ərazilərin əlaqəliliyindən danışırıqsa, Qış Parkının hər iki tərəfində yerləşən küçələrdə işıqforla tənzimlənən yerüstü piyada keçidləri qurulmalıdır. Bu, insanların İslam Səfərli küçəsi istiqamətində və geriyə -Füzuli küçəsinə doğru eyni səviyyədə, yeraltı və ya yerüstü keçidlərdən istifadə etmədən rahat hərəkət etməsinə imkan verər”, - deyə ekspert fikrini yekunlaşdırıb. Biz də öz növbəmizdə ümid edirik ki, qarşıdakı dəyişikliklər Bakını daha da gözəlləşdirəcək. Tarixi küçələrin müasir piyada məkanlarına çevrilməsi şəhər həyatının keyfiyyətinə mühüm sərmayədir. İşlərin miqyası ilə bağlı müvəqqəti narahatlıqlara baxmayaraq, yenilənmiş ərazi təhlükəsizlik, əlçatanlıq və estetik dəyərlərin vəhdət təşkil etdiyi, dünyanın ən gözəl şəhərlərindən birinə layiq sevimli gəzinti marşrutuna çevriləcək. Müəllif: Faiqə Məmmədova FOTO - VİDEO: Nadir İbrahimli 









