Bu gün Azərbaycan süni intellekt, data və kibertəhlükəsizliyə fokuslanıb.
“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müşaviri Vurğun Hacıyev Bakıda keçirilən "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" Forumunda bildirib.
"Bütün ölkələri süni intellektə fokuslanıb. Azərbaycanda da "GovTech" vasitəsilə (Hökumət Texnologiyaları) dövlət və özəl sektor buna fokuslanmağa başlayıb. Mən bir çox bloqlarımda qeyd edirəm ki, Azərbaycanda və digər dövlətlərdə süni intellektlə bağlı hansısa bir fokusu əldən qaçırsaq, hansısa ciddi prosesi qaçırtmış olacağıq. Ona görə də bizim əsas fokusumuz istedaddır. Məlumdur ki, Azərbaycanın riyaziyyat məktəbi çox güclüdür. Bu məktəbin üzərində ciddi bir talant məktəbi qurulmalı idi və buna görə bizim ölkəmizdə Süni İntellekt Akademiyaları yaradıkır, süni intellektlə bağlı bu yaxınlarda universitetlərdə tədrislər olacaq. Fokusumuz bunadır.
Bundan başqa, bildiyiniz kimi Azərbaycan alternativ enerji resurslarının üzərində fokuslanılıb ki, bu da süni intellektlə bağlı data mərkəzləri (data center) üçün çox önəmlidir. Hazırda mövcud data mərkəzlərinin enerjisi ilə süni intellekt data mərkəzlərinin enerjisi arasında ciddi bir fərqk var. Ona görə də Azərbaycan buna çox fokuslanıb: süni intellektli data mərkəzləri qurmaq istəyir", - deyə o qeyd edib.
Bundan başqa, İRİA rəsmisinin sözlərinə görə, Türkiyə və Azərbaycan şirkətləri ortaq süni intellekt strukturlu məhsulla Avropa bazarına daxil ola bilərlər: "Bu gün türkdilli dövlətlərin arasında süni intellektlə bağlı bir strategiya var. Ortaq LLM (Böyük Dil Modelləri) üzərində çalışmaq istəyirik. Türkiyənin şirkətləri LLM-lər üzərində çalışırlar. Çünki dünyaya açılmaq asan deyil, süni intellekt ciddi bir investisiya tələb edir. Bu gün Avropada süni intellekt strukturlu məhsul bazarı boşdur. Burada biz nə isə edə bilərik, azı SLM (Kiçik Dil Modelləri) yarada bilərik".