Qar və buzdan sonra yolları qatı duman bürüyüb.
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində, Ağsu aşırımında, eləcə də Muğanlı–İsmayıllı yolunda qatı duman müşahidə olunur.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, iki saatdan artıqdır davam edən sıx duman səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda paytaxtdan şimal-qərb və Aran rayonlarına, eləcə də əks istiqamətdə hərəkət edən sürücülər üçün görmə məsafəsi xeyli azalıb. Bu səbəbdən nəqliyyat vasitələrinin sürəti saatda 40 kilometrdən yuxarı olmur.