RU

“Azyaşlılara bu filmləri göstərmək olmaz...” – Tanınmış animasiya rejissorundan ÇAĞIRIŞ

Kulturoloq Aydın Xan Əbilov vacib bir mövzuya toxunub.

Demokrat.az-a açıqlamasında o bildirib ki, Azərbaycan Dövlət Kino Agentliyi yarandıqdan sonra bir çox sahələrlə yanaşı, uşaqlar üçün filmlər, teleseriallar, eyni zamanda, cizgi filmlərinin çəkilməsi istiqamətində də müəyyən addımlar atılacağı gözlənilirdi, lakin bu, hələ də gözlənti olaraq qalır.
Onun sözlərinə görə, digər sahələrdə, o cümlədən Bakı Media Mərkəzinin iştirakı ilə müəyyən yeniliklər edilib:
“Cizgi filmləri sahəsində ayrıca bir kinostudiya var, “Azan-Film” adlanır. Onlar bu yaxınlarda bir neçə cizgi filmi, hətta cizgi film serialları ilə bağlı addımlar atıblar. Həmçinin, Heydər Əliyev Fondunun dəstəyi ilə kiçik filmlər çəkilib. Bu yaxınlarda Gəncədə həmin cizgi filmlərinin təqdimatı keçirildi və Arzu Əliyevanın iştirakı ilə təqdimat baş tutdu”.
Kulturoloq dil məsələsini də burada xüsusi əhəmiyyət daşıdığını deyir:
“Azərbaycan dövlət dilinin estetik əsərlərdə inkişafı vacibdir. Ana dili xüsusən azyaşlı uşaqlarda şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Məktəblərdə ana dilində uşaq və cizgi filmlərinin ayrıca seans kimi nümayişini təşkil etmək lazımdır. Niyə məktəblərdə cizgi filmi gecələri olmasın. Eyni zamanda, "TikTok", "YouTube"və digər platformalar üçün süni intellekt və kompüter proqramları ilə hazırlanmış cizgi filmləri, seriallar və layihələr hazırlanmalıdır”.
Elçin Hami Axundov, cizgi rəssamı
Azərbaycanın tanınmış animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “İlk olaraq insanların çox işlətdiyi cizgi filmi anlayışına toxunum. Ən düzgün termin “animasiya kimi” deməkdir. Cizgi qrafik işlərinə deyilir. Animasiya isə hansısa əşyanın canlandırılmasıdır.
Uşaqların tərbiyəsində animasiya filminin rolu çox böyükdür. Biz neçə nəsil artıq itirmişik. Uzun müddət Azərbaycan animasiya filmləri çəkilməyib, durğunluq dövrü olub. Ona görə də bizim uşaqlar ingilis, rus dillərində, türkiyə türkcəsində filmlərə baxmağa məcbur qalırlar. Bəzən isə bu, tamamilə bizə zidd mədəniyyət olur. Ona görə animasiya filmi bizim üçün çox vacibdir. Milli ənənələrimizi, nağıllarımızı, folklorumuzu animasiya vasitəsilə uşaqlara çatdırmalıyıq.
Əlbəttə, məktəblərdə də, uşaq bağçalarında da animasiyaların göstərilməsi lazımdır. Amma burada yaş fərqi nəzərə alınmalıdır. Biz vaxtilə filmi təhvil verməmişdən əvvəl uşaqları dəvət edirdik, onların rəyini öyrənirdim. İradlarını bildirirdilər, montajı yenidən edirdim. Belə bir münasibət var idi”.
“Son vaxtlar uşaqlar arasında aqressiyanın yaranmasının səbəbini niyə xarici animasiyaların və oyunların təhlükəli olması ilə izah edirlər” sualına animasiya rejissoru belə cavab verib:
“Əlbəttə, bu oyunlar təhlükə mənbəyidir. Uşaqların baxdıqları filmlərin onların tərbiyəsinə, davranışına, əxlaqına böyük təsiri var. İndi o qədər xarici filmlər var ki, tərbiyə məqsədi güdmür. Xüsusilə 6-7 yaşlı uşaqlara belə filmləri göstərmək olmaz. Yeniyetmələri də folklorumuza yönəltmək lazımdır. Amma orada da seçim edilməlidir. Bəzi Azərbaycan nağılları kifayət qədər qəddardır – ciyərini çıxartdı, qanını içdi və s. Burada da düzgün seçim vacibdir.
“Tık-Tık xanım”ı 1974-cü ildə çəkmişik. Nağılda siçan bəy deyir ki, əlini mənə bəstərəcik, o deyir yox, mən səndən küsdərəcik. Axırda deyir: küsdərəcik, küsdərəcik, başına bir daş əndərəcik. Biz bunu başqa cür həll etdik. “Başına bir daş əndərəcik” ifadəsini “quyruq göstərəcik”lə əvəzlədik. 30 ildir çıxışlarımda deyirəm ki, hər bir televiziya kanalında psixoloq olmalıdır və efirə gedən filmləri seçməlidir: uşaqlara göstərmək olar, ya yox. Əfsuslar olsun ki, indi buna baxan yoxdur. Kim necə istəyir, elə də göstərir. Guya ki, bununla pul qazanırlar”.
Избранный
152
yenilik.az

1Источники