RU

Cey Di Vensin Azərbaycana səfəri dünya mediasının diqqət mərkəzində olub

Strateji Tərəfdaşlıq Xartiyası və birgə bəyanat beynəlxalq KİV-lərdə geniş işıqlandırılıb, səfər Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələ kimi qiymətləndirilir...

Poliqon xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri dünya mediasında geniş rezonans doğurub. Səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, həmçinin Prezident İlham Əliyev və Vensin birgə bəyanatı aparıcı beynəlxalq media qurumlarının diqqət mərkəzində olub.

ABŞ-nin nüfuzlu media orqanları - Associated Press, Fox News, CNN, The Washington Post, Reuters, PBS, Forbes, C-Span və digərləri səfərin siyasi və geosiyasi əhəmiyyətini geniş təhlil ediblər. “The Washington Post” nəşri TRIPP adlı yeni tranzit-ticarət marşrutunun yaradılması planları barədə məlumat yayıb. Bildirilib ki, bu marşrut Azərbaycanı Ermənistan üzərindən Naxçıvan və Türkiyə ilə birləşdirəcək və regionda nəqliyyat-kommunikasiya xəritəsini dəyişə bilər.

PBS telekanalı Prezident İlham Əliyevin çıxışından sitatlar təqdim edərək, son altı ayda regionda sülhün qorunub saxlanıldığını vurğulayıb və Prezident Donald Trampa Qafqazda sabitliyə verdiyi töhfəyə görə təşəkkür ifadə olunduğunu qeyd edib.

“New York Post” isə Azərbaycanın ABŞ-ni Əfqanıstanda dəstəkləməkdə oynadığı rolu önə çəkib və dəniz təhlükəsizliyi sahəsində yeni yardım paketinin elan edildiyini diqqətə çatdırıb.

“Reuters” Agentliyi ABŞ və Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu yazıb və Vaşinqtonun Azərbaycanın ərazi sularının qorunması üçün gəmilər göndərəcəyini bildirib. AFP agentliyi isə Vensin Xartiyanın imzalanmasından əvvəl Prezident İlham Əliyevlə keçirdiyi görüşə diqqət çəkərək, tərəflərin tərəfdaşlığın uzunmüddətli və institusional xarakter daşımasını hədəflədiyini vurğulayıb.

Səfər eyni zamanda Türkiyə, Rusiya, Almaniya və digər ölkələrin aparıcı media qurumlarında da geniş işıqlandırılıb. Beynəlxalq ekspertlər qeyd edirlər ki, bu səfər ABŞ-nin Cənubi Qafqazda təsir imkanlarını gücləndirmək, regionda yeni iqtisadi və təhlükəsizlik əməkdaşlığı mexanizmləri formalaşdırmaq niyyətinin göstəricisidir.

Analitiklərə görə, imzalanan Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında müdafiə, enerji, nəqliyyat, süni intellekt və dəniz təhlükəsizliyi sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hüquqi və siyasi baza yaradır. Bununla yanaşı, TRIPP layihəsi regionun tranzit potensialını artırmaqla Avropa və Asiya arasında alternativ marşrutun formalaşmasına töhfə verə bilər.

Beləliklə, Cey Di Vensin Bakıya səfəri yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi düzənində baş verən dəyişikliklər kontekstində də mühüm hadisə kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
50
18
poliqon.info

10Источники