RU

Nazirliklərdə rəqəmsallaşma üzrə müavin təyinatı nə vəd edir? (ŞƏRH)

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir". Bu sözləri Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib. 

"Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi  diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır”, deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, hər bir dövlət qurumunda, xüsusilə nazirliklərdə bu istiqamət üzrə ya yeni ştat vahidi yaradılsın, ya da mövcud müavinlərdən birinə bu sahə həvalə edilsin:

"Ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, bəşəriyyət bu gün inkişafın yeni mərhələsinə qədəm qoyub:

"İnformasiya texnologiyaları artıq bütün məlumatları hər kəs üçün əlçatan edib. Eyni zamanda, fəaliyyətin daha səmərəli təşkili üçün süni intellekt anlayışı prioritetə çevrilib. Azərbaycan da bu yeni sahəni vacib hesab edir. Prezidentin dünənki müşavirəsi göstərdi ki, o, dünyada baş verən yeniliklərə və yeni texnologiyalara daim böyük maraq göstərir. Süni intellekt informasiyaların toplanmasında, paylanmasında və həmin məlumatlar əsasında yeni təkliflərin hazırlanmasında mühüm rol oynayır. Düzdür, bunu insan da edə bilər, lakin süni intellekt daha sürətli və müxtəlif təcrübələri nəzərə almaqla daha səmərəli nəticə verir".

Deputat vurğulayıb ki, Azərbaycan süni intellektin yaradılması və tətbiqi mərhələsinə qədəm qoyur:

"Hər bir idarədə, o cümlədən nazirliklərdə bu sahə üzrə xüsusi bir rəhbər şəxsin fəaliyyət göstərməsi və digər qurum nümayəndələri ilə əlaqə saxlaması süni intellektin artıq ayrı-ayrı strukturların deyil, bütövlükdə cəmiyyətin istifadə etdiyi alətə çevrilməsinə kömək edəcək. Prezident məsələni çox düzgün qoydu. Hesab edirəm ki, bundan irəli gələrək biz dünyanın qabaqcıl ölkələrinin əldə etdiyi nailiyyətlərə qoşula biləcəyik. Dünən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin də bildirdiyi kimi, süni intellekt vasitəsilə Azərbaycan ildə 100 milyon dollar gəlir əldə edə bilər. Bu məbləğin qısa zamanda artırılaraq bir milyard dollara çatdırılması isə prioritet sahəmizin istiqamətini bir daha göstərir".

Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan bu sahədə həm xarici təcrübəni mənimsəyəcək, həm də öz təcrübəsini formalaşdıra biləcək.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, dünya artıq elə bir inkişaf səviyyəsinə çatıb ki, kibertəhlükəsizlik və süni intellekt həyatın və iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilir:

"Çünki süni intellektin inkişafı dünyaya təkcə müsbət dəyişikliklər gətirmir. Bu proses yalnız inkişafla nəticələnmir, eyni zamanda kiberhücumların aktivləşməsinə və onların qarşısının alınmasının daha mürəkkəbləşməsinə səbəb olur. Ona görə də belə vəzifənin hər bir dövlət qurumunda, nazirliklərdə yaradılması o deməkdir ki, bu, təkcə səlahiyyət deyil, həm də məsuliyyətdir. Prezidentin çıxışında da qeyd olundu ki, Azərbaycana zaman-zaman böyük kiberhücumlar edilir. Bu hücumlara görə konkret şəxslər cavab verməlidir. Həmin şəxslər yalnız səlahiyyət sahibi deyil, həm də məsuliyyət daşıyacaqlar".

Natiq Cəfərli əlavə edib ki, bundan sonra Azərbaycana qarşı kiberhücumlar təşkil olunarsa, həmin şəxs cavabdeh olacaq:

"Hazırda məsuliyyət zəifdir. Qurumlar bir-birinə istinad edərək bildirirlər ki, bunun qarşısını ala bilmədilər. İndi isə məsələ konkretləşir: həm səlahiyyət verilir, həm də məsuliyyət tələb olunur. Məncə, bu, doğru istiqamətdir. Bu istiqamətin nəticəsində Azərbaycana qarşı edilən kiberhücumlar zəifləyər və ya minimuma enərsə, bu, çox müsbət hal olar. Eyni zamanda, süni intellektin insanlığın inkişafı naminə tətbiqi dövlət qurumlarında da genişləndirilməlidir".

Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
qaynarinfo.az

1Источники