RU

ABŞ ilə strateji tərəfdaş olmaq böyük şərəfdir

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri Cənubi Qafqazda formalaşan yeni geopolitik reallıqlar fonunda mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. ABŞ Prezidenti Donald Tramp administrasiyasının əsas simalarından biri olan Vensin regiona səfəri 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş sülh prinsiplərinin artıq konkret iqtisadi layihələr və siyasi təminatlarla möhkəmləndirilməsi məqsədi daşıyır.

Vensin Cənubi Qafqaza səfəri Vaşinqtonun region ölkələri ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyinin növbəti təsdiqidir. Bu baxımdan ABŞ-nin Azərbaycanı təkcə enerji tərəfdaşı deyil, həm də regionun əsas güc mərkəzi və strateji sabitlik qütbü kimi qəbul etməsi iki ölkə arasında etimadın ən yüksək səviyyəyə çatdığını göstərir.

Səfər zamanı iki ölkə arasında münasibətlərdə yeni geopolitik mərhələnin başlanğıcını qoyan mühüm qərarların imzalanması ABŞ – Azərbaycan tərəfdaşlığının keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir. Təbii ki, səfərin əsas gündəm mövzularından biri regional sülh və təhlükəsizlik məsələləri olmuşdur. Ermənistan – Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində son dövrlərdə atılan addımlar fonunda ABŞ-ın bu prosesə siyasi dəstək vermək niyyəti açıq şəkildə görünür. Vaşinqtonun sülh gündəminə yüksək səviyyədə qoşulması tərəflər arasında etimadın möhkəmlənməsinə və əldə olunmuş razılaşmaların davamlığının təmin edilməsinə töhfə verə bilər. Bu isə ABŞ-nin regionda vasitəçi yox, daha çox təşviqedici və təminatçı faktor rolunu önə çıxarmaq istədiyini göstərir.

Səfər proqramının əsas istiqamətlərindən biri də TRIPP marşrutunun tam işlək vəziyyətə gətirilməsi üzrə növbəti addımların müzakirəsi olmuşdur. ABŞ administrasiyasının regionda ticarət və kommunikasiya dəhlizlərinin açılmasını dəstəkləməsi Azərbaycanın strateji nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirə bilər. TRIPP təşəbbüsü region ölkələri arasında nəqliyyat, logistika və ticarət əlaqələrinin genişləndirilməsini, eyni zamanda iqtisadi inteqrasiya vasitəsilə dayanıqlı sülhün təşviqini hədəfləyir. Xüsusilə Şərq – Qərb və Şimal – Cənub nəqliyyat marşrutları çərçivəsində Azərbaycanın iştirak etdiyi layihələr TRIPP təşəbbüsünün praktik reallaşması baxımından mühüm potensiala malikdir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi ABŞ tərəfindən strateji tərəfdaş qismində qiymətləndirilməsi də səfərin əsas məzmun istiqamətlərindən biridir. Bu kontekstdə enerji layihələrinin davamlılığı, yaşıl enerji sahəsində əməkdaşlıq və regional enerji sabitliyi məsələlərinin müzakirəsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edə bilər.

Bununla yanaşı, səfər çərçivəsində süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi ABŞ – Azərbaycan münasibətlərinin yeni iqtisadi və texnoloji ölçüsünü formalaşdırır. Texnologiya sahəsində birgə layihələr, informasiya təhlükəsizliyi və innovasiya mübadiləsinin gücləndirilməsi istiqamətində əlavə əməkdaşlıq mexanizmlərinin yaradılması iqtisadi əlaqələrin yalnız ənənəvi sahələrlə məhdudlaşmayaraq rəqəmsal iqtisadiyyat istiqamətində də genişlənməsinə imkan verə bilər.

Eyni zamanda Vensin səfəri ABŞ – Azərbaycan münasibətlərinin strateji dialoq səviyyəsinə keçidi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təhlükəsizlik, siyasi məsləhətləşmələr və beynəlxalq platformalarda koordinasiya məsələləri bu dialoqun əsas sütunlarını təşkil edə bilər. ABŞ-ın Azərbaycanla münasibətlərdə praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşma sərgiləməsi regional güclər arasında balansın qorunmasına da müsbət təsir göstərə bilər.

Bütün bu amillər göstərir ki, ABŞ – Azərbaycan – Cənubi Qafqaz münasibətlərində faktiki olaraq yeni bir mərhələ başlayır. Bu mərhələ ideoloji, siyasi və iqtisadi aspektlərdən təhlil edildikdə, Vensin səfərinin strateji əhəmiyyəti daha aydın görünür. Məhz bu səbəbdən sözügedən səfər Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə real töhfələr verə biləcək mühüm geopolitik hadisə kimi dəyərləndirilə bilər.

Bir sözlə, 30 il münaqişə şəraitində yaşamış, 2020-ci ilin sentyabrında başlayan və 44 gün sonra Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra sülhə doğru addımlayan Ermənistan və Azərbaycana ABŞ vitse-prezidentinin səfəri regionun gələcək siyasi arxitekturasına təsir göstərə biləcək mühüm diplomatik hadisə kimi qiymətləndirilməlidir.

İradə RİZAZADƏ,

Binəqədi  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Tərəqqi medalı təltifçisi

 

Избранный
19
1
xalqqazeti.az

3Источники