“Hazırda gözlərimiz önündə ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın yeni, tarixi mərhələsi başlayır. Bu vaxta qədər heç bir dövrdə Azərbaycan–ABŞ münasibətləri bu qədər genişmiqyaslı və dərin xarakter daşımayıb. İki ölkə arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Xartiya bunun ən bariz sübutudur”.
Bu fikirləri Hafta.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ vitse-prezidentinin Azərbaycana səfərinin əhəmiyyətini şərh edərkən bildirib.
Deputat qeyd edib ki, Xartiyada əksini tapan müddəalar onu deməyə əsas verir ki, sənəddə nəzərdə tutulan məsələlər icra olunduqdan sonra münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyacaq və daha yüksək səviyyəli strateji müttəfiqliyə aparan potensial formalaşacaq. Onun sözlərinə görə, bu, olduqca mühüm hadisədir. Çünki ABŞ dünyanın aparıcı güc mərkəzidir və belə bir dövlətlə münasibətlərin strateji müstəviyə yüksəlməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
“Vitse-prezidentin də qeyd etdiyi kimi, ABŞ–Azərbaycan münasibətlərində həqiqətən yeni bir səhifə açılır. Birincisi, Xartiyanın imzalanması özü yeni mərhələnin başlanğıcıdır. İkincisi, sənəddə göstərilən strateji istiqamətlərin icrası məqsədilə işçi qruplarının yaradılması münasibətləri institusional səviyyəyə daşıyır. Üçüncüsü isə, əvvəllər mövcud olmayan sahələrdə əməkdaşlığın gündəmə gəlməsidir. Məsələn, süni intellekt sahəsində əməkdaşlıq, təhlükəsizlik istiqamətində genişləndirilmiş tərəfdaşlıq, eləcə də digər yüksək texnologiyalar üzrə birgə fəaliyyət perspektivləri artıq sənəddə öz əksini tapıb. Şübhəsiz ki, bu istiqamətlər barədə gələcəkdə daha ətraflı məlumat veriləcək. Bütün bunlar münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir”, – deyə deputat bildirib.
H.Babaoğlu vurğulayıb ki, Xartiyada xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə maneəsiz keçid hüququnun qeyd olunmasıdır. Bu, strateji baxımdan mühüm və yeni bir yanaşmadır. Uzun illər aparılan diplomatik səylərin nəticəsi olaraq Azərbaycanın maraqlarının bu səviyyədə beynəlxalq sənəddə əks olunması ciddi nailiyyət kimi qiymətləndirilə bilər.
“Azərbaycan vaxtilə Əfqanıstanda sülhməramlı missiya çərçivəsində ABŞ ilə birgə fəaliyyət göstərib. Bu gün isə əməkdaşlıq daha geniş coğrafiyada və daha böyük miqyasda inkişaf edə bilər. Şübhəsiz ki, bu, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini zəruri edir və Xartiyada bu istiqamətlər də öz əksini tapıb. Münasibətlərin bu səviyyədə dərinləşməsi və strateji məzmun kəsb etməsi iki ölkə liderlərinin siyasi iradəsi nəticəsində mümkün olub. ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzaqgörən siyasət yürüdərək həm dövlətlərinin, həm də xalqlarının maraqlarını qorumaqla yeni strateji tandem formalaşdırırlar. Bu tandem təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Orta Asiya və Yaxın Şərq regionu üçün də yeni siyasi mərhələnin başlanğıcıdır. Bu, regionda yeni balansın, yeni əməkdaşlıq modelinin və yeni tarix səhifəsinin açılması deməkdir”, – deyə H.Babaoğlu əlavə edib.
Tahirə Qafarlı