RU

Xəstəlik qorxusu haradan qaynaqlanır?

Yazını böyüt
Yazını kiçilt

Xəstəlik qorxusu, psixoloji travmalar və düzgün müalicə seçimi dilemması daim müzakirə mövzusudur. “Ölümlü dünya” məfhumunu qəbul etdiyimiz halda niyə qorxu ruhumuza hakim kəsilib? Ümumiyyətlə, insan niyə xəstələnməkdən qorxur?

“İnsan beyni sağ qalmağa fokuslanıb”

Həmsöhbətimiz “MayoMed” Klinikasının baş həkimi, terapevt Nərminə Abbasova Hafta.az-a deyir ki, əslində, xəstələnmək qorxusu çox təbii instinktdir.

“İnsan beyni sağ qalmağa fokuslanıb. Xəstəlik isə beyin üçün təhlükə siqnalıdır. Xəstəlik ağrı yaradır, nəzarətiitirmə baş verir, həyat keyfiyyətini azaldır, bəzən ölüm riski daşıyır. Yəni qorxu, əslində, bədəniqoruma mexanizmidir. Problem o vaxt yaranır ki, bu qorxu həddindən artıq olur”, – həkim bildirir.

Məlumdur ki, xərçəng, şəkər, ürək problemləri kimi xəstəliklər daha çox qorxu yaradır. İnanclı insanlar bu xəstəliklərin adını çəkmir, əvəzləyici sözlərdən istifadə edirlər.

Həkim deyir ki, qorxunun əsasında bu xəstəliklərin xroniki olması, uzunmüddətli müalicə tələb etməsi, həyat tərzini dəyişdirmək məcburiyyəti dayanır:

“Cəmiyyətdə sadaladığım xəstəliklərə “ağır xəstəlik” imici formalaşıb. Məsələn, “xərçəng” sözünü eşidən kimi insan avtomatik ən pis ssenarini düşünür. Media, sosial hekayələr və eşitdiyimiz faciəli nümunələr qorxunu daha da artırır. Əgər insan daim “xəstələnəcəyəm” düşüncəsi ilə yaşayırsa, bu, xronik stres, panikatak, hipoxondriya - yəni həddindən artıq xəstəlik qorxusu, tez-tez analiz vermək, bədəni dinləmək, yuxusuzluq, depressiya kimi problemlərə gətirə bilər. Qeyd edim ki, bəzi insanlarda uşaqlıq travmaları və ya ailədə ağır xəstəlik görmək bu qorxunu daha da dərinləşdirir. Yəni psixoloji qorxu insana hakim kəsilir. Birbaşa səbəb olmasa da, risk artırır. Məsələn, stres zamanı immun sistemi zəifləyir, hormon balansı pozulur, qan təzyiqi artır, şəkər səviyyəsi yüksəlir. Bir sözlə, uzunmüddətli qorxu və stres bədəni xəstəliyə daha açıq hala gətirir. Buna “psixosomatik təsir” deyirik”.

Bəzi insanların hər kiçik əlaməti böyük xəstəlik kimi qəbul etməsinə gəlincə, terapevt vurğulayıb ki, bu, “sağlamlıq təşvişi” adlanır. Səbəbləri isə internetdən çox oxumaq, keçmişdə travmatik xəstəlik təcrübəsi, ailədə itki, kontrol hissinin zəifliyi, təşviş pozuntusudur:

“Belə insanlar bədəndəki normal dəyişiklikləri belə təhlükə kimi görür. Xəstəlik qorxusu həyat keyfiyyətinə də təsir edir. İnsan daim analiz verir, həkim dəyişir, sosial həyatdan uzaqlaşır, “birdən xəstələnərəm” deyə, plan qurmaqdan çəkinir, həyatdan zövq ala bilmir. Yəni faktiki xəstəlik olmadan belə, psixoloji olaraq özünü xəstə kimi hiss edir”.

Həkim bu qorxu ilə mübarizə aparmağın bir neçə yolunu tövsiyə edir:

“Mütəmadi, amma həddindən artıq olmayan check-up, sağlam həyat tərzi - yuxu, qidalanma, hərəkət. Eyni zamanda, internetdə özünü diaqnoz etməmək, psixoloqla danışmaq, meditasiya, nəfəs məşqləri, real faktlara fokuslanmaq, ssenari uydurmamaq. Ən vacibi isə “hər ağrı ölümcül deyil” düşüncəsini öyrənmək”.

““Mən xəstəyəm”, - deyə düşündükcə bədən də ona uyğun reaksiya verir”

Psixoloq Aygün Ağabalayeva Hafta.az-a deyir ki, xəstəlik qorxusu zəiflik deyil, beynimizin bizi qorumağa çalışmasının nəticəsidir.

Onun sözlərinə görə, bəzən bu qorxu real təhlükədən daha böyük olur və insanın həyat keyfiyyətini ciddi şəkildə azaldır:

“Psixoloji baxımdan xəstəlik qorxusunun kökündə iki əsas hiss dayanır: nəzarəti itirmək və ölüm qorxusu. İnsan xəstələnəndə bədəninə tam hakim ola bilmir, başqasından asılı qalır, gələcəyi qeyri-müəyyən görünür. Beyin isə qeyri-müəyyənliyi sevmir. Ona görə də təhlükəni şişirdərək bizi “hazır ol” vəziyyətində saxlayır. Onu da qeyd edim ki, hamı eyni dərəcədə qorxmur. Bunun səbəbi fərdi psixoloji təcrübələrdir. Risk faktorlarına uşaqlıqda valideynin və ya yaxın şəxsin ağır xəstəliyi, ailədə erkən ölüm halları, pandemiya kimi kollektiv travmalar, təşviş pozuntusu, həddindən artıq məsuliyyət və kontrol ehtiyacı, internetdə çox tibbi məlumat oxumaq daxildir. Belə insanlar bədəni “təhlükə axtaran radar” kimi izləyir”.

Psixoloq vurğulayır ki, bu baxımdan insan real xəstəlikdən yox, qorxunun özündən əziyyət çəkir:

“Son vaxtlar internet üzərindən xəstəlikləri araşdırmaq kimi hallar çox yayılıb. İnsan internetdə simptom axtarır, qarşısına ən ağır xəstəliklər çıxır və beyin avtomatik “ən pis ssenari”ni seçir: başağrısı - beyin şişi, yorğunluq - xərçəng, ürək döyüntüsü – infarkt! Halbuki çox vaxt səbəb sadə stres və ya yorğunluq olur. Bu, təşvişi daha da artıran qapalı dövrə yaradır”.

Psixoloq deyir ki, psixoloji qorxu bədənə təsir edir. Beyinlə bədən bir sistemdir:

“Daim qorxu vəziyyətində olduqda kortizol artır, immun sistem zəifləyir, əzələlər gərginləşir, ürək döyüntüsü sürətlənir, həzm pozulur. Bu da həqiqətən fiziki simptomlar yaradır. İnsan “mən xəstəyəm”, - deyə düşündükcə bədən də ona uyğun reaksiya verir. Buna “psixosomatik təsir” deyilir.

Təbii ki, xəstəlikdən qorxmaq normaldır. Sadəcə olaraq, problem qorxunun səviyyəsindədir. Psixologiyada belə bir yanaşma var: az qorxu → bizi qoruyur, çox qorxu → bizi məhdudlaşdırır. Əgər qorxu sizi müayinəyə aparırsa, faydalıdır. Əgər qorxu sizi həyatdan uzaqlaşdırırsa, artıq müalicə tələb edir.

Sağlamlıq yalnız fiziki deyil, həm də psixoloji haldır. Bəzən ən böyük təhlükə xəstəliyin özü yox, onunla bağlı bitməyən qorxudur. Həyat daim “Birdən nə olar?” sualı ilə yaşamaq üçün çox qısadır. Qorxu sizi qoruyanda yaxşıdır, amma sizi idarə edəndə yox. Özünüzə güvənin, bədəninizə qulaq asın, amma onu sorğu-sual etməyin”.

Arzu Zeynallı

Избранный
71
hafta.az

1Источники