RU

Hüquqşünas da narazıdır: “Meyxanaçılar, şairlər, Xalq artistləri və yazıçılar...”

Son illər Azərbaycanda boşanmaların artması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Ailə institutunun gücləndirilməsi və boşanmaların qarşısının alınması məqsədilə müxtəlif təkliflər irəli sürülür. 

Bu mövzuda müğənni Eldəniz Məmmədovun səsləndirdiyi təklif xüsusilə diqqət çəkib. O, Türkiyədə boşanmalara görə tətbiq olunduğunu iddia etdiyi yüksək məbləğli cərimə modelinin Azərbaycanda da tətbiqini təklif edib: 

“50 min dollar cərimə yazsınlar, onda görün hamısı necə yola gedir”. Bu təklif cəmiyyətdə müxtəlif müzakirələrə yol açıb. Bəzi insanlar düşünür ki, yüksək cərimə boşanmaların qarşısını ala bilər, digərləri isə bunun ədalətli və hüquqi olmadığını bildirib. 

Boşanmaların sayını azaltmaq məqsədilə qanunvericiliyə cərimə mexanizminin daxil edilməsi real və hüquqi baxımdan mümkün görünürmü? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, dünyanın sivil ölkələrində isə boşanma və evlənmə üçün cərimə, yaxud digər sanksiyalar yoxdur: 

“Təəssüf ki, Azərbaycanda şou-biznes nümayəndələri, meyxanaçılar, şairlər, Xalq artistləri və yazıçılardan sosioloq kimi münasibət öyrənirlər. 

Onlar cəmiyyətin idarə olunma prinsiplərini, ailə institutunun mahiyyətini bilmədən təkliflər verirlər və bu, kökündən yanlışdır. Müğənni və digər tanınmış şəxslərdənsə işi bilən peşəkarlarla danışsınlar. Ailə institutu, hüquq münasibətləri və cəmiyyətdəki fəlsəfi düşüncə ilə bağlı fikirlərini isə yalnız öz ailələrinə tətbiq etsinlər. 

Türkiyədə boşanmanın səbəbləri göstərilir və insanlar bu səbəblərə əsasən boşanırlar. Çünki Türkiyə Osmanlıdan gələn, tarixi baxımdan mürəkkəb bir ölkədir. Keçmişdə xəlifəlik və xilafət sistemləri olub. Bu hüquq sistemi yeni Roman-German hüquq sistemi ilə də uyğunlaşdırılıb, amma bəzi məsələlərdə hələ də keçmiş ənənələr qalmaqdadır. 

İstənilən ölkə öz qanunlarını və siyasətini müəyyənləşdirə bilər. Dünyanın sivil ölkələrində isə evlənmə, yaxud boşanma üçün cərimə və ya digər sanksiyalar yoxdur”. Onun sözlərinə görə, boşanma və evlənmə iki insanın bir yerdə yaşaması ilə bağlıdır: 

“Bu, dövlətin qeydə aldığı nikahla da ola bilər, şəxslərin sadəcə bir-birini sevməsi ilə də. Bu cür cərimələrin tətbiqi hüquqsuzluğa gətirib çıxara, nikahsız ailələrin sayını artıra, evlilik institutunun zəifləməsinə səbəb ola bilər. 

Çünki insanlar evlənmək istəməyəcək. Dünyada statistikaya baxsaq, regionda ən çox boşanmanın çətinləşdirildiyi ölkə İrandır. Orada ən çox boşanma və nikahsız birliklər də müşahidə olunur, amma cərimələr və sərtlər çox ağırdır. Bu da göstərir ki, boşanmanı çətinləşdirmək insanların boşanmasının qarşısını almır. 

Azərbaycanda isə boşanmalar var və müəyyən müddət ərzində artacaq. Bunun səbəbi isə insanların hələ tam şüurlu və düşüncəli olmamasıdır. Həm mental xüsusiyyətlər, həm ailə institutunun zəifliyi bu nəticəyə gətirib çıxarıb. Buna görə də boşanmaların çox olması təəccüblü deyil. 

Biz boşanmanın qarşısını almaqdan daha çox, insanların evlənərkən niyə evləndiklərini anlamasına diqqət yetirməliyik. İnsanlar niyə evləndiyini dərk etməli, evlilik həyatın növbəti addımı kimi qəbul edilməməlidir. Evlilik planlı, hazırlıqlı və özünə hazır hiss edən insanların bir-birinə birləşməsi ilə olmalıdır”. 

Hüquqşünas qeyd edib ki, hazırda cəmiyyətimizdə evlənmək və boşanmaqla bağlı yanlış təsəvvürlər var: 

“Statistikaya görə, bəzən 40 min evlənmə və 20 min boşanma kimi rəqəmlər göstərilir, amma bu, səhv yozulur. 40 min evlənən bu il evlənənlərdir, boşanan 20 min isə son 30-40 ildə evlənmiş şəxslərin içindən olanlardır. 

Bu mövzuda sevgili artistlərimiz, şairlərimiz və Xalq yazıçılarımız sosial, hüquqi və fəlsəfi düşüncə ilə yanaşmalıdır. Ailənin qurulması və sonlandırılması insanların şəxsi təcrübəsindən irəli gələn məsələ deyil. Cərimələrlə boşanmanı çətinləşdirmək isə hüquqa ziddir və həyatı məhv edə bilər”. 

Избранный
41
1
cebheinfo.az

2Источники