RU

İsveçrədə 10 milyon əhali limiti - Təklif referanduma çıxarılacaq

İsveçrədə 10 milyon əhali limiti - Təklif referanduma çıxarılacaq

İsveçrə seçiciləri iyun ayında keçiriləcək referendumda ölkə əhalisinin sayını 10 milyon nəfərlə məhdudlaşdırmağı nəzərdə tutan təklifə səs verəcəklər.

Vətəndaşlar 14 iyunda sağçı İsveçrə Xalq Partiyasının (SVP) dəstəklədiyi "On milyonluq İsveçrəyə yox" təşəbbüsü və dövlət xidmətlərinin islahatına dair iki mühüm milli məsələ üzrə qərar vermək üçün sandıq başına gedəcəklər. Hökumət sözügedən referendumun tarixini artıq rəsmən təsdiqləyib.

"Sürətli artıma qarşı" sərt tədbirlər

"On milyonluq İsveçrəyə yox" təşəbbüsü ölkədə daimi yaşayan əhalinin sayını 2050-ci ilə qədər 10 milyonla məhdudlaşdırmağı hədəfləyir. Təklifə əsasən, əhalinin sayı 9,5 milyonu keçərsə, hökumət və parlament dərhal hərəkətə keçərək hüquqi addımlar atmağa məcbur olacaq.

Həm hökumət, həm də parlament əhalinin artımını məhdudlaşdırmağı hədəfləyən bu təşəbbüsə qarşı çıxsalar da, hələlik alternativ bir təklif irəli sürməyiblər. "Davamlılıq təşəbbüsü" kimi adlandırılan bu layihə ilə SVP 2050-ci ildən sonra əhalinin 10 milyonu aşmamasını və ya bu sayın yalnız doğum göstəricilərinin ölümü üstələməsi hesabına artmasını təmin etmək istəyir.

Əgər əhalinin sayı 2050-ci ildən əvvəl 9,5 milyonu keçərsə, Federal Şura və Parlament xüsusilə "sığınacaq və ailə birləşməsi" sahələrində bu həddin qorunması üçün ciddi tədbirlər görməli olacaq. Təşəbbüs mətninə görə, İsveçrə əhali artımını təşviq edən beynəlxalq müqavilələri yenidən nəzərdən keçirmək və onlara yenidən baxmaq məcburiyyətində qalacaq.

Görülən tədbirlər 10 milyonluq həddi qorumaq üçün kifayət etməzsə, son çarə olaraq Avropa İttifaqı (Aİ) ilə bağlanmış "şəxslərin sərbəst hərəkəti haqqında sazişin" ləğv edilməsi gündəmə gələcək.

Tərəflərin arqumentləri

Referendum kampaniyasını yürüdənlər iddia edirlər ki, əhalinin həddindən artıq artması ölkənin infrastrukturunu iflic edir, kirayə qiymətlərini bahalaşdırır və milli kimliyi dəyişir. Federal Şura və parlamentin əksəriyyəti isə hesab edir ki, bu təşəbbüs mövcud problemləri həll etmək əvəzinə, daha böyük fəsadlara yol açacaq. Hazırda İsveçrə əhalisinin sayı təxminən 9,1 milyon nəfərdir.

Dövlət xidmətlərində islahat səsverməsi

Seçicilər eyni zamanda mülki xidmətə (alternativ xidmət) çıxış qaydalarının sərtləşdirilməsi planı ilə bağlı da səs verəcəklər. Parlament tərəfindən təsdiqlənən bu islahat ordudan mülki xidmətə keçən hərbçilərin sayını azaltmağı nəzərdə tutur. Hökumət bu sahədə illik qəbulu 6600-dən 4000 nəfərə endirməyi hədəfləyir.

İsveçrədə birbaşa demokratiya qaydalarına görə, hər hansı təklif 100 min imza topladığı təqdirdə vətəndaşların müzakirəsinə çıxarılır və referendumda təsdiqlənərsə, birbaşa qüvvəyə minir.

Избранный
113
afn.az

1Источники