RU

Bakıda Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı sərgisi açılıb

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Milli Xalça Muzeyində tanınmış macar qobelen ustası Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma, Macarıstan hökumətinin komissarı Peter Hoppal çıxış ediblər.

Natiqlər Juja Perelinin zəngin yaradıcılıq yolunu, onun müasir qobelen sənətinə verdiyi töhfələri xüsusi vurğulayıblar. Sərginin AzərbaycanlaMacarıstan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.

Sonra tanınmış qobelen ustası Juja Perelinin qonaqlara ünvanlanan videomüraciəti nümayiş olunub. Həmçinin tarzən İbrahim Babayevin ifası dinlənilib.

Sərgidə tekstil sənətinin aparıcı nümayəndələrindən sayılan Juja Perelinin dünyagörüşünü, yaradıcı potensialını və yüksək peşəkarlığını əks etdirən 29 əsəri nümayiş olunur.

Müəllifin ipək, yun və pambıq materialların sintezindən ərsəyə gətirdiyi qobelenlərdə insan və təbiət münasibətləri, kainat, zaman, yaddaş, əbədiyyət və s. mövzular mifoloji obrazlar və abstrakt motivlərlə üzvi şəkildə birləşdirilərək təqdim edilir. Onun dərin fəlsəfi məzmunu, mükəmməl kompozisiyası, zəngin kolorit həlli ilə seçilən əsərlərində həm klassik Avropa qobelen ənənələri qorunur, həm də yeni materiallar, texnikalar və fərqli yaradıcı yanaşmalarla bu sənətin sərhədləri genişləndirilir. Juja Perelinin qobelenləri maddi və qeyri-maddi aləm arasında vasitəçi rolunu oynayaraq, sözlə çətin ifadə olunan duyğuları və mənəvi reallıqları simvollar vasitəsilə tamaşaçıya çatdırır. Bu xüsusiyyətlər müasir qobelen sənətində özünəməxsus yeri olan rəssamın əsərlərinə individuallıq və ölməzlik qazandırır.  

2001-ci ildə Juja Pereli qobelen sənətinin mərkəzi sayılan Fransanın Obüsson şəhərində fərdi sərgi keçirən ilk xarici sənətkar olub. Onun əsərləri müxtəlif ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır.

Azərbaycan Milli Xalça Muzeyi, Macarıstan Mədəniyyət və İnnovasiya Nazirliyi və Kovaç Qabor İncəsənət Fondunun təşkilatçılığı ilə keçirilən sərgi mədəniyyətlərarası əməkdaşlığın inkişafına, tekstil sənətinin çağdaş tendensiyalarının tanıdılmasına mühüm töhfədir.

Sərgi 28 fevral 2026-cı il tarixinədək davam edəcək.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
9
525.az

10Источники