RU

Sədr müavini: “Qarabağ”ın menyusu və qidalanma rejimi AQTİ tərəfindən idarə olunur

Bakı, 12 fevral, Aynur Əlixanlı, foto Azər İbrahimov, video Namiq Abdullayev, AZƏRTAC

Bu gün bütün Azərbaycanın fəxri olan “Qarabağ” futbol klubunu, bizim çempionlarımızı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) qəbul etməkdən böyük fəxr hissi duyuruq.

AZƏRTAC xəbər verir ki, bu sözləri AQTİ-nin sədr müavini Ramazan Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İnstitutla “Qarabağ” arasında təkcə rəsmi deyil, eyni zamanda peşəkar səviyyədə də çox ciddi əlaqələr və münasibətlər mövcuddur: “İnstitutun Elmi Araşdırmalar Mərkəzinin müdir müavini İlqar Şamilov eyni zamanda “Qarabağ”ın qidalanma mütəxəssisi kimi fəaliyyət göstərir və komandanın həkim heyətində təmsil olunur. Bu isə o deməkdir ki, ölkəmizi beynəlxalq turnirlərdə ən yüksək səviyyədə təmsil edən futbolçularımızın qidalanması və qida rasionu birbaşa institutun elmi-texniki potensialı çərçivəsində formalaşdırılır”.

Sədr müavini qeyd edib ki, mütəxəssis vasitəsilə komandanın menyusu, qida rasionu və qidalanma rejimi idarə olunur: “Həmçinin ən son elmi yeniliklərə əsaslanaraq və fərdi yanaşma prinsipi tətbiq edilərək xüsusi qidalanma proqramları tərtib edilir. Düşünürəm ki, institutun malik olduğu güclü mütəxəssis bazası və müasir laborator, elmi-texniki imkanlar bu işlərin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır. “Qarabağ”ın gücünə güc qatmaq üçün Qida Təhlükəsizliyi İnstitutu olaraq hər zaman onların yanındayıq. Sağlam qida sağlam gələcək deməkdir. Sağlam gələcək isə güclü qələbələrin əsasını təşkil edir”.

Избранный
35
3
azertag.az

4Источники