RU

Vuçiç Ərdoğanın Serbiyaya gözlənilən səfərini “ən əhəmiyyətli”adlandırdı

Serbiya prezidenti Aleksandar Vuçiç yaxın aylarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinə səfərinin gözlənildiyini bildirib. Onun sözlərinə görə, bu səfər indiyədək ikitərəfli münasibətlər tarixində ən böyük və ən əhəmiyyətli səfər ola bilər.

Redaktor.az xəbər verir ki, Serbiya lideri bu barədə Türkiyəyə rəsmi səfəri çərçivəsində Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında danışıb.

“Artıq indi elan edə bilərəm ki, yaxın aylarda, ümid edirəm, prezident Ərdoğanın ölkəmizə böyük səfəri baş tutacaq. Bu, bəlkə də indiyə qədər ən böyük və ən əhəmiyyətli səfər olacaq”, – deyə Vuçiç bildirib.

O, Türkiyə liderinin iki günlük səfərlə Serbiyaya gələcəyinə və yalnız Belqradı deyil, ölkənin digər bölgələrini də ziyarət edəcəyinə ümid etdiyini vurğulayıb.

Vuçiç qeyd edib ki, aparılan danışıqlar “son dərəcə səmərəli və məhsuldar” olub və konkret iqtisadi, eləcə də infrastruktur layihələrini əhatə edib. Onun sözlərinə görə, Türkiyə investisiyaları xüsusilə Serbiyanın daha az inkişaf etmiş regionları, əsasən də ölkənin cənubu üçün böyük əhəmiyyət daşıyır. Prezident bildirib ki, həmin bölgələrdə insanlar uğurlu türk şirkətləri sayəsində öz gələcəklərini görürlər.

Serbiya lideri ikitərəfli ticarət dövriyyəsinin sürətlə artdığını da diqqətə çatdırıb. “Prezident Ərdoğan ticarət dövriyyəsini 5 milyard avroya çatdırmağı hədəf kimi səsləndirəndə mən skeptik yanaşırdım, çünki o zaman bu rəqəm 800-900 milyon idi. Bu gün isə artıq təxminən 3,5 milyard avroya çatıb”, – deyə Vuçiç bildirib.

O, danışıqları “bir-birini uzun illərdir tanıyan iki dostun açıq söhbəti” adlandıraraq, Türkiyənin Serbiya üçün siyasət, iqtisadiyyat və digər sahələrdə mühüm tərəfdaş olduğunu vurğulayıb.

Xədicə BAXIŞLI

Избранный
33
1
redaktor.az

2Источники