Tərtər rayonunda Yeni il günü qətl törətməkdə təqsirləndirilən yeniyetmə F.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıvaxtı.az-ın Oxu.az-a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, hadisə 2024-cü il yanvarın 1-də Tərtər rayonu, Nizami küçəsində baş verib. Rayon sakini, 2006-cı il təvəllüdlü Canpolad Tağıyev həmin gün gecə saatlarında yaşadıqları binanın qarşısında Yeni ili qarşılamaq məqsədilə fişəng atıb. Fişəngin qığılcımları onun qonşusu olan yeniyetmə F.Məmmədovun üzünə dəyib.
Yeniyetmə bununla bağlı Canpolad Tağıyevə irad bildirəndə, sonuncu onu söyərək təhqir edib. Bundan əsəbiləşən F.Məmmədov evə qayıdaraq mətbəxdən bıçaq götürüb, yenidən hadisə yerinə gəlib və C.Tağıyevə bıçaq zərbələri endirib. C.Tağıyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılaraq istintaqa təhvil verilib.