RU

Vətən qırmızı xətdir...

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dövlət anlayışı sadəcə idarəetmə mexanizmi deyil. Dövlət – güvəndir. Dövlət – sabahın təminatıdır. Dövlət – sərhədin qorunması, bayrağın dalğalanması, vətəndaşın arxayın nəfəsidir.

Bu gün cəmiyyətdə rezonans doğuran hadisə artıq rəsmi təsdiqini tapıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb ki, Ramiz Mehdiyevin evlərindən birində aparılan əməliyyat zamanı 17 milyon manat məbləğində vəsait aşkar edilərək müsadirə olunub. İstintaq davam edir və hüquqi qiyməti məhkəmə verəcək.

Amma məsələ təkcə 17 milyon deyil. Məsələ dövlətə sədaqətdir. Vətən coğrafiya deyil. Vətən tarixdir. Vətən şəhid qanıdır. Vətən min bir əziyyətlə qorunmuş müstəqillikdir.

1990-cı illərin əvvəllərini xatırlayaq. Dövlət zəif idi. İdarəetmə dağılmışdı. Silahlı qruplar meydan sulayırdı. Siyasi ambisiyalar milli maraqları üstələyirdi. Xarici qüvvələr daxildəki qarışıqlıqdan istifadə edirdi. Xaos hökm sürürdü. Nəticə nə oldu? Torpaq itkisi. Minlərlə şəhid. Parçalanma təhlükəsi.

O illər bizə acı bir həqiqəti öyrətdi: dövlət zəifləyəndə ilk zərbəni xalq alır. Xarici təsir üçün ən əlverişli mühit daxili sabitsizlikdir. Dövlət içəridən sarsılanda, kənardan müdaxilə qaçılmaz olur. Tarix göstərir ki, dövlətlər çox vaxt sərhəddən deyil, içəridən zəiflədilir. Xarici maraqlar üçün ən rahat yol daxildə dayaq tapmaqdır. O dayaq ya pul olur, ya şəxsi ambisiya, ya da hakimiyyət ehtirası.

Pul sədaqətin yerini tutanda təhlükəlidir. Ambisiya milli maraqları üstələyəndə təhlükəlidir. Hakimiyyət ehtirası dövlətin dayaqlarını sarsıdanda təhlükəlidir.

Əgər illərlə dövlətin ən yüksək pillələrində təmsil olunmuş bir şəxsin evindən bu həcmdə vəsait aşkar edilirsə, bu artıq sadəcə hüquqi məsələ deyil — bu, mənəvi məsələdir. Çünki dövlətə xidmət anlayışı ilə şəxsi sərvət iddiaları arasında yaranan uçurum cəmiyyətdə sual doğurur.

Bu torpaqda şəhid məzarları hələ qurumayıb. Qarabağ uğrunda can verənlərin ailələri hələ yaşayır. Qazilər hələ ağrı ilə nəfəs alır. Belə bir reallıqda dövlətə kölgə salacaq hər hansı hadisə cəmiyyət üçün ağırdır. Vətənə sədaqət pafos deyil. Bu, milli təhlükəsizliyin təməlidir.

Dövlət məsələsində neytral mövqe yoxdur. Çünki söhbət partiyadan getmir. Söhbət vəzifədən getmir. Söhbət Vətəndən gedir. Heç bir keçmiş status, heç bir illərlə daşınmış vəzifə, heç bir siyasi nüfuz Vətəndən üstün ola bilməz. Dövlətə sədaqət keçmiş xidmətlərlə deyil, indiki davranışla ölçülür.

1990-cı illərin dərsi unudulmamalıdır. Dövlət zəifləyəndə ambisiyalar qalib gəlir, amma millət uduzur. Dövlət güclənəndə isə sabitlik gəlir, inkişaf gəlir, təhlükəsizlik gəlir.

Bu gün prinsip sadədir: Dövlət fərdlərdən böyükdür. Qanun statusdan böyükdür. Vətən isə hamıdan böyükdür.

Və bir həqiqət dəyişməzdir — Vətən qırmızı xətdir.

Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
qaynarinfo.az

2Источники