RU

"Mezozoy inəyi": Tarixin ən qəribə dinozavrlardan biri

Alimlər ilk dəfə nigersavrın (Nigersaurus taqueti) qalıqlarını Sahara səhrasında aşkar edəndə çox təəccüblənmişdilər. Digər dinozavrlardan fərqli olaraq, bu uzunboyunlu növ yüzlərlə xırda dişlə örtülmüş geniş və düz ağız quruluşuna malik idi və dişlərini heyrətamiz sürətlə yeniləyə bilirdi...

Poliqon xəbər verir ki, Rutgers Universitetinin təkamül bioloqu Skott Trevers Forbes üçün yazdığı məqalədə nigersavr haqqında danışıb və bu dinozavr növünün unikal olduğunu vurğulayıb.

Bioloqun sözlərinə görə, alimlər belə qənaətə gəliblər ki, nigersavr böyük ehtimalla Orta Təbaşir dövrünün ən ixtisaslaşmış ot yeyən heyvanlarından biri olub. Elə buna görə də o, "mezozoy inəyi" ləqəbini qazanıb.

Trevers xatırladıb ki, nigersavr ilk dəfə rəsmi şəkildə 2007-ci ildə PLOS One jurnalında dərc olunan tədqiqatda təsvir edilib. Kompüter tomoqrafiyası və fosillərin geniş təhlili sayəsində tədqiqatçılar bu növün son dərəcə kövrək kəllə quruluşunu və diş anatomiyasını bərpa edə biliblər.

Alimlər müəyyən ediblər ki, nigersavrın başı sauropodlarda daha əvvəl rast gəlinməyən bir sıra ekstremal uyğunlaşmalara malik idi. Bunlara az sayda sümükdən ibarət yüngül kəllə, diş “batareyaları” sıraları və aşağıya yönəlmiş ağız quruluşu daxildir.

Bioloq əlavə edib ki, bu araşdırma bütün iri ot yeyən sauropodların müasir zürafələr kimi hündür bitkilərlə qidalandığı fikrini təkzib edib. İlk dəfə paleontoloqlar bəzi dinozavrların yerə yaxın bitkiləri biçərək qidalanmağa ixtisaslaşdığını – daha çox inəklərə bənzədiyini göstərən sübutlar əldə ediblər.

Bioloq bildirib ki, öndən baxanda nigersavrın kəlləsi digər heç bir məlum dinozavrınkına bənzəmirdi. Onun ağzı qeyri-adi dərəcədə geniş və kvadrat formalı idi.

Trevers qeyd edib ki, nigersavr ehtimal ki, ağzını yer səthinə sürtərək bitkiləri səmərəli şəkildə kəsirdi. O, digər ot yeyən dinozavrlar kimi bitkiləri dişləməyə ehtiyac duymurdu.

Maraqlıdır ki, nigersavrın dişləri əksər ot yeyən heyvanlarda olduğu kimi ağızın dərinliyində deyil, çənənin kənarı boyunca düz xətt üzrə yerləşirdi. Bu dinozavrın yüzlərlə xırda, iynəyə bənzər dişi vardı və onlar bir neçə sıra halında düzülmüşdü.

Bitkiləri üyüdərkən bir diş aşınanda, tezliklə onun yerini digəri tuturdu, deyə bioloq əlavə edib. Alimlərin sözlərinə görə, bu dinozavr təxminən hər 14–30 gündə bir dişini dəyişirdi.

Trevers həmçinin bildirib ki, nigersavrın uzunluğu təxminən 9 metrə çatırdı və çəkisi müasir filin çəkisinə yaxın idi.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники