RU

Paşinyanın “İcevan marşrutu”

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu yol Zəngəzur dəhlizinə alternativ ola bilərmi?

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki “hökumət saatı” zamanı regionda nəqliyyat blokadalarının aradan qaldırılması məsələsinə toxunub. Deputat Geqam Nazaryanın İcevanı Azərbaycanın dəmir yolu şəbəkəsi ilə birləşdirən xəttin bərpası və bunun iqtisadi səmərəsi barədə sualını cavablandıran baş nazir müzakirə olunmayan heç bir istiqamətin qalmadığını bildirib: “Əlbəttə, bu istiqamət müzakirə olunur. Lakin nəzərə almalıyıq ki, Ağarcın ərazisində 30 il əvvəl baş vermiş sürüşmə nəticəsində dəmir yolunun fəaliyyəti dayanıb. Bu hissənin bərpası potensial yükdaşımaların həcmindən və layihənin rentabelliyindən asılı olacaq”.

Baş nazir hökumətin apardığı araşdırmalara istinadən maraqlı bir faktı da diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə gedən ən qısa yol məhz Ermənistanın şimalından keçir: “Əgər İcevan–Razdan xətti Vanadzor–Gümrü istiqaməti ilə birləşdirilsə, məlum olar ki, Azərbaycandan Türkiyəyə ən qısa dəmir yolu marşrutu İcevan–Dilican–Vanadzor–Cacur–Gümrü–Axurik xəttidir. Bu, eyni zamanda, avtomobil nəqliyyatı üçün də ən qısa yoldur”.

Paşinyan vurğulayıb ki, yekun qərar texniki-praktiki hesablamalardan və siyasi proseslərin gedişatından asılı olacaq: “Dünya nə qədər institusional xarakter alsa, müxtəlif ssenarilərin reallaşma ehtimalı bir o qədər artar”.

Baş nazirin parlamentdə səsləndirdiyi fikirlər regionda kommunikasiyaların açılması prosesinin yeni mərhələyə keçdiyini göstərir. Onun çıxışında diqqət çəkən əsas məqam Azərbaycandan Türkiyəyə ən qısa marşrutun İcevan istiqamətindən keçməsi barədə vurğudur. Bu yanaşma texniki-iqtisadi əsaslandırma kimi təqdim edilsə də, əslində, daha geniş geosiyasi və strateji məna daşıyır. Məsələyə Azərbaycanın maraqları prizmasından baxdıqda isə bir neçə paralel xətt üzə çıxır.

Əvvəla, Ermənistanın kommunikasiya məsələsini artıq açıq müzakirəyə çıxarması regionda formalaşan yeni reallıqların qəbul edildiyini göstərir. 2020-ci ildən sonra yaranmış geosiyasi vəziyyət Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasını qaçılmaz edib. Ermənistan uzun illər regional layihələrdən kənarda qaldığı üçün iqtisadi təcridin nəticələrini daha kəskin hiss edir. Paşinyanın “rentabellik” və “yük axını” ifadələrini xüsusi vurğulaması da təsadüfi deyil. Bu, İrəvanın artıq siyasi ritorikadan daha çox iqtisadi realizmə söykənməyə məcbur qaldığını göstərir.

Lakin İcevan marşrutunun qabardılması təkcə iqtisadi məntiqə söykənmir. Bu, eyni zamanda, Zəngəzur istiqamətinə alternativ konsepsiyanın formalaşdırılması cəhdidir. Azərbaycan üçün əsas prioritet Naxçıvanla maneəsiz və təhlükəsiz quru əlaqəsinin təmin olunmasıdır. Bu məsələ həm 10 noyabr bəyanatında öz əksini tapıb, həm də ölkənin milli təhlükəsizlik və strateji bütövlük konsepsiyasının tərkib hissəsidir. İcevan xətti isə bu problemi həll etmir. Yəni Naqxçıvana əlaqəni təmin etmir. Ona görə də Ermənistanın bu marşrutu ön plana çıxarması, müəyyən mənada, daxili siyasi auditoriyaya “alternativ həll” təqdim etmək və Zəngəzur məsələsində təzyiqi azaltmaq məqsədi daşıyır.

Digər tərəfdən, Azərbaycan artıq regionun əsas tranzit mərkəzinə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və digər layihələr ölkənin logistika xəritəsində aparıcı rolunu möhkəmləndirib. Əgər Ermənistan üzərindən keçəcək marşrutlar bu sistemə inteqrasiya olunarsa və yük axınını artırarsa, bu, Azərbaycanın maraqlarına uyğundur. Lakin əgər paralel alternativ yaradılaraq mövcud marşrutlara rəqabət mühiti formalaşdırılarsa, bu geoiqtisadi baxımdan sərfəli deyil.

Burda maraqlı bir məqam da var. Onu gözardı etmək olmaz. Məsələn, Paşinyan qərarların siyasi proseslərdən asılı olduğunu açıq şəkildə etiraf edib. Bu onu göstərir ki, kommunikasiya məsələsi hələ də geniş sülh gündəliyinin bir hissəsidir və texniki məsələ kimi təqdim olunsa da, əslində, siyasi iradə ilə şərtlənir. Deməli, onun realllaşması tərəflərin siyasi qərarından aslı olacaq. Azərbaycan üçün əsas prinsip marşrutun haradan keçməsi deyil, onun hansı hüquqi və təhlükəsizlik təminatları ilə fəaliyyət göstərməsidir. Uzunmüddətli və sabit mexanizm olmadan hər hansı xətt iqtisadi baxımdan da dayanıqlı deyil. Ola da bilməz.

Onu da qeyd edək ki, bu məsələni yalnız texniki və ya iqtisadi layihə kimi qiymətləndirmək də sadəlövhlük olardı. Burda regional güclərin maraqları açıq şəkildə toqquşur. Xüsusilə Rusiyanı diqqətdən kənarda qoymaq olmaz. Məsələn, İcevan istiqamətinin Rusiyanın nəzarətində olması perspektivdə yeni asılılıq zəncirləri yaradır. Moskva üçün Cənubi Qafqazdakı kommunikasiya xətləri heç vaxt sadəcə iqtisadi layihə olmayıb. Kreml nəqliyyat infrastrukturuna ənənəvi olaraq təsir aləti kimi yanaşıb. Postsovet məkanında yollar və dəmir xətləri siyasi nüfuzun səssiz, lakin effektiv mexanizmi rolunu oynayıb. İnfrastruktur üzərində texniki, hüquqi və təhlükəsizlik nəzarəti – bu, əslində, siyasi qərarlara dolayı nəzarət deməkdir.

Ermənistanın dəmir yolu sisteminin Rusiya Dəmir Yollarının törəmə qurumu olan “Cənubi Qafqaz Dəmir Yolu”nun idarəsində olması bu reallığı təsdiqləyir. Üstəlik, İcevan xətti də Moskvanın nəzarətindədir və yenidən qurulması ciddi maliyyə tələb edir. Bu prosesdə Moskvanın rolunun qaçılmaz görünməsi Ermənistanın manevr imkanlarının nə qədər məhdud olduğunu göstərir. Paşinyanın dəmir yolu xəttinin təmiri üçün Rusiyaya müraciəti də bu asılılığın davam etdiyini açıq şəkildə ortaya qoyur.

Söhbət təkcə yük daşınmasından getmir. Bu marşrut Rusiya üçün Cənubi Qafqazda təsir imkanlarını qorumaq və regional balansı nəzarətdə saxlamaq vasitəsidir. Bakı da alternativ marşrutlar olduğu halda kiminsə təsirinə düşmək istəməz. Məhz bu səbəbdən alternativ təşəbbüslər, xüsusilə TRİPP platforması yeni geosiyasi konfiqurasiyada daha cəlbedici görünür. TRİPP marşrutu Azərbaycanın maraqlarına xidmət edir. İcevan marşrutu isə tamamilə bunun əksidir və reallaşması yaxın prespektivdə mümkün görünmür.

Bununla bağlı iqtisadçı ekspert Kamran Abdullayev bildirdi ki, Azərbaycan üçün prioritet dəyişməzdir. Bu, Naxçıvanla təhlükəsiz və maneəsiz bağlantı, regional tranzit liderliyinin qorunması və bu bağlantının uzunmüddətli hüquqi təminat altına alınması ilə bağlıdır: “ TRİPP çərçivəsində Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında yüklərin və insanların hərəkəti üçün sadələşdirilmiş tranzit rejimini təmin etməyi öhdəsinə götürür. Bu isə Bakının illərdir müdafiə etdiyi “maneəsiz keçid” prinsipinin beynəlxalq mexanizmlərlə qorunması deməkdir.

TRİPP yalnız bir dəmir yolu layihəsi deyil. Bu, dəmir yolu, avtomobil magistralı və enerji xətlərini birləşdirən multimodal platformadır. Layihənin miqyası regionun logistik xəritəsini yenidən cızmaq potensialına malikdir. İlkin hesablamalara görə, infrastrukturun bərpası üçün 5–7 milyard dollar həcmində beynəlxalq investisiya tələb olunur. Bu investisiya marşrutu yüksək sürətli dəmir yolu və müasir avtomobil magistralı səviyyəsinə çıxaracaq.

İqtisadi dividentlər isə konkret rəqəmlərlə ifadə olunur. TRİPP-in Orta Dəhlizə inteqrasiyası Mərkəzi Asiya və Çindən gələn yüklərin Xəzər üzərindən Avropaya daşınmasını sürətləndirəcək, həm də Azərbaycanın illik tranzit potensialını artıracaqdır.

Paşinyanın İcevan xəttini önə çəkməsi isə Zəngəzur istiqamətindən diqqəti yayındırmaq və daxili auditoriyaya alternativ təqdim etmək cəhdidir. Paşinyan hökuməti nümayiş etdirməyə çalışır ki, Ermənistanın regional tranzit və əlaqələr sahəsində alternativ həll imkanları mövcuddur və ölkənin strateji əhəmiyyəti itmir.

Praktik olaraq, İcevan xəttini vurğulamaq erməni ictimaiyyətinə “biz də seçim imkanına malikik” mesajı verir və Paşinyanın mövqeyini müdafiə etməyə xidmət edir. Lakin bu addımın real geosiyasi və iqtisadi effektivliyi məhduddur: xəttin böyük maliyyə və texniki resurs tələb etməsi, Rusiya nəzarətində olması və beynəlxalq investisiyanın əhəmiyyətli hissəsinin Moskvanın təsirinə bağlı qalması faktları, İcevan marşrutunu strateji alternativ kimi yetərsiz edir”.

Pünhan ƏFƏNDİYEVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
xalqqazeti.az

2Источники