RU

“Deputatlar desinlər ki, biz öz kürsümüzdən imtina edirik, çünki kənd təsərrüfatına töhfə verə bilmirik” - Vahid Məhərrəmli

“Azərbaycanda kifayət qədər bitkiçiliyi, heyvandarlığı yaxşı bilən, bu sahəyə bələd, yüksək səviyyədə təhsil almış, Türkiyədən gəlmiş azərbaycanlılar, yerli mütəxəssislər var. Mütəxəssislərin bilgisindən istifadə edilməlidir. Amma kənd təsərrüfatı mürəkkəb və bir-birindən asılı olduğu üçün savadlı, təcrübəli, peşəkar, bu sahəni idarə edə biləcək kadr lazımdır. Aqronom olsa, yaxşıdır. Çünki heyvandarlığın inkişafı bitkiçiliyin inkişafından asılıdır. Aqronom həm də prosesi idarə edəndir, təşkilatçıdır. Nə qədər ki gec deyil yerli savadlı kadrlardan istifadə etmək lazımdır”.

 

Bunu aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli Pravda.az-a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bəzi fikirlər səsləndirilir və düşünürlər ki, Amerikada savadlı mütəxəssislər var, onlar gəlib idarə edə bilərlər: “Təxminən 2010-2011-ci illərdə Amerikadan mütəxəssis gəlmişdi. Azərbaycanda balıqçılığın rəqabət qabiliyyətli olub-olmadığını müəyyən etmək üçün onun müəllif olduğu müəyyən düsturlar var idi. Həmin layihəyə mən də cəlb olunmuşdum. Təsəvvür edin, bir neçə gün biz Salyan və Neftçalada olduq. Aramızda ciddi mübahisə yarandı. O deyirdi ki, Azərbaycanda balıqçılıq rəqabət qabiliyyətli deyil. Mən də razılaşmırdım ki, Azərbaycanda balıqçılıq gəlirlidir, sizə yanlış məlumat veriblər. Mənə dedi ki, Azərbaycanda balığı sentyabr ayından yanvar ayınadək tuturlar və 4 ayda bir o qədər də gəlir verə bilməz və sonra da Azərbaycanda sular donur. Bunu deyəndə artıq mən öz araşdırmamı ortaya qoydum ki, Azərbaycanda sentyabrdan aprel ayınadək balıq tutulur və satışa göndərilir. Çəki artımını göstərdim... O iddia edirdi ki, Azərbaycanda su soyuq olduğu üçün balıqlarda çəki artımı baş vermir. Mən isə sübuta yetirməyə çalışdım ki, dekabr və aprel ayında min balıq tutulubsa, onların hər birinin çəkisinin nə qədər fərqli olduğuna nəzər yetirin. O mənə inanmadı və digər israilli mütəxəssisə zəng etdi, vəziyyəti dedi. Cavabında isə bildirildi ki, mən düz deyirəm. Çünki Azərbaycanda su o qədər donmur ki, balıq çəki verməsin. Paradoksa baxın. Ordan gələn bizim torpaq iqlim şəraiti ilə bağlı incə nüansları öyrənmək üçün 30-40 il lazımdır”.

 

V. Məhərrəmli bildirib ki, öncə Rusiyada sonra Azərbaycanda işlədiyi üçün bunun fərqini görüb: “Bizim kəndlilərin yanaşması da fərqlidir. Elə millətlər var ki, onlar kollektiv əməyə üstünlük verirlər. Azərbaycanlılar isə kollektiv işləməyi bir o qədər sevmirlər. Onlar fərdi qaydada daha yaxşı, məhsuldar olurlar. Çox nüans var. Bunu isə yanlız yerli savadlı mütəxəssis bilər və ölkəmizdə də var. Bir dəfə mənimlə bu barədə söhbət etdilər. Təklif etdim ki, işçi qrupu yaradın, hər biri ölkəni nazir səviyyəsində idarə edə biləcək 20 mütəxəssis tövsiyə edə bilərəm...Milli Məclisdə bir nəfər də olsa, aqronom, zootexnik, baytar həkimi yoxdur. Yaxşı olar ki, deputatlar desinlər ki, biz öz kürsümüzdən imtina edirik, çünki kənd təsərrüfatına töhfə verə bilmirik. Kənd təsərrüfatı ilə bağlı o qədər qanuna ehtiyac var. Real vəziyyəti dəyərləndirmək lazımdır. Boşluqlar çoxdur. Yeni qanunu kim işləyəcək? Əlbəttə bu sahəni bilənlər. Təklif edirdim ki, Milli Məclisdə ən azı 20 nəfər olmalıdır. Azərbaycan əhalisinin yarısı kənd təsərrüfatı üzrə işləyir, yarısı da kənddə yaşayır. Ona görə də kənddə olan problemlər də dərindir, mürəkkəbdir. Çünki o problemləri həll etmək üçün həm qanunvericilik bazasını yaratmaq, təkmilləşdirmək lazımdır. Digər tərəfdən idarəetmədə təcrübəli adamlar tərəfindən məsləhətlər verilməlidir”.

 

Xatırlatma: Milli Məclisin iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, kənd təsərrüfatına investisiya qoymaq lazımdır: “Yaxşı olar ki, biz bu sahəni idarə edə bilən adamları ABŞ-dan və digər yerlərdən ölkəmizə dəvət edək. Onlar bu sahədə kök salmış problemləri aradan qaldırsınlar”.

 

Şəhanə Quliyeva

Tarix: 13 Fevral 2026, 11:31   
Избранный
130
pravda.az

1Источники