RU

Nə bilirsən mən fahişə ilə danışıram, yoxsa anamla, bacımla Masallıda qətl

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Masallı rayonunda 2000-ci il təvəllüdlü İsrafil Cavadov kirayə yaşadığı evdə 1984-cü il təvəllüdlü Siruz Mehdiyevi öldürüb.Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 2024-cü ilin noyabrın 260-da Masallı şəhəri, Nəcəfbəy Vəzirov küçəsində yerləşən kirayə yaşadıqları fərdi yaşayış evində baş verib. Sabirabad rayon sakini İsrafil həmin gün gecə saat 00:10-da Siruz Mehdiyevi bıçaqlayaraq öldürüb. İsrafilin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İsrafil ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilməyib. O, törətdiyi əməllə bağlı özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib və ifadəsində göstərib ki, subaydır, Sabirabad rayonun Bulduq kəndində qeydiyyatda olmaqla yaşayıb, fəhləliklə məşğul olub: “2024-cü ilin oktyabr ayında Türkiyəyə getdim, orada işlədim. Lakin qazancım az olduğundan 2024-cü ilin noyabr ayının əvvələrində evimə qayıtdım. Həmin ilin noyabr ayının əvvəllərində tanışım Eltacı adlı şəxslə telefonla danışarkən o, mənə Masallı rayonunda olduğunu, Masallıda istixana talvarlarının sökülməsi işi olmasını bildirdi, məni həmin işə dəvət etdi. Mən də işsiz olduğumdan Eltacının təklifini qəbul etdim, təxminən 7-8 noyabr tarixdə birbaşa Bakı şəhərindən Masallı rayonuna getdim. Eltacı məni qarşıladı, Masallı şəhərində kirayə qaldığı evə apardı. Həmin vaxt Eltacı ilə bir yerdə işləyən qohumu Siruz adlı şəxs də olub. Onu orada tanımışam. Bir gün sonra birlikdə işləmək üçün Elvin adlı şəxs də gəldi və birlikdə eyni evdə kirayədə qaldıq, Masallı şəhərində istixananın söküntüsü işini apardıq. Eltacı və onun tanışları olan Siruz və Elvinlə bir yerdə qaldıqları qısa müddətdə onlarla münasibətim yaxşı olub. Aramızda heç bir mübahisə və ya münaqişə halları olmayıb”.Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 25-də hava yağışlı olduğuna görə işə çıxmayıblar: “Həmin gün axşam saatlarında mən, Eltacı, Siruz və Elvin pivə içib, domino oynamaq üçün Masallı şəhərində yerləşən “qardaşlar” adlanan çay evinə gedərək hər birimiz 2-3 bakal pivə içdik. Orada domino oynadıqdan sonra orada yemək verilmədiyinə görə yemək yemək üçün adını xatırlamadığım yeməkxanaya getdik. Həmin yeməkxanaya Eltacın tanışı Masallı şəhər sakini Adəm adlı şəxs avtomobili ilə apardı. Yeməkxanada yemək yedik. Mən, Eltacı, Siruz və Elvin araq içdik. Adəm isə spirtli içki içmədi. Gecə saat 22-23 radələrində biz yeməkxanadan çıxdıq. Həmin vaxt adını çəkmək istəmədiyim sevdiyim qız zəng etdiyinə görə yoldaşlarımdan aralandım, Adəmin avtomaşınına gedərək qabaq oturacağında əyləşdim və telefonla danışmağa davam etdim. Az sonra Eltacı, Elvin və Siruz gələrək avtomaşının arxa oturacağında oturdu. Adəm də avtomobili idarə edərək bizi kirayə qaldığımız evə apararkən yolda, evə çatmağa az qalmış Siruz telefonla danışdığımı gördü, avtomaşında olan şəxslərə məni işarə edib nalayiq ifadə işlətdi. Yəni “bu nə qədər fahişə ilə danışır” dedi. Siruzun bu sözü mənə çox pis təsir etsə də, həmin vaxt ona heç bir söz demədim”. Təqsirləndirilən şəxs bildirib ki, evin yanına çatandan sonra Eltacı, Elvin və Siruz avtomaşından düşüblər və Adəm də maşını sürərək gedib: “Uşaqlar evə evə daxil oldular. Mən isə həyətdə telefonla danışdığıma görə evə bir az gec girdim. Evə daxil olan kimi Eltacı sanitar qovşağına girdi. Elvin paltarlarını dəyişmək üçün yataq otağına keçdi. Siruz da paltarlarını soyunaraq divanda əyləşdi. Bir az əvvəl sevdiyim qızla danışan zaman Siruzun mənə dediyi ifadə məni əsəbiləşdirdiyindən evə daxil olandan sonra ona yaxınlaşdım, telefonla danışarkən barəmdə səhv ifadə işlətdiyini bildirdim. Ona “sən nə bilirsən mən fahişə ilə danışıram, yoxsa anamla, bacımla” deyərək iradımı bildirdim. Siruz isə üzr istəmək əvəzinə mənə cavab qaytardı və üzərimə doğru gəldi, mənə şillə atdı. Sonra Siruz üzərimə gələrək əlləri ilə boğazımı tutdu, sıxaraq məni boğmağa başladı. Həmin vaxt özümü müdafiə etmək məqsədilə otaqdakı stolun üstündə olan bıçağı əlimə götürərək özüm də bilmədən iki dəfə Siruzun qarın nahiyəsinə vurdum. Bıçağı Siruzun qarnına vuraraq çıxardım. Bu zaman bıçağın dəstəyi tiyəsindən qoparaq yerə düşdü. Siruzu bıçaqla vurduqdan sonra sakitləşərək kənara çəkildim. Elə həmin anda Eltacı və Elvin nə baş verdiyini soruşdu. Mən də Siruzu bıçaqla vurduğumu, Siruza kömək etmələrini bildirdim. Sonra Siruza kömək etmək məqsədilə onu divana uzatdıq. Siruz da xəsarətlə bağlı “heç nə yoxdur” dedi. Sonra Siruzu “sudurqa” tutdu. Onun ağzına qaşıq salaraq dilini çıxartdı. Lakin bir neçə dəqiqədən sonra Siruz qıvranmağa başladı, halı pisləşdi. Bundan sonra Eltacı təcili yardıma zəng edərək çağırdı. Evə gələn təcili tibbi yardım əməkdaşları Siruzun nəbzini yoxladılar və onun artıq öldüyünü bildirdilər. Daha sonra polis əməkdaşları evə gəldi və hadisə ilə bağlı məni tutaraq polis şöbəsinə apardılar”.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsrafil 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
demokrat.az

1Источники