RU

Lerik rayonu kimi ucqar yerdə torpağın bir sotunun qiyməti 3-5 min manatdır- deputat

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə"dən də göründüyü kimi, Azərbaycanda yerli özünüidarəetmənin daha şəffaf, hesabatlı və səmərəli təşkili istiqamətində mühüm işlər görülür. Məruzədə də qeyd olunduğu kimi, inzibati nəzarət yalnız pozuntuların aşkar edilməsindən ibarət deyil. Eyni zamanda, problemlərin səbəbləri araşdırılır, onların aradan qaldırılması üçün tədbirlər görülür və maarifləndirmə işləri aparılır".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsinə münasibət bildirən deputat Vasif Qafarov deyib.

O qeyd edib ki, bələdiyyələrin informasiya sisteminin və elektron sənəd dövriyyəsinin inkişaf etdirilməsi, qərarların və icra proseslərinin elektron izlənməsi, maliyyə hesabatlılığının yaxşılaşdırılması, həmçinin korrupsiya risklərinin azaldılması istiqamətində görülən işlər müsbət qiymətləndirilməlidir: " Məruzədə torpaq və əmlak idarəçiliyi sahəsində aparılan işlər də geniş şəkildə göstərilib. Bələdiyyə torpaqlarından qanunsuz istifadənin qarşısının alınması, torpaqların ayrılması zamanı qanunvericiliyə əməl edilməsi və hüquqi pozuntuların azaldılması üçün tədbirlər həyata keçirilib. Eyni zamanda, bələdiyyə üzvləri və qulluqçuları üçün maarifləndirmə tədbirləri, seminarlar və təlimlər təşkil olunub, iştirakçıların sayı artırılıb. Bu da yerli idarəetmənin hüquqi əsaslarının möhkəmlənməsinə xidmət edir. Bunun nəticəsidir ki, il ərzində inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə daxil olan və ekspertizadan keçirilən 81711 bələdiyyə aktından 79448-nin və ya 97,2 %-nin qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Ümumilikdə, 2025-ci il üzrə illik məruzə yerli özünüidarəetmə sisteminin inkişafına xidmət edən mühüm sənəd kimi müsbət qiymətləndirilməlidir.
Bununla belə, inzibati nəzarətin daha da effektiv olması üçün risk əsaslı nəzarətin gücləndirilməsi, elektron sistemlərin bütün bələdiyyələrdə tam tətbiqi, həmçinin bələdiyyələrin maliyyə intizamının və gəlir bazasının gücləndirilməsi istiqamətində əlavə tədbirlərin davam etdirilməsi də məqsədəuyğundur.

Məruzədən görünür ki, sayları az da olsa, fəaliyyətlərində uğurlu və müsbət dinamikaya malik bələdiyyələrimiz var. Bunlar əsasən şəhər bələdiyyələridir. Kənd bələdiyyələrinin əksəriyyətinin fəaliyyətində biz bu müsbət dinamikanı görmürük. Hesab edirəm ki, bələdiyyələri ətalətdən çıxardıb çevik, işlək quruma çevirmək üçün onların problemlərini dərindən öyrənməli və müvafiq addımlar atmalıyıq".

Deputat bildirib ki, bunun üçün ilk növbədə, müsbət nəticələr əldə etmiş bələdiyyələrin uğurlu idarəetmə təcrübəsini sistemli şəkildə öyrənməli, ümumiləşdirmələr aparmalı və bu qabaqcıl təcrübəni digər bələdiyyələr arasında təşviq etməliyik: "Həmçinin, zəif fəaliyyət göstəricilərinə malik və nəticələri uğursuz olan bələdiyyələrdə də mövcud problemləri və çatışmazlıqları müəyyən etməli və onları aradan qaldırmaq istiqamətində addımlar atmalıyıq. Hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə onların maddi-texniki bazasının gücləndirilməsi və yerli gəlir mənbələrinin formalaşdırılması və genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi də məqsədəuyğun olardı.

Bələdiyyələrin dayanıqlı gəlir mənbələri formalaşmalıdır. Dayanıqlı gəlir mənbələri olmayan bələdiyyə hansısa bir real iş görmək qabiliyyətinə malik deyil. Hesab edirəm ki, bələdiyyələrin dayanıqlı gəlir mənbələrinin və real iş görmək imkanlarının formalaşması yerli özünüidarəetmə orqanlarına olan etimadın artmasına xidmət edəcək. Eyni zamanda, bu gün bələdiyyələrin, əsasən də kənd bələdiyyələrinin normal fəaliyyətinə mane olan problemləri aradan qaldırmaq istiqamətində də addımların atılması vacibdir.

Bələdiyyələrə aid torpaqların sərhədlərinin bu günə qədər dəqiq müəyyən edilməməsi və xəritələrin tərtib edilməməsi bələdiyyələrin normal fəaliyyət göstərməsinə mane olur. Həmçinin, bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı qiymətlərin həddindən çox yüksək müəyyən edilməsi faktiki olaraq bu sahədə hansısa satış və icarə əməliyyatlarının həyata keçirilməsini çətinləşdirir.

Lerik rayonu kimi ucqar və dağlıq rayonlarda torpağın bir sotunun qiymətinin 3-5 min manat arasında və daha yuxarı səviyyədə müəyyən edilməsi faktiki olaraq bu torpaqların istifadəsiz qalmasına gətirib çıxarır. Bu da öz növbəsində, bələdiyyələrin gəlir əldə etməsinin qarşısını alır.
Hesab edirəm ki, bələdiyyələrin üzləşdikləri bütün bu problemlər kompleks şəkildə araşdırılmalı, təhlil edilməli və müvafiq addımlar atılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
3
olaylar.az

4Источники