RU

Ramiz Mehdiyev kimi yaşamaqdansa, Fəzail Ağamalı kimi ölmək yaxşıdır

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsan dünyaya öz seçimi ilə gəlmir. Heç kim ata-anasını seçə bilmir. Bacı-qardaşını sifariş vermir. Kimsə hansı xalqın övladı olacağını əvvəlcədən müəyyənləşdirmir. İnsan bir evin içində, bir soyadın kölgəsində özünü tapır. Əvvəlcə qəbul etməyi, sonra anlamağı, daha sonra isə susmağı öyrənir. İnsan belə böyüyür, taleyin içində formalaşır.

Unutmayaq ki, həyatın bütün səhifələri taleyin əlində olmur. İnsanın seçə bildiyi məqamlar da var və məhz həmin məqamlar onun kimliyini müəyyənləşdirir.

İnsan dostunu da, həyat yoldaşını da özü seçir. Oturduğu stolu da özü müəyyənləşdirir. Hətta susacağı anı da, danışacağı kəlməni də özü ölçüb-biçir.

Seçmədikləri taleyi, seçdikləri isə onun kimliyidir. Yəqin qəbul edərsiniz, insanı böyüdən də, kiçildən də məhz seçdikləridir.

Dad da seçdiklərimiz içərisindədir.

Bu dünyada hər şeyin dadı var və o dadın ömrü cəmi bir neçə saniyə çəkir. Ən dadlı yeməyin ləzzəti ağızdan qida borusuna düşənə qədərdir. Sonra ləzzət xatirəyə çevrilir, hekayə bitir.

Oxuduqlarımızdan, eşitdiklərimizdən və gördüklərimizdən deyə bilərik ki, insan bəzən o bir-iki saniyəlik həzz üçün bütöv ömrünü girov qoyur.

Xəyanət də dad kimi seçdiklərimiz içərisindədir.

O da belə yaranır. Bir anlıq mənfəət, kreslo sevgisi insanı uçuruma yaxınlaşdırır. Özünü olduğundan böyük göstərmək ehtirası düşüncəni korlaşdırır. Ölçüsünü itirən ambisiya vicdanı susdurur.

Və bir-iki saniyənin içində verilən qərar sonrakı onilliklərin ləkəsinə çevrilir.

Sonra insan həmin ləkə ilə yaşamağa məhkum qalır. Xəyanət içində yaşamalı, ölməli olur. Bunlar ömürlük damğalardır.

Ölüm isə həm seçdiklərimiz içindədir, həm də seçdiklərimiz içində deyil.

Fiziki ölümü insan seçə bilmir.

Mənən ölüm isə insanın öz əlindədir.

Sabiq deputat Fəzail Ağamalı öldü və bir insan ömrü torpaqla tamamlandı. O, fiziki öldü, bir siyasətçi, ata, partiya rəhbəri kimi səhifəsini bağladı. Başqa məsələ ki, arxasında mübahisələr, tərəfdarlar, tənqidlər qoydu. Onun siyasi xətti ilə razılaşmaq da olar, razılaşmamaq da... Amma o, heç vaxt dövlətinə xəyanət edən adam kimi xatırlanmayacaq. Onun hərəkət trayektoriyası daha çox öz çevrəsinin içində idi. Sağlığında belə, partiya daxilində incikliklər olurdu, dostluqlarda sınmalar yaşanırdı. Bu sınmaların ağrısını yaxın çevrəsi çəkirdi.

Bu da bir gerçəklikdir ki, bəzən ölüm barışdırır və susdurur. Bəzən bir ata torpağa tapşırılır ki, övladları bir masa arxasında əyləşə bilsin. Bəzən torpaq üstündə dava edənlər torpaq altını düşünəndə sakitləşirlər.

Ramiz Mehdiyev isə yaşayır və əməlləri ilə ölüm yaşında üz-üzədir. Hətta o, ölsə belə ömrü tamamlanmayacaq.

Yaşamaq hər zaman nəfəs almaq demək deyil ki... Ramiz Mehdiyevin yaşaması xəyanətinin ağır yükünü daşımaqdır. Fəzail Ağamalıdan fərqli olaraq o sağ ikən mənən ölüb.

Dövlətə arxa çevirmək, xalqa qarşı durmaq fərdi inciklik deyil, milli məsələdir. Bütöv bir xalqın taleyinə toxunan qərardır. Adın belə məqamlarla assosiasiya olunursa, hər saniyə ölə-ölə yaşayırsan.

Fəzail Ağamalı öldü və onun haqqında indi ya rəhmət deyilir, ya da sükut seçilir. Ramiz Mehdiyev isə yaşayır və hər gün yeni bir hökmün astanasında dayanır.

Rəhmətlə xatırlanmaqmı daha qiymətlidir, yoxsa lənətlə anılmaqmı? Bu sualın cavabı uzun ömürdə yox, o ömrün içində gizlənir.

Bəzən uzun ömür nemət yox, cəza olur. İnsan yediklərini bir gün qaytarmalı olur. Yaşatdıqlarını bir gün qaytarmalı olur. Bu, ilahi ədalətdir.

Bəzən insan ölümə həsəd aparacaq həddə gəlir. Ramiz Mehdiyev kimi, o, yüzə-yüz indi oturub bir zamanlar qəbuluna almadığı Fəzail Ağamalının ölümünə qibtə edir.

Elə suallar var ki, onu ancaq ölüm bağlayır.

Yaşamaq isə hər gün eyni suallarla üzləşməkdir.

Ramiz Mehdiyev kimi yaşamaq iyrənc və xəyanət mirasın içində hər an boğulmaqdır. Bir nəsli, əlbir olduğu bir dəstəni xalq düşməni kimi tarixə yazmaqdır.

Ölüm həm də mirasdır. Kimi üçün mal-mülk, kimi üçün ad, reputasiya...

İndi bildinizmi ki niyə Ramiz Mehdiyev kimi yaşamaqdansa, Fəzail Ağamalı kimi ölmək daha yaxşıdır?..

Bildinizmi ki, insanın ən böyük sərvəti uzun ömür deyil, arxasınca deyilən son sözdür...

O son söz ya rəhmət ya da lənət olacaq.

Yaşanan həyatın bütün mənası da məhz o cümlədə cəmlənəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
modern.az

1Источники