Sabunçu–Suraxanı istiqamətində işləyən yeganə avtobus xətti olan 55 nömrəli marşrut avtobuslarının vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub...
Poliqon xəbər verir ki, tribuna.az portalına müraciət edən sakinlər bildirib ki, bu xətt üzrə fəaliyyət göstərən avtobuslar uzun müddətdir yenilənmir, texniki baxımdan yararsız vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, marşrutda işləyən nəqliyyat vasitələri faktiki olaraq “dağılıb-tökülür”, salonları köhnə və baxımsızdır, oturacaqlar sınıq, qapılar nasaz vəziyyətdədir. Ən ciddi problem isə avtobusların hərəkət zamanı havaya qalın qara tüstü buraxmasıdır.
“Bu avtobuslara minmək həm narahatdır, həm də təhlükəlidir. Sanki illərdir texniki baxışdan keçməyən nəqliyyat vasitələri hələ də istismara buraxılır. Hər gün bu marşrutdan istifadə edən yüzlərlə insanın sağlamlığı risk altındadır”, – deyə sakinlər qeyd ediblər.

Digər marşrut xətlərində müəyyən yenilənmələr aparıldığı halda, 55 nömrəli xətt illərdir diqqətdən kənarda qalıb. Sakinlər məsələ ilə bağlı dəfələrlə narazılıq etsələr də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etsələr də, indiyədək real dəyişiklik görmədiklərini bildirirlər.
“Paytaxtda ictimai nəqliyyatın modernləşdirilməsindən danışılır, amma bizim istifadə etdiyimiz avtobuslar illər əvvəlki vəziyyətdə qalıb. Aidiyyəti qurumlar bu xəttə niyə nəzarət etmir?” – deyə müraciətdə vurğulanır.
Sakinlər AYNA-nı bir dəfə bu marşrut üzrə yoxlama aparmağa dəvət edib:
“AYNA rəhbərliyi bir dəfə yolunu bu tərəflərdən salsın, bu avtobusa minsin. Görsün bu camaat nələr çəkir. AYNA-nın işi ancaq cərimə yazmaq, şəhəri xətləmək, mərkəzdəki avtobusları dəyişməkdən ibarətdir sanki”.
Məsələ ilə bağlı AYNA-dan mövqe öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı. Qarşı tərəfi dinləməyə hazırıq.

Poliqon.info