RU

Trampa haqqında danışmaq qadağan olunan gizli silah: Detallar sızdırıldı

ABŞ xüsusi təyinatlılarının Venesuelada Nikolas Maduronun qaçırılması zamanı və Trampın adını açıqladığı “discombobulator” adlı gizli silahla bağlı bəzi məlumatlar sızdırılıb.

Turkustan.az CNN-ə istinadla xəbər verir ki, Tramp ABŞ ordusunun budan əvvəl istifadə olunmamış hərbi texnologiyalara malik olduğunu bildirmişdi.

Hərbi rəsmilərin sözlərinə görə, bu il yanvarın 3-də Venesuelanın paytaxtı Karakasda həyata keçirilən əməliyyat ölkə üzrə radar, rabitə şəbəkələri və hava hücumundan müdafiə sistemlərini deaktiv etməyə yönəlmiş koordinasiyalı hücumlarla başlayıb. Bu addım xüsusi təyinatlı qüvvələrin ölkəyə daxil olmasını asanlaşdırmaq məqsədi daşıyıb.

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, Hərbi Hava Qüvvələri generalı Den Keynin açıqlamasına görə, əməliyyata 150-dən çox təyyarə cəlb olunub. Onların arasında bombardmançı təyyarələr, qırıcılar, kəşfiyyat və müşahidə platformaları yer alıb.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Venesuelanın erkən xəbərdarlıq sistemləri və hava müdafiəsi kiber əməliyyatlarla sıradan çıxarılıb. Quru mərhələsində isə şəxsi heyətin istiqamət və qavrayışını pozmaq məqsədilə akustik vasitələrdən istifadə edilib. Tramp məhz bu mərhələdə “discombobulator”un işə salındığını iddia edib.

“Discombobulator” nə ola bilər?

Mütəxəssislər hesab edirlər ki, “discombobulator” yeni silah deyil, müxtəlif mövcud texnologiyaların kombinasiyasını ifadə edən ümumi addır. Onların fikrincə, bu termin kiber hücum, elektron müharibə və akustik təsir sistemlərinin birgə tətbiqini təsvir edə bilər.

ABŞ ordusunun artıq Uzun Məsafəli Aktiv Akustik Qurğulardan (LRAD), elektron müharibə sistemlərindən və “Stuxnet” tipli kiber alətlərdən istifadə etdiyi məlumdur. LRAD sistemləri yüksək və yönləndirilmiş səs dalğaları ilə uzaqdan xəbərdarlıq və kütlə nəzarəti üçün tətbiq olunur, lakin yüksək ağrı və müvəqqəti eşitmə problemləri yarada bilər.

Bəzi ekspertlər isə “discombobulator”un yüksək güclü mikrodalğalı sistem ola biləcəyini ehtimal edirlər. Belə sistem fiziki partlayış yaratmadan hədəfin həm texniki infrastrukturunu, həm də bioloji funksiyalarını müvəqqəti olaraq iflic edə bilər.

Nə baş vermişdi?

Yanvarın 3-də Karakasda gecə saatlarında partlayış və təyyarə səsləri eşidilmişdi. Venesuela hakimiyyəti ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücumda ittiham etmişdi.

Prezident Donald Tramp isə Maduroya qarşı genişmiqyaslı əməliyyat keçirildiyini və onun ölkədən çıxarıldığını açıqlamışdı. ABŞ tərəfi daha sonra Maduro və həyat yoldaşına qarşı müxtəlif ittihamların irəli sürüldüyünü bildirmişdi./"Yeni Sabah"

Избранный
21
2
turkustan.az

3Источники