Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 13 fevral, Günel Türksoy, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın katibi, “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Ramilə Mahmudova Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası prosesi barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Ramilə xanım, Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası prosesini necə qiymətləndirirsiniz?
– Müasir beynəlxalq yanaşmaya əsasən, artıq söhbət yalnız əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasından getmir. Əsas məsələ onların cəmiyyət həyatında digər şəxslərlə bərabər əsasda tam və effektiv iştirakının təmin edilməsidir. Bu yanaşma əlilliyi sosial yardım çərçivəsində deyil, insan hüquqları müstəvisində qiymətləndirir və dövlət siyasətində inklüziv mühitin yaradılmasını, bərabər imkanların təmin olunmasını və ayrı-seçkiliyin aradan qaldırılmasını prioritet kimi müəyyən edir. Təqdirəlayiq haldır ki, Azərbaycanda bu istiqamətdə son illərdə sistemli və ardıcıl addımlar atılır. Sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, reabilitasiya xidmətlərinin genişləndirilməsi, inklüziv təhsil imkanlarının artırılması, məşğulluq proqramlarının tətbiqi və sosial xidmət modelinin müasirləşdirilməsi bu prosesə mühüm töhfə verir.
Eyni zamanda, əlilliyə yanaşmada tibbi modeldən daha çox sosial modelə keçidin təşviq olunması, əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsinin yalnız sosial yardım məsələsi deyil, insan hüquqları məsələsi kimi qəbul edilməsi müsbət dinamikanın göstəricisidir.
Bununla yanaşı, inteqrasiya prosesi davamlı və çoxşaxəli xarakter daşıyır. İnfrastrukturun təkmilləşdirilməsi, inklüziv təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, ictimai şüurun dəyişməsi, əlilliyin cəmiyyət tərəfindən düzgün dərk olunması və stereotiplərin aradan qaldırılması istiqamətində hələ qarşıda görüləsi çox işlər var. Ümumilikdə isə, proses mərhələli şəkildə inkişaf edir və son illərdə müsbət tendensiya müşahidə olunur.
– 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər fonunda şəhər infrastrukturu əlilliyi olan şəxslər üçün nə dərəcədə əlçatandır?
– Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması şəhər mühitinin daha müasir, təhlükəsiz və inklüziv prinsiplər əsasında formalaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs şəhərsalma siyasətində yalnız estetik və funksional meyarların deyil, eyni zamanda, sosial ədalət və bərabər imkanlar prinsipinin də prioritet kimi qəbul edildiyini göstərir.
Hazırda yeni layihələndirilən ictimai və inzibati binalarda, park və istirahət məkanlarında pandusların, liftlərin, taktil xətlərin və digər uyğunlaşdırılmış əlçatanlıq həllərinin tətbiqi əvvəlki dövrlərlə müqayisədə daha geniş yayılıb. Xüsusilə dövlət sifarişi ilə həyata keçirilən tikinti layihələrində bu məsələyə daha ciddi yanaşma müşahidə olunur.
Bununla belə, şəhər mühitinin tam əlçatan olması üçün sistemli və vahid yanaşmanın davam etdirilməsi vacibdir. Köhnə tikililərdə, bəzi yaşayış binalarında və piyada infrastrukturunda əlçatanlıq hələ də məhduddur. Bundan əlavə, əlçatanlıq anlayışı yalnız fiziki giriş imkanı ilə məhdudlaşmamalı, informasiya və kommunikasiya mühitini də əhatə etməlidir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində universal dizayn prinsiplərinin daha geniş tətbiqi, normativ tələblərə əməl olunmasına nəzarətin gücləndirilməsi və əlilliyi olan şəxslərin qərar qəbuletmə proseslərinə cəlb edilməsi inklüziv şəhər modelinin formalaşmasına mühüm töhfə verə bilər.
Bu məsələdə başlıca hədəf şəhərin sağlamlıq vəziyyətindən və fiziki imkanlarından asılı olmayaraq, hər kəs üçün rahat, təhlükəsiz və inklüziv məkana çevrilməsidir. Buna nail olmaq üçün ardıcıl və məqsədyönlü addımlar atılmalıdır.
– Yeni tikililərdə, ictimai nəqliyyatda və küçələrdə əlilliyi olan şəxslər üçün yaradılan şərait mövcud tələblərə nə dərəcədə cavab verir? Bu sahədə görülən işləri qənaətbəxş hesab edirsinizmi?
- Yeni tikililərdə əlçatanlıq tələblərinin nəzərə alınması əvvəlki dövrlərlə müqayisədə daha sistemli xarakter alıb. Xüsusilə dövlət sifarişi ilə inşa olunan obyektlərdə bu məsələyə daha ciddi yanaşma müşahidə edilir. İctimai nəqliyyat sahəsində də müəyyən müsbət dəyişikliklər var. Belə ki, aşağı döşəməli avtobusların tətbiqi, bəzi ictimai məkanlarda uyğunlaşdırılmış girişlərin yaradılması buna nümunədir. Lakin bu imkanların bütün marşrut və əraziləri əhatə etməsi hələ təmin olunmayıb. Küçə mühitində isə pandusların standartlara uyğun olmaması, səki keçidlərinin qeyri-bərabərliyi və digər texniki çatışmazlıqlar əlilliyi olan şəxslərin sərbəst hərəkət imkanlarını məhdudlaşdıra bilir. Görülən işləri ümumilikdə müsbət qiymətləndirmək olar, lakin əlçatanlıq məsələsi tam həll edilmiş hesab oluna bilməz. Bu sahədə davamlı nəzarət, ictimai iştirakçılıq və əlilliyi olan şəxslərin özlərinin qərar qəbuletmə proseslərinə cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Əsas məqsəd odur ki, əlilliyi olan şəxslər cəmiyyətin həyatında bərabərhüquqlu və müstəqil iştirak imkanına real şəkildə malik olsunlar. Bu isə yalnız fiziki mühitin deyil, həm də sosial münasibətlərin və idarəetmə yanaşmasının inklüziv olmasını tələb edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.