RU

TRIPP layihəsi regionda sülhü və beynəlxalq əməkdaşlığı gücləndirir - ŞƏRH OLUNDU

“Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın vitse-prezidenti Cey Di. Vens ilə birgə mətbuata verdiyi bəyanatda TRIPP layihəsinin region üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb”.

Bu sözləri SİA- ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, ölkə başçısı bildirib ki, bu layihə yalnız iqtisadi tərəfi ilə deyil, eyni zamanda siyasi və sosial aspektləri ilə də önəm kəsb edir və bölgədə sülhün, davamlı inkişafın və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək:
“Prezident İlham Əliyev qeyd edib ki, TRIPP layihəsi Azərbaycanın milli maraqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır, eyni zamanda ölkənin bir hissəsi ilə digər hissəsini maneəsiz birləşdirərək regional nəqliyyat və logistika imkanlarını gücləndirəcək. Bu, yalnız ölkədaxili iqtisadi aktivliyi artırmaqla kifayətlənməyəcək, həm də bölgə ölkələri arasında etimadın və qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edəcək.

Layihənin iqtisadi dividentləri xüsusilə mərkəzi Asiya və Avropa ölkələri üçün də əhəmiyyətli olacaq. İlham Əliyev vurğulayıb ki, TRIPP layihəsi vasitəsilə Azərbaycanın təşəbbüsü ilə yaradılan Zəngəzur dəhlizi yalnız ölkəmiz üçün deyil, eyni zamanda qonşu ölkələr və bütün region üçün iqtisadi imkanlar yaradacaq. Ermənistanın da bu dəhlizdən iqtisadi gəlir əldə edəcəyi gözlənilir, bu isə regional iqtisadi inteqrasiyanın və qarşılıqlı faydanın göstəricisidir.

Prezident bildirib ki, layihənin reallaşması bölgədə dayanıqlı sülhün təmin olunmasına da töhfə verəcək. Sülh müqaviləsi imzalandıqdan və Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra regionda uzunmüddətli, ədalətli və davamlı sülhün mövcudluğu təmin olunacaq. Bu sülh yalnız iqtisadi sabitlik yaratmaqla kifayətlənməyəcək, eyni zamanda sosial və siyasi sabitliyin də əsasını təşkil edəcək.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, layihə regionda əməkdaşlığın inkişaf etdirilməsi, yeni investisiya imkanlarının yaradılması və infrastrukturun modernləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu təşəbbüs həm iqtisadi artımı stimullaşdıracaq, həm də region ölkələri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Bəyanat zamanı diqqətə çatdırılıb ki, TRIPP layihəsi Azərbaycan və ABŞ arasında əməkdaşlığın gücləndirilməsi baxımından da önəmlidir. Layihə vasitəsilə Azərbaycan, ABŞ ilə iqtisadi, enerji və nəqliyyat sahələrində strateji tərəfdaşlığını daha da dərinləşdirəcək və regionda stabilliyin təmin olunmasına töhfə verəcək.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın əsas məqsədi regionda sülh və əmin-amanlıq içində yaşamaqdır. TRIPP layihəsi isə bu məqsədin həyata keçirilməsində mühüm rol oynayacaq və regionda əməkdaşlıq, inkişafa və sabitliyə növbəti töhfə verəcək”.

Müəllif: Günay Hacıyeva
Избранный
6
sia.az

1Источники