






2025-ci ilin oktyabrında məhkəmə dizaynerin xeyrinə qərar çıxarıb. Noyabrın sonunda isə ödəniləcək məbləğ müəyyən edilib – məhz Aleksandranın ilkin mərhələdə rəsmi qaydada razılaşdırmağı təklif etdiyi məbləğ. Lakin ödəniş müddətinin başa çatmasına iki gün qalmış şirkət Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. “Baxış 9 fevral 2026-cı ildə – ilk ünsiyyətimizdən bir qədər artıq bir il sonra keçirildi. Apellyasiya məhkəməsinin qərarı ilə şikayət təmin olunmadı, rayon məhkəməsinin hökmü isə qüvvədə saxlanıldı”, – deyə Aleksandra bölüşür. “‘Gavali group’ şirkətinə gəlincə, səmimi qəlbdən ümid edirəm ki, artıq hər şey kifayət qədər aydındır. Səhv etmək hər kəsə xasdır, əsas məsələ səhvi etiraf etməyi bacarmaqdır. Çox istəyirəm ki, ödənişlər vaxtında həyata keçirilsin və qarşılıqlı hörmət münasibətlərini qoruya bilək”. Məhkəmədə qeyd olunub ki, ölkədə bu tip mübahisələr nadir hallarda rast gəlinir. Plagiatla bağlı işlər daha çox musiqi əsərlərinə aiddir. Aleksandra müəlliflərin sonadək mübarizə aparmamasının bir neçə səbəbini göstərir: proses uzunmüddətli və xərc tələb edən olmaqla yanaşı, sənədlərlə son dərəcə dəqiq və sistemli işləməyi zəruri edir. “Şirkətlər çox vaxt sosial şəbəkələri pulsuz kontent mənbəyi kimi qəbul edirlər. Digər müəlliflərlə ünsiyyətdən də bildiyim kimi, onların mövqeyi tez-tez belə səslənir: ‘Sizə təşəkkür düşür ki, sizi reklam edirik’”, – deyə dizayner vurğulayır. “Lakin ‘reklam’ anlayışı o deməkdir ki, müəllif müqavilə əsasında ya satışdan faiz (royalti), ya da birdəfəlik ödəniş almalıdır. Və ya ən azı müəllifin adı məhsulun üzərində qeyd edilməlidir. Mənfəətin birtərəfli qaydada əldə olunması reklam deyil. Başqasının intellektual mülkiyyətini öz brendin adı ilə təqdim etmək qanun pozuntusudur”. Aleksandra əlavə edir ki, bu gün istənilən paylaşım və ya faylın “elektron izi” mövcuddur və sənədlərin həqiqiliyini müəyyənləşdirmək hər bir peşəkar hüquqşünas üçün çətin deyil. “Ümid edirəm ki, bu hadisə oxşar sui-istifadələrə yol verən şirkətlər üçün presedent olacaq. Müəlliflər isə anlamalıdırlar ki, işi düzgün aparanda qanun onların tərəfində olur. Hüquqlarınızın görməzlikdən gəlinməsinin yeganə səbəbi sizin hərəkətsizliyinizdir”, – deyə Aleksandra Salamaxina yekunlaşdırır.
Məsələnin hüquqi tərəfi ilə bağlı fikirlərini Aleksandranın hüquqlarını müdafiə edən vəkil Yusif Allahverdiyev bölüşüb. “Aleksandra Salamaxina 2018-ci ildə yaratdığı əsərin ‘Gavali group’ şirkətlər qrupu tərəfindən qablaşdırmalarda istifadə olunduğunu aşkar edib. Görüşlər keçirildi, şifahi danışıqlar aparıldı, həmin görüşlərin birində mən də iştirak edirdim. Lakin tərəflər razılığa gələ bilmədi: şirkət bildirdi ki, onlarda bu cür cəmi yeddi qutu olub və 500 manat məbləğində kompensasiya təklif etdi. Bundan sonra biz məhkəməyə müraciət etdik”, – deyə Y. Allahverdiyev bildirib. Onun sözlərinə görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin sədrliyi ilə qəbul olunan qərara əsasən iddia qismən təmin edilib. İddiaçı tərəf 15 000 manat kompensasiya və 5 000 manat zərərin ödənilməsini tələb edirdi. Məhkəmə qərar verib ki, “Gavali Group” Aleksandra Salamaxinanın xeyrinə 5 000 manat məbləğində kompensasiya ödəsin. “Bununla razılaşmayan ‘Gavali Group’ apellyasiya şikayəti verdi. İş Bakı Apellyasiya Məhkəməsində hakim Elşan Kazımovun sədrliyi, hakimlər Namiq Cəfərov və İkram Şirinovun iştirakı ilə baxıldı. Fevralın 9-da məhkəmə apellyasiya şikayətini təmin etmədi və Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı”, – deyə vəkil qeyd edib. Qarşı tərəfin mövqeyini öyrənmək üçün “Gavali group” şirkətinin direktoru Rüstəm Hüseynovla əlaqə saxladıq. “Biz düşünürdük ki, şəkil Google-dan götürülüb, sonradan məlum oldu ki, Pinterest-dəndir. Bu, Aleksandra Salamaxina bizdən rəsmi haradan götürdüyümüzü soruşduqdan sonra aydınlaşdı. Sual yaranan kimi operativ şəkildə Türkiyə ilə (qutuların sifariş olunduğu yer – red.) əlaqə saxladıq və onlar şəkli Pinterest-dən götürdüklərini etiraf etdilər. Yəni həmin vaxt bu barədə məlumatımız yox idi. Bu hal bizimlə ilk dəfə baş verir. Biz Türkiyə tərəfdən layihələndirmə zamanı Azərbaycanı simvolizə edən atributlardan istifadə etmələrini xahiş edirik. Bu, sadəcə insidentdir; kritik heç nə baş verməyib, heç kim ölməyib”, – deyə Rüstəm Hüseynov bildirib. Onun sözlərinə görə, şirkət qərarla razı deyil: “Yuxarı instansiya yalnız Avropa Məhkəməsidir, lakin bunun üçün enerjimiz yoxdur. Bu, xırda məsələdir, təsadüfi hadisədir. Kompensasiya, əlbəttə ki, ödəniləcək: iş icraya yönləndirilib və ödəniş həyata keçiriləcək. Hər halda Türkiyədəki istehsalçı bu xərcləri bizə qaytaracaq. Bu texniki səhvdirsə belə, burada bizim günahımız yoxdur – bu, istehsalçının problemidir”, – deyə şirkət direktoru əminliklə vurğulayıb. R. Hüseynov məhkəmə qərarını qəbul etmədiyini də bildirib: “Razıyam, xanımın məhkəməyə müraciət etmək hüququ var idi və o qalib gəldi, buna sözüm yoxdur. Daha yuxarı instansiyaya müraciət edə bilmirik, çünki Ali Məhkəmə bu qədər kiçik məbləğli işlərə baxmır. Amma iş Ali Məhkəməyə çatsaydı və daha ətraflı araşdırma aparılsaydı, nəticə fərqli ola bilərdi. Sahibkar kimi burada mənim təqsirim yoxdur”. Onun fikrincə, məhkəmə prosesə bütün istehsalçıları da cəlb etməli idi. O hesab edir ki, birinci instansiya məhkəməsi kifayət qədər şəffaf və korrekt keçirilməyib. “Yeddi qutuya görə indi 5 min manat cərimə ödəyirəm. Mənim əlimdə cəmi yeddi ədəd məhsul idxal etdiyimi təsdiqləyən rəsmi gömrük sənədləri var. 5 min manat məbləğin hansı meyarlara əsasən hesablandığı bizə aydın şəkildə izah edilmədi”, – deyə o bildirib. Son söz Aleksandra Salamaxinanın hekayəsi iki tərəf arasında sırf fərdi mübahisə deyil, hər kəs üçün mühüm mesajdır – hüquqlar uğrunda mübarizə aparmaq lazımdır. Bu hadisə göstərir ki, “internetdən götürülmüş şəkil”in arxasında canlı insan, onun əməyi və istedadı dayanır və bunlar qanunla qorunur. Aleksandranın da vurğuladığı kimi, bu məsələlərdə əsas olan hərəkətdir. Hüquqlarını bilmək, israrlı olmaq və sona qədər getməyə hazır olmaq şəxsi incikliyi hüquqi presedentə çevirir və hamıya xatırladır: intellektual mülkiyyət hədiyyə deyil, hörmət olunmalı bir dəyərdir. Faiqə Məmmədova