XIX əsrin I yarısında Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra “Divanxana meydanı” ictimaiyyətə açılmışdır. Həmin dövrdən sonra bu meydan həm də “Bazarbaşı” adlandırılmağa başlayır. Müasir dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş “Rasta bazar” küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir. “Divanxana meydanı” Qarabağ xanının Divanxanası olmuş, 1805-ci ildə rus əsgərlərinin Şuşada yerləşdirilməsindən sonra isə bəzi əlavələr edilərək pravoslav kilsəsinə çevrilmiş, 1970-ci illərdə isə qədim Divanxana binasının yerində mədəniyyət evi inşa edilmişdir. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra isə “Mədəniyyət evi” tamamilə dağıdılmış, bina məhv edilmişdir. “Meydan” adlanan yer Şuşanın əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı “Bazarbaşı”ndan başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan “Rasta bazar” küçəsi məhz “Meydan”da tamamlanır, beləliklə, “Meydan” və “Bazarbaşı”nı əlaqələndirir. Ətrafında yerləşən binaların təyinatında, əsasən, “Meydan” Şuşada mühüm ictimai-ticari rol oynamış, burada böyük dini mərasimlər də (Aşura) keçirilmişdir. “Meydan”ın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII-XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir.
“Aşağı meydan” və ya “Torpaq meydanı” adlanan yer Şuşa şəhərinin ən qədim şəhər meydanlarından biridir. Şuşa şəhərinin aşağı hissəsində yerləşir. “Aşağı meydan” adı “Meydan”ın yerləşdiyi ərazi ilə müqayisədə “Aşağı meydan”ın ərazisinin Şuşa qalasının aşağı hissəsində yerləşməsi ilə əlaqəlidir. “Aşağı meydan” xalq arasında həm də “Torpaq meydanı” adı ilə tanınır. Bu adın yaranmasının səbəbi isə Şuşanın digər şəhər meydanlarından fərqli olaraq, daşlarla döşənməməsi və torpaq örtüyə malik olması ilə əlaqəlidir. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında “Aşağı meydan”ın qərb tərəfində yerləşən, bir-birinə bitişik iri ictimai binalar mövcud olmuşdur. “Rasta bazar” adlanan küçə Şuşa şəhərinin mərkəzində yerləşməklə yanaşı, “Bazarbaşı” və “Meydan”ı birləşdirən, XIX əsrin II yarısından etibarən isə həm də əsas ticarət mərkəzi rolunu oynayan tarixi küçədir. “Aşağı bazar” küçəsindən fərqli olaraq, “Rasta bazar” küçəsi Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında dəqiq və yaxşı planlaşdırılmaya malik deyil. Buna görə də, XIX əsrin yarısına kimi gələcəkdə şəhərin əsas ticarət magistralı olacaq “Rasta bazar” küçəsi yalnız köməkçi küçə rolunu oynamışdır. Həmin dövrdə şəhərin əsas ticarət magistralı isə “Aşağı bazar” küçəsi idi. Şuşanın 1837, 1844 və 1847-ci illərə aid baş planlarında 300 metrə qədər uzanan və təxminən 15 metr enə malik olan, “Rasta bazar” küçəsinin hər iki tərəfində birmərtəbəli eyni tipli ticarət sıraları uzanırdı. “Şeytan bazar” adlanan küçə Şuşa şəhərinin mərkəzində yerləşməklə “Meydan”dan başlayan və “Rasta bazar” küçəsinin davamı olan tarixi küçədir. Qarabağ xanının vəziri və şair Molla Pənah Vaqifin malikanəsi bu küçədə yerləşmişdir. “Aşağı bazar” adlanan küçə isə Şuşanın mərkəzində yerləşən üç əsas magistral küçədən biridir. Aşağı və Rasta bazar küçələrinin kəsişməsi nəticəsində şəhərin əsas ticarət və ictimai mərkəzi olan “Meydan” formalaşır. Şəhərin ən qədim və mühüm ticarət küçəsi olan “Aşağı bazar” küçəsi “Aşağı meydan” və “Meydan”ı birləşdirir. XIX əsrin I yarısına kimi Şuşanın əsas planlaşdırma strukturunun mərkəzində məhz “Aşağı bazar” küçəsi dayanırdı. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına görə, XIX əsrin əvvəllərində bu küçə şəhərdə yeganə dəqiq planlaşdırılmış ticarət magistralı olmaqla, hər iki tərəfində qırmızı xətt boyunca ticarət sıraları yerləşirdi. Əsas ticarət küçəsi olmaqla yanaşı, həmin dövrdə “Aşağı bazar” küçəsi həm də uzun mərkəz rolunu oynayırdı. Qarabağ tarixçisi Baharlının verdiyi məlumata görə, həmin dövrdə “Aşağı bazar” küçəsində ticarət sıraları ilə yanaşı, karvansara və hamamlar, o cümlədən Uğurlu bəy hamamı yerləşirdi. Təəssüf ki, həmin memarlıq sənətinin nümunələri olan tikililərin böyük bir hissəsi dövrümüzə qədər çatmamışdır.