RU

İranda islahatçı fiqurlara qarşı dalğa

İranda son günlər reformçu siyasi fiqurlara qarşı aparılan ardıcıl saxlanılmalar ölkənin daxili siyasi tarazlığı və regional-beynəlxalq şərait fonunda ayrıca diqqət tələb edən proses kimi qiymətləndirilməlidir. Rəsmi izahlar bu addımları təhlükəsizlik səbəbləri ilə əsaslandırsa da, əməliyyatların vaxtı, hədəf seçimi və irəli sürülən ittihamların ümumi xarakteri məsələnin adi hüquqi prosedurdan daha geniş siyasi məna daşıdığını göstərir.

Saxlanılan şəxslər əsasən reformçu düşərgədə simvolik və təşkilati çəkisi olan fiqurlardır. Reform Cəbhəsinin rəhbəri Azər Mənsuri, bu cəbhənin siyasi komitəsində təmsil olunan və keçmiş deputat olan İbrahim Əsgərzadə, Məhəmməd Hatəmi dövründə xarici işlər nazirinin müavini vəzifəsini icra etmiş Möhsün Eminzadə və Reform Cəbhəsinin sözçüsü Cavad İmam ilkin mərhələdə saxlanılanlar sırasındadır. Sonrakı günlərdə siyasi fəal və sabiq deputat Əli Şakuri-Rad, eləcə də rejimdaxili müxalifət xətti ilə tanınan Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubinin də prosesə daxil edilməsi əməliyyatların dairəsinin genişləndiyini göstərir. Bu şəxslərin ortaq cəhəti ondan ibarətdir ki, onlar sistemdən kənar radikal müxalifət deyil, illər boyu İslam Respublikasının institutları daxilində fəaliyyət göstərmiş, islahat zərurətini müdafiə etmiş və hələ də müəyyən ictimai-siyasi çevrələrlə əlaqələrini qoruyan aktorlardır.

Əməliyyatların diqqətçəkən tərəflərindən biri onların İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat strukturu ilə Kəşfiyyat Nazirliyinin koordinasiyası əsasında aparılmasıdır. Bu fakt saxlanılmaların təsadüfi və ya lokal təşəbbüs olmadığını, mərkəzləşdirilmiş təhlükəsizlik qərarının tərkib hissəsi kimi həyata keçirildiyini göstərir. Rəsmi açıqlamalarda bu şəxslərin ölkənin siyasi və sosial sabitliyini pozmağa yönəlmiş fəaliyyətlərdə ittiham edildiyi, ABŞ və İsrail maraqları ilə uzlaşan mövqe tutduğu, milli birliyə zərbə vurduğu iddia olunur. Konstitusion quruluşa qarşı çıxmaq, düşmən təbliğatına xidmət etmək, təslimçi yanaşma yaymaq və gizli dağıdıcı mexanizmlər formalaşdırmaq kimi geniş və konkret olmayan ittihamlar isə prosesin hüquqi deyil, daha çox siyasi funksiyasına işarə edir.

Bu mərhələdə əsas sual konkret olaraq kimlərin saxlanılmasından çox, bu addımların hansı siyasi kontekstdə atılmasıdır. Qısa müddətli baxışda proses son etiraz dalğası və onun ardınca formalaşmış siyasi atmosferlə sıx bağlıdır. Etirazların son dərəcə sərt şəkildə yatırıldığı, minlərlə insanın həyatını itirdiyi iddia olunan bir dövrdən sonra hakimiyyət bu hadisələri ardıcıl şəkildə çevriliş cəhdi kimi təqdim etməyə çalışmışdır. Bu yanaşma həm ictimai bazanı toparlamağa, həm də sərt təhlükəsizlik tədbirlərini legitimləşdirməyə xidmət etmişdir.

Lakin reformçu düşərgəyə yaxın bəzi fiqurlar bu rəsmi narrativə açıq şəkildə etiraz etmiş, bəyanat və açıqlamalarda etirazlar zamanı baş verən zorakılığın məsuliyyətini birbaşa siyasi rəhbərliyin üzərinə qoymuşdular. Bu mövqelər etirazları xarici mərkəzli plan kimi təqdim edən yanaşmanı zəiflədir və məsuliyyəti daxili qərar mexanizmlərinə yönəldirdi. Məhz bu səbəbdən reformçu ritorika təkcə tənqid kimi deyil, müəyyən ictimai qarşılıq potensialı daşıyan siyasi risk kimi qiymətləndirilmiş ola bilər.

Bu sərt refleksin əsas motivlərindən biri rejim təhlükəsizliyi ilə bağlı narahatlıqlardır. İran eyni zamanda həm dərinləşən daxili legitimlik böhranı, həm də xaricdən gələn hərbi təhdid ehtimalları ilə üz-üzədir. ABŞ ilə mümkün birbaşa qarşıdurma ssenarilərinin tez-tez gündəmə gəlməsi fonunda daxili siyasi parçalanmalar artıq sadəcə fikir ayrılığı deyil, zəiflik əlaməti kimi qəbul olunur. Bu şəraitdə sistemdaxili reformçu tənqidlər dövlətin birlik görüntüsünü zədələyən amil kimi dəyərləndirilir.

Daha geniş baxışda əsas sual bu saxlanılma dalğasının hansı həddə qədər irəliləyə biləcəyidir. Keçmiş prezident Həsən Ruhani və onun ətrafında formalaşmış siyasi çevrələr potensial növbəti hədəf kimi görünür. Mühafizəkar düşərgədə uzun müddətdir iqtisadi böhran və diplomatik çıxılmazlıqların məsuliyyətinin Ruhani dövrünün siyasətinə aid edildiyi fikri üstünlük təşkil edir. Son illərdə Ruhani və sabiq xarici işlər naziri Cavad Zərif ətrafında səslənən ittihamlar, habelə saxlanılma və ya ev dustaqlığı ilə bağlı şayiələr bu narazılığın təhlükəsizlik diskursuna daşındığını göstərir.

İran siyasi praktikasında böhran dövrlərində müxalifətin nəzarət altına alınması üçün bu cür dalğalara tez-tez müraciət olunub. 2009-cu il etirazlarından sonra reformçu hərəkatın liderlərinin uzunmüddətli ev dustaqlığına məruz qalması bunun açıq nümunəsidir. O zaman da məqsəd yalnız küçədəki etirazları deyil, həmin etirazlara siyasi legitimlik verə biləcək sistemdaxili fiqurları neytrallaşdırmaq idi. Bugünkü saxlanılmalar da mümkün gələcək siyasi konsolidasiyanın qarşısını qabaqcadan almağa yönəlmiş preventiv addım kimi qiymətləndirilə bilər.

Əgər proses genişlənər və sistem daxilində real təsir gücünə malik daha yüksək səviyyəli fiqurları əhatə edərsə, artıq məhdud təhlükəsizlik tədbirindən deyil, daha geniş siyasi sahənin daraldılması mərhələsindən danışmaq mümkün olacaq. Bu ssenari qaçılmaz olaraq ali liderdən sonrakı dövrə dair müzakirələrlə kəsişir. Son etirazlar və regional gərginliklər bu müzakirələri zəiflətmək əvəzinə daha da dərinləşdirib.

Nəticə etibarilə, İranda reformçu fiqurlara qarşı həyata keçirilən saxlanılmalar təkcə cari təhlükəsizlik tədbiri kimi oxunmamalıdır. Bu addımlar həm protestolardan sonra qurulan rəsmi narrativi qorumağa, həm də sistem daxilində tənqidi mövqeləri sıxışdırmağa yönəlib. Prosesin hansı istiqamətdə inkişaf edəcəyi isə yalnız bugünkü böhranlarla deyil, İslam Respublikasının gələcək siyasi arxitekturası ilə birbaşa bağlı olacaq.

Alim Nəsirov

Избранный
33
1
bakivaxti.az

2Источники