RU

Lilit və Həvva ​​​​​​​ Bir rəsmin dedikləri

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ülkər Əliyevadır. Onunla rəssam Şahnaz Ağayevanın "Lilit və Həvva"  əsərindən danışmışıq.

Şahnaz Ağayeva müasir Azərbaycan rəssamlığının maraq doğuran nümayəndələrindəndir. Rəssamlıq üzrə ilk təhsilini doğulduğu Sumqayıt şəhərində alan Şahnaz, daha sonra təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr (2002-2006) və magistr (2008-2010) pillələri üzrə davam etdirib. YARAT Müasir İncəsənət Məkanının təşkil etdiyi mühazirələrdə, uşaq yaradıcılıq laboratoriyalarında, eləcə də illik ARTIM Lab layihəsinin sərgilərində iştirak edən rəssamın əsərləri həmçinin ölkəmizdən kənarda - Gürcüstan, Tayvan, eləcə də Paris, Nyu-York, İstanbulda sərgilənib.

Şahnaz Ağayevanın yaradıcılığının başlıca mövzusu qadındır. Rəssamın yaradıcı fəaliyyətində sözügedən mövzunu özündə ehtiva edən, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda nümayişi baş tutan təsviri sənət əsərləri ilə yanaşı, çoxsaylı instalyasiyaları və performansları da mövcuddur.

- Lilit və Həvva obrazlarını əsərdə necə görürük?

- "Lilit və Həvva" adlı təsviri sənət əsərində də biz gender əsaslı mövzuya dini-mifoloji kontekstdən yanaşma, bununla bərabər, rəssamın bədii stilini vurğulayan "Şahnazsayağı" ifadə üslubunu görürük. Adından da bəlli olduğu kimi, əsərin mövzusu Lilitin və Həvvanın hekayəsinə söykənir. Qısa olaraq bu hekayəni yada salaq.

Həvva İbrahimi dinlərdə (İslam, Xristianlıq, Yəhudilik) ilk qadın kimi tanınır. Adəm ilə birlikdə, fəqət Adəmin qabırğasından yaradılıb və bəşəriyyətin anası sayılır. Klassik dini mətnlərdə Həvva itaətkar, ailə və analıqla bağlı qadın obrazını təmsil edir. Günah, cənnətdən qovulma və tövbə mövzuları da onun obrazı ilə sıx bağlıdır.

Lilit isə əsasən yəhudi mifologiyasında və apokrif mənbələrdə yer alan fiqurdur. Rəvayətə görə, Lilit Həvvadan öncə Adəmlə eyni zamanda və eyni maddədən - torpaqdan yaradılıb. Adəm Lilitdən ona itaət etməsini istəyəndə, Lilit tabe olmağı rədd etdiyi üçün cənnəti tərk edib. Buna görə də, o, ilk dövrlərdə itaətsizliyin, müasir feminist düşüncədə isə azadlıq, müstəqillik və patriarxal nizama qarşı çıxan qadın simvolu kimi qəbul olunur.

Orta əsrlər və klassik Qərbi Avropa incəsənətində dini janr aparıcı rol oynadığı üçün biz incəsənətdə ilk qadın obrazı kimi Həvvanın təsvirinə tez-tez rast gəlirik. Lakin bu obraz bir çox hallarda günah, cazibə, zəiflik, hətta Adəmin "yoldan çıxmasının səbəbkarı" kimi əks olunub. Bu isə Həvvanı - qadını birbaşa məsuliyyət daşıyan mövqeyə qoyur. Həvvanın belə şərh olunduğu dövrdə isə Lilit obrazı incəsənətdə ya görünmür, ya da ödemonlaşdırılmış, yarı qadın, yarı ilan siluetində, bəzən isə cənnət meyvəsi üçün şirnikləndirən şeytanın prototipi kimi qarşımıza çıxır. Beləliklə, itaət edən qadın məsuliyyət daşıyıcısı, boyun əyməyən isə şeytan. Əsrlərdir möhkəm kök salan, iyerarxiyaya əsaslanan patriarxal düşüncə.

XIX-XX əsrlərdən etibarən isə Lilitin obrazı incəsənət səhnəsində artıq daha intensiv yer almağa başlayır. Lilit artıq bir "femme fatal" nümunəsi - gözəl, cazibədar, amma bir o qədər də təhlükəli qadın obrazında görünür. Müasir feminist düşüncə və incəsənət isə tarixin bu iki ikonik qadın obrazını yenidən şərh edir. Həvva sistemin içində, Lilit isə azadlığını əldə etmək bahasına susdurulmağa çalışılan obrazlar olaraq. Yəni klassik incəsənətə nəzər salanda bu iki obraz biri-birinin əksi kimi görünsə və qarşı-qarşıya qoyulsa da, müasir incəsənətdə bəzən onlar qadın olmağın iki paralel halı kimi dəyərləndirilir. Bu yanaşma müasir rəssamlıqda bir çox rəssam kimi Şahnaz Ağayevanın yaradıcılığında da yer tapıb.

Sözügedən əsərdə Həvva və Lilit sanki eyni bir "damın" altında təsvir olunub. Birləşmənin başlanğıcı əsərin sol kənarında yerləşdirilən ağacın əsər boyu uzanan, yaşıllıqla örtülü budaqları ilə təsvir olunub. Bu, cənnətdən qovulma hekayəsindəki həmin o qadağan olunmuş ağacdır. Ağacın qadağan olunmuş meyvəsi isə mərkəzdəki qadın obrazlarının birinin əlində diqqəti çəkir.

- Əlində alma tutan Həvvadır, yoxsa Lilit?

- Bunu bilmirik. Rəssam bunu bildirəcək hər hansı bir işarə qoymayıb. Onların ikisi də eynidir - eyni bədən proporsiyaları, eyni rəng koloriti. Əslində, bunu bilmək bizə maraqlı da deyil. Çünki Şahnaz burada kimisə əsas qəhrəman, kimisə günahkar və s. kimi göstərmək istəmir. Burada kəskin xarakter sədləri olan obrazlardan daha çox, psixoloji portretlər görürük. Bu baxımdan sol tərəfdəki obrazın üz ifadəsi və bədən dili həmcinsinə güvən verən, sağ tərəfdəki isə güvənən ab-havadadır. Elə iki obraz arasındakı birləşmə də ağac motivi və koloritlə yanaşı, onların arasındakı emosional dialoqda, qadınların biri-birinə toxunma anlarında da hiss olunur. Bu birləşmə "bacılıq" ("sisterhood") ideyası ilə şərh oluna bilər. Qadın bədənlərinin bir-birinə toxunuşu, xüsusilə sağ fiqurun sol fiqura söykənməsi, əsərdə asılılıq deyil, paylaşma hissi yaradır. Burada nə hökm edən, nə də tabe olan var. Bu da bacılıq ideyasını yalnız emosional deyil, etik bir mövqe kimi oxumağa imkan verir.

- Kompozisiya quruluşu haqqında nə deyə bilərsiniz?

- Kompozisiya quruluşu üfüqi formatda qurulub. Kağız üzərində sulu boya ilə işlənən əsərdə yaşıl səth və səma ilə kompozisiya ikiyə ayrılsa da, rəssam sonradan yaşıl saplar və tikiş texnikası ilə üfüqi istiqamətdə ağac budaqları əlavə edib. Ağacın budaqları yuxarı hissədə bütün səthi kəsərək vizual olaraq səhnəni üç məkana bölür: yuxarıda sıx, ağır, demək olar ki, basqı yaradan yaşıl kütlə; aşağıda isə açıq, nəfəs alan səma və landşaft sahəsi.

Kompozisiyada iki obraz olsa da, onların yerləşdirilməsində tam simmetriyadan qəsdən imtina edilib. Fiqurların duruşlarının birinin daha frontal, digərinin isə yarımprofil vəziyyətdə olması kompozisiyanı statiklikdən bir qədər kənarlaşdıraraq onu dialoji edir. Sanki baxış xətti bir fiqurdan digərinə ötürülür.

Yuxarı hissədə yerləşdirilən ağac budaqlarını kompozisiya motivi kimi dəyərləndirəndə onun əsas yükü daşıdığını görə bilərik. Fiqurların uzun boyunları yuxarıya doğru hərəkət edərkən, budaqlar bu hərəkəti kəsir. Beləliklə, kompozisiya daxilində gərginlik və balans eyni anda mövcud olur.

Sol kənarda yerləşdirilmiş ağac gövdəsi kompozisiyanın vizual olaraq bir növ dayaq nöqtəsidir. Yuxarıdakı sapla işlənmiş elementlər baxışımızı ağaca doğru yönəldir. Bu yerləşmə ilə kompozisiya sol tərəfdən ağacla qapansa da, sol tərəfdə budaqların uzantısı onu açıq strukturlu edir, yəni sanki ağac kadrdan - kağızdan kənarda da davam etməkdədir.

Sulu boyanın yumşaq bədii dillə işlənməsi və fiqurların aşağı hissələrinin landşaftla birləşməsi səbəbindən əsərdə xətlərin sərhədləri sərt deyil. Bədən və məkan keçidlərinin yumşaq olması nəticəsində fiqurlar səhnənin üzərində yerləşdirilmiş obyektlər kimi yox, kompozisiyanın özündən yaranmış formalar kimi vizuallaşır.

- Əsərin rəng həlli necədir?

- Burada yaşıl, çəhrayı rənglər və vərəqin öz ağlığı diqqət çəkir. Rənglərin sulu boya ilə belə yumşaq işlənməsi onu daha çox təbiətə yaxın edir, sakitlik və idillik hissi yaradır. Bu yumşaqlığı ağırlaşdıran sıx şəkildə toplanan ağac kütləsidir. Bu detal haqqında yazanda məndə başqa bir simvolik mənanın təəssüratı da oyandı. Bu sənətçinin nə dərəcədə niyyəti olub-olmadığını bilmirəm, amma əsrlərdir günahın simvolu kimi işlənən o ağacın budaqları məndə qadınların başı üzərində dayanan bir nəzarət mexanizmi görüntüsünün hissini yaratdı. Lakin yenə də əsərin "bacılıq" ideyasına fokuslanmağı daha çox istəyərəm. Qadın bədənlərində istifadə olunan çəhrayı və qırmızımtıl tonlar erotik və ya idealizə olunmuş bədən təəssüratı yaratmır. Ümumiyyətlə, rəssamın yaradıcılığına ümumi nəzər salanda Şahnaz Ağayevanın bir qrup əsərlərində qadınların yumşaq çəhrayı tonlarında (xüsusilə sulu boya texnikası ilə) işlənməsi xarakterikdir. Bədənlərdə şəffaf çəhrayı rəngi görmək fərahlıq, canlılıq hissi oyadır. Bu, həmin qadınları daha çox psixoloji reallığa yaxınlaşdırır. Rəssamın "Lilit və Həvva" adlı (2025) başqa əsəri də var ki, burada biz fərqli texnikada bənzər rəng tonlarını görə bilərik.

Biz az əvvəl də qeyd etdiyim kimi, rəng keçidləri kəskin deyil, axıcıdır. Rənglərin doymuşluq səviyyəsi də diqqətəlayiqdir; nə yaşıl, nə də çəhrayı maksimum intensivliyə çatdırılıb. Bu, rəngləri emosional baxımdan "qışqıran" yox, sakit edir və izləyicini yavaş-yavaş öz içinə çəkən bir rəng dili formalaşır.

Rəngin bu cür həlli həm də bir növ rəssamın dramatik qarşıdurma yaratmamaq istəyinə xidmət edir. Almanın yaşıl tonunun da çox nəzərə çarpmaması əsərin əsas fokusunun "günahlandırma" ideyası olmadığı ilə bağlana bilər. Nəticə etibarilə, Şahnazın rəng həlli əsərdə nə Həvvanı, nə də Liliti ittiham edir, əksinə, onları eyni hekayənin iki səsi kimi təqdim edir. Biri digərinin alternativi deyil, davamıdır. Bu da əsəri mifoloji süjetdən çıxarıb, qadın təcrübəsinin çoxşaxəliliyinə yönəldir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Şahnaz Ağayevanın yaradıcılıq xəttini və gender mövzusuna yanaşmasını nəzərə alaraq, "Lilit və Həvva" əsərinin ötürdüyü mesajı kişi baxışının (male gaze) formalaşdırdığı "günah" narrativindən uzaqlaşmaq cəhdi kimi oxumaq mümkündür. Burada əsas məsələ almanı kimin tutması deyil; məsələ qadının tarix boyu üzərinə yüklənmiş məsuliyyət və ittiham mexanizminin sorğulanmasıdır. Rəssam Havva və Liliti qarşı-qarşıya qoymur, onları bir iyerarxiyanın iki qütbü kimi təqdim etmir. Əksinə, onları eyni vizual və psixoloji müstəvidə birləşdirərək qadın təcrübəsinin çoxqatlı və paralel xarakter daşıdığını göstərir. Uzanan budaqlar  bayaq qeyd etdiyim "nəzarət mexanizmi"dirsə belə, rəssamın mövcud sistemin daxilində belə alternativ bir qadın məkanının mövcud ola biləcəyi ideyasını, bəlkə də arzusunu göstərir. Şahnaz sanki bizi qətiyyən mühakimə meydanı olmayan, gizli qadın məkanına - "cənnət bağ"ına dəvət edir. Heç bir qovulma aktının olmadığı cənnətə...

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
525.az

1Источники