Təyyarə səfərləri zamanı bizə təklif olunan hər içki düşündüyümüz qədər təmiz olmaya bilər. Təcrübəli bir stüardessanın sosial mediada gündəm olan etirafları, sərnişinlərin sağlamlığı üçün ciddi xəbərdarlıqlar ehtiva edir.
Milli.Az xəbər verir ki, stüardessa bildirir ki, sərnişinlər təyyarədə təzə dəmlənmiş çay və qəhvədən uzaq durmalıdırlar. Bunun səbəbi içkinin özü deyil, istifadə olunan sudur.
Çay və qəhvə üçün istifadə olunan su, təyyarənin daxili su çənlərindən gəlir. Bu çənlərin və boruların nadir hallarda təmizləndiyi iddia olunur.
Araşdırmalar bəzi təyyarələrin su təchizatında "E. coli" və digər zərərli bakteriyaların ola biləcəyini göstərir. Qaynama temperaturu həmişə bütün mikrobları öldürməyə kifayət etmir.
Eyni su problemi buz parçaları üçün də keçərlidir. Əgər buzlar təyyarənin öz suyu ilə hazırlanıbsa, eyni gigiyena riskini daşıyır. Mütəxəssis, sərnişinlərə yalnız qapalı şüşədə (butulkada) gətirilən su və meyvə şirələrini içməyi tövsiyə edir.
Stüardessanın etiraflarından biri də qəhvə qablarının (potların) təmizlənməsi ilə bağlıdır. O, iddia edir ki, bəzi işçilər qəhvə qalıqlarını boşaltmaq və qabları yaxalamaq üçün tualetdəki krantlardan istifadə edirlər. Bu isə çarpaz yoluxma riskini (mikrobların keçməsini) artırır.
Qarşınızdakı yemək masaları da hər uçuşdan sonra ətraflı dezinfeksiya olunmur. Bəzi sərnişinlərin bu masalardan uşaq bezi dəyişmək üçün istifadə etdiyi bildirilir. Buna görə də yeməkdən əvvəl masanı nəm salfetlə silmək şərtdir.
Lalə Qüdrətova
Milli.Az