RU

Xalq-Prezident birliyi möhtəşəm uğurlara yol açıb

Dövlət və dövlətçilik əleyhinə xəyanətlər bütün zamanlarda xalq və cəmiyyət tərəfindən pislənib, heç vaxt bağışlanmayıb. Buna cəhd edənlər, gizli plan quranlar isə gec-tez hüquq-mühafizə orqanları tərəfindən aşkarlanaraq həbs olunublar, törətdikləri cinayət əməllərinə görə layiq olduqları cəzalarını alıblar. Təəssüflər olsun ki, bundan dərs götürməyənlər hələ də var.

Fevral ayının 12-də Dövlət Təhlükəsizliyi Xidməti bir qrup şəxsin dövlətə qarşı cinayət törətməkdə şübhəli bilindikləri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və başqalarının hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamla tanış olanda məlum olur ki, onların qanunazidd əməlləri təzə deyil. Xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilmiş və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

Onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən "Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərib, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933,8 min manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyevdən və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər. 

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin xarici xidmət orqanları ilə əməkdaşlıq edən bir neçə şəxslə telefon danışığı da onun dövlətçiliyimizə xəyanət etdiyini təsdiq edən sübutlardan biridir. Ramiz Mehdiyev danışdığı şəxslərə Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təklifi olduğunu deyir. Sonra da həmin sənədi poçtla göndərəcəyini bildirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd olunur ki, cinayət işinin materiallarına əlavə edilmiş texniki sübutlara əsasən, "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumlarını və yaxınlarını cəlb edərək xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilib.

Araşdırma zamanı o da məlum olub ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, "Milli Şura"nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda "şura"nın fəaliyyətinin dəstəklənməsi xahiş edilib, həmin ölkədə aparılan "islahatlar"ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib.

İrəli sürülən ittihama əsasən, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət edib, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi halda Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb. Yayımlanan çəkilişlərdə keçmiş administrasiya rəhbərinin evində aparılmış əməliyyatın görüntüləri öz əksini tapıb.

İttihamda o da vurğulanır ki, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakıda yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış bütün bu qanunazidd hərəkətlər dövlətçiliyimizə və xalqımıza xəyanətdir. Xəyanət isə cəzasız qalmır. Müxtəlif cinayət əməllərində təqsirli bilinən bu şəxslər həm qanun, həm də xalq qarşısında cavab verməlidirlər. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
32
azerbaijan-news.az

1Источники