RU

“Litagent” kimdir?

Kim olacaq, əsl Ədəbiyyat

bilicisi, söz, fikir xiridarı, zərgər . “Litagent” heç bir halda

dönüb nəşriyyat meneceri

ola bilməz. Amma olur...

Müasir kitab sənayesi identik ədəbiyyatın, müəllifin, mətnin qarşısında ciddi tələblər qoyur. Hətta müəllifi, mətni öz “inkubasiya”sında yetişdirməyə çalışır. Və təbii olaraq onu öz vitrininə tabe etdirir. Bir tərəfdən də “qlobal, uydurma mətn” yaratmaq potensialı formalaşır. Ardınca “qlobal, uydurma müəllif” də gələcək...  Bax, İkinci Dünya müharibəsindən sonra qoca Avropada formalaşan “litagent”lər, əsasən, bu işlə məşğul olur - müəllif tapmaq, kəşf etmək, yoxdursa da, onu uydurmaq. Fəqət, öyrəşdiyimiz sivilizasiya iflasa uğrayır, mədəniyyət aşılanır, müəllif  “yoxa çıxır”, uydurmağa kimsə yox.

Bəs “litagent” bütün parametrlərə cavab verən mətni haradan tapacaq? O isə həm nəşriyyatlar, həm də müəlliflər - bütövlükdə kitab sənayesi, yeni çağırışlar və cığırlar qarşısındadır...

Dünyada get-gedə elektron kitab bazarı print kitabı üstələyir: daha cəlbedici, ucuz, əlçatan, hətta əyləncəli platformalar təklif edilir. Tutaq ki, səsli kitabın, musiqinin, kinonun birlikdə - paket şəklində təklif olunduğu platformalar, mobil tətbiqlər dirçəlir.

Uzun müddətdir ki, bu platformaların inkişaf meyillərini izləməyə çalışıram. Onlar kağız kitabı əvəzləmək üçün dəridən-qabıqdan çıxır, min cür üsullarla daha cəlbedici üstünlüklər təklif edirlər. Məsələn, səhifələrdə gözü yormayan rəng, işıq və şrift seçimləri, səhifələri çevirərkən kağız xışıltısı, rəy bildirmək imkanı, klassikadan tutmuş postmodernizmədək xeyli sayda kitabın ucuz qiymətə əldə edilməsi, bir neçə kitabın paralel oxuna bilməsi və sair...

Məncə, onlar istədiklərinə də nail olurlar. Həm oxucu ucuz kitab əldə edir, həm müəllifin imzası kütləviləşə bilir, interaktivlik yaranır, həm də nəşriyyat qazanır. Bir sözlə, kitabsevərin o möhtəşəm  kağız qoxusundan başqa hər şey var... Kim bilir, bəlkə, nə vaxtsa, bu funksiya da smart qurğuların beyninə yerləşdiriləcək: smartfonda kitab mütaliə edirsən və oradan ənənəvi kağız qoxusu gəlir...

Hal-hazırda yuxarıda göstərilən üstünlüklər elektron kitab sənayesi tərəfindən ciddi təşviq edilir, smart mütaliəçilərin sürətlə artdığına dair müxtəlif statistikalar verilir. Bu məsələlərdə investorların reklam şişirtmələri də istisna edilməməlidir. Lakin, istiqamət dəyişmir. Kitab elektronlaşır... smartlaşır...

Azərbaycanda da belə platformalar yaratmaq cəhdləri uğursuz oldu. Hətta bir müddət tam durğunluq yarandı. İndi isə bir neçə nəşriyyat başa düşüb ki, əziyyət çəkib yerli platformalar yaratmağa cəhd etməkdənsə, öz kitablarını (o cümlədən müəllifləri) daha qlobal platformalarda təqdim edə bilərlər. Həm də öz ana dillərində, öz tərtibatları, müəllif  hüquqları ilə birlikdə.

Lakin bu işlər o qədər ətalətli şəkildə aparılır ki, hətta “smartfomanlar” da ona çəpəki baxırlar... Bəlkə, kitabın, müəllifin, hətta yüksək qonorarın gələcəyi buradadır? Görəsən, bu sualı nəşriyyat menecerinə çevrilmiş “litagent”lərə versək,  nə deyərlər?

İndi Avropadakı “litagent”ləri daha çox bu mövzular maraqlandırarkən, az kitab oxuyan cəmiyyətlər hələ də kitabın sənaye, biznes deyil, maarifçi ruh olduğunu israr edir. Elə isə ortaya seçim dövrü çıxır. “Litagent”lərin təkcə tendensiyaları, müəllifi, identik mətni, fərqliliyi seçməsi deyil, həm də texnologiyanı, smart oxucunu nəzərə alması zəruriləşir. Qlobal çağırışlar nəşriyyatları da yeni alətlər tapmağa sövq edir. Oxucu çoxfunksiyalı kitab platformalarında gəzişmək, daha ucuz, əlçatan kitab əldə etmək istəyəcək. Beləcə, o, həm maariflənmək, həm öyrənmək, həm də əylənmək fikrindədir...

“Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasında xüsusi yer alan rəqəmsallaşma təklifləri də bütün bu suallara cavab tapmaq üçündür.

Bəlkə təkcə milli kitab sənayesini inkişaf etdirmək deyil, həm də müəllifləri zərgər dəqiqliyi ilə seçib nəşriyyatlara təqdim edə bilən əsl ədəbiyyat adamları - “litagentlər” hazırlamalıyıq? Milli Ədəbiyyat Agentliklərinin yaradılmasına diqqət yetirməli, onların müəllif, tərcüməçi və redaktorlarla səmərəli işləməsini təmin etməliyik? Axı müəllif maşın deyil, heç vaxt da olmayacaq. O, Biləcəridən o yana can atmamalıdır. Bunu milli “litagentlər”imiz, əsl ədəbiyyat bilicilərimiz etsə, daha yaxşı olmazmı?

Məqsəd Nur

Избранный
55
yeniazerbaycan.com

1Источники