2025-ci ildə Beyləqan rayonunun pambıqçıları 8 min 930 hektar sahədən 37 min 560 ton “ağ qızıl” əldə ediblər. Hektarın orta məhsuldarlığı 42 sentner təşkil edib və bu göstərici ilə Beyləqan ölkənin pambıqçılıq rayonları arasında birinci yerdə olub.
Bunun əsas səbəbləri torpağın münbitliyi ilə bağlı olsa da, insan amili də bu məsələdə mühüm rol oynayıb. Belə ki, sahələrin su təminatının vaxtında və düzgün təşkili, səpinin müasir aqrotexniki üsullara uyğun aparılması, gübrələmə, bitki mühafizəsi və keyfiyyətli toxum məhsul bolluğuna təminat yaradıb.
KTN-nin Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Mil Təcrübə Stansiyasının müdiri Səxavət Məmmədov bildirdi ki, Beyləqanda yerli və introduksiya olunmuş (xaricdən gətirilmiş) yeni pambıq sortlarının sınaq əkinləri keçirilir. Məqsəd bu sortların quraqlığa, xəstəliklərə və şoranlığa davamlılığını yoxlamaq, eləcə də pambıq məhsulu üçün daha əlverişli genetik xüsusiyyətlərə malik sortları geniş şəkildə əkməkdir. Bu da “ağ qızıl”ın keyfiyyətini və gəlirlərini yüksəltməyə xidmət edir. 2026-cı il üçün yerli sortların ərazisinin genişləndirilməsi məqsədilə 30 hektar əlavə sahə nəzərdə tutmuşuq”.
Rayonun pambıqçılıq sahəsində qabaqcıl fermerlərdən olan Əlizamin Nəbiyev isə qazandığı uğurlardan danışdı: “Yeniyetmə yaşlarımdan pambıqçılıqla məşğulam. Valideynlərim bu sahədə çalışdığından daim onlara kömək edir və pambıqçılığın sirlərini öyrənirdim. Müqavilə bağladığımız şirkət bizi zəruri toxum, gübrə və bitki mühafizə vasitələri ilə təmin edir. Bunun qarşılığında məhsulu yetişdirmək və şirkətə təhvil vermək öhdəliyi götürmüşük”.
Əməyinə verilən “Əmək” ordenini rayonda “ağ qızıl”ın inkişafına dövlət qayğısı kimi yüksək dəyərləndirən fermer daha böyük uğurlar qazanmaq əzmindədir. O, 410 hektar sahədə şəxsi texnikalarının köməyilə yüksək məhsul toplamaq üçün çalışır. Bizimlə söhbət zamanı fermer onu da qeyd etdi ki, pambıq əkinlərinin dövlət tərəfindən subsidiyalaşdırılması pambıqçıların sahəyə marağını daha da artırıb.
Yeri gəlmişkən, Aqrar Subsidiya Şurası 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində becərilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutub.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri