RU

Milli turizm təhsilinin uğurları və yeni hədəfləri

Azərbaycanda turizm və menecment sahələri üzrə kadr hazırlığı, 20 illik yubileyi qeyd olunan Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) keçdiyi yol, əldə etdiyi nailiyyətlər, gələcək planları ilə bağlı “Xalq” qəzetinin suallarını Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova cavablandırdı.

– Dövlət Turizm Agentliyinin tabeliyində Bakı Turizm Peşə Məktəbi (BTPM), Mingəçevir Turizm Kolleci (MTK) və bu il 20 illik yubileyi qeyd olunan Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ölkəmizin turizm sahəsini kadrlarla necə təmin edir?

– Agentliyin tabeliyindəki hər 3 təhsil müəssisəsi öz infrastruktur və akademik heyət potensialı çərçivəsində turizm sahəsi üçün keyfiyyətli kadrlar hazırlayır. Bu təhsil ocaqları hər il 1800-dən çox tələbə məzun olur. Paralel olaraq, ATMU və Mingəçevir Turizm Kollecində əmək bazarının tələblərinə uyğun yeni ixtisasların açılması istiqamətində görülən işlərə dəstək göstərir. Eyni zamanda, bu müəssisələrin infrastrukturunun yaxşılaşdırılması da həyata keçirilir. Ötən illər ərzində tələbələr və müəllimlər üçün keyfiyyətli təhsil mühitinin yaradılması üçün Mingəçevir Turizm Kolleci yeni binaya köçürülüb. Hazırda kollec üçün yeni kampusun tikilməsi istiqamətində işlər görülür.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tarixi Azərbaycan Turizm İnstitutunun (ATİ) yaranma tarixindən başlayır. ATİ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli, 45 saylı qərarı ilə təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli sərəncamına əsasən isə ATİ-nin bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli, 255 nömrəli qərarı ilə ATMU Dövlət Turizm Agentliyinin tabeçiliyində fəaliyyət göstərir.

ATMU-da mövcud ikili diplom proqramlarının təkmilləşdirilməsi və yeni proqramların formalaşdırılması üzrə təşəbbüsləri də dəstəkləyirik. 2025-ci ildə Dövlət Turizm Agentliyi sədrinin müvafiq əmri ilə ATMU-nun yeni strukturu təsdiq olunub. Universitetin strukturu təkmilləşdirilib, yeni strukturda araşdırma, təlim, elektronlaşma, marketinq və kommunikasiya kimi vacib istiqamətlərdə ixtisaslaşacaq struktur bölmələr yaradılıb.

Bundan başqa, agentliyin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin birgə təşkilatçılığı ilə aşpazlıq ixtisası üzrə 2023-2024 və 2024-2025-ci tədris illərində pilot tədris qrupları formalaşdırılıb. Sözügedən qruplardan 30-dan çox tələbə məzun olub.

Məzunlar BTPM-in diplomu ilə yanaşı, CASA tərəfindən təqdim olunan və London İnstitutunun “City & Guilds” Beynəlxalq Təşkilatı, Dünya Aşpazlar Assosiasiyası tərəfindən tanınan beynəlxalq sertifikat da əldə edirlər. Bu kimi proqramlar məzunlara həm özlərini peşəkar səviyyədə inkişaf etdirməyə, həm də təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə məşğulluq imkanlarını artırmağa və qastronomiya sahəsində karyera qurmağa kömək edir.

– Sözsüz ki, Azərbaycanın turizm təhsilində ATMU-nun xüsusi rolu var. Ötən 20 il bu universitet üçün hansı hadisələrlə, uğurlarla yadda qalıb?

– ATMU Azərbaycan Respublikasında turizm təhsili verən ali təhsil müəssisələri arasında ilk dəfə beynəlxalq ikili diplom proqramını tətbiq edib. Belə ki, 2007-ci ildən başlayaraq ATMU Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə Azərbaycan Respublikasında turizm təhsili verən ali təhsil müəssisələri arasında ilk dəfə “Turizm işinin təşkili” (Tourism and Hospitality Management) ixtisası üzrə beynəlxalq ikili diplom proqramı olan Azərbaycan-Avstriya Turizm Proqramını (AATP) reallaşdırır. Avstriyadan və Azərbaycandan olan mütəxəssislər tərəfindən tədrisin aparıldığı proqramı uğurla bitirmiş tələbələr iki diplom - ATMU və IMC Kremsin diplomlarını əldə edirlər.

Məlumat üçün qeyd edək ki, 2007-ci ildən bəri AATP çərçivəsində 296 tələbə məzun olub. ATMU Türkiyənin Əskişəhər Osmanqazi Universiteti ilə də müvafiq ixtisas üzrə ikili diplom proqramı çərçivəsində əməkdaşlıq edir. ATMU-da gələcəkdə yeni ikili diplom proqramlarının formalaşdırılması nəzərdə tutulur. Bundan əlavə, ATMU turizm və təhsil sahəsində keyfiyyətli idarəetməni təsdiqləyən bir sıra beynəlxalq sertifikatlara layiq görülüb. Universitet 2019-cu ildə “Turizm işinin təşkili” ixtisas üzrə ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi sertifikatı alıb, 2023-cü ildə isə Turizm və qonaqpərvərlik fakültəsi müvafiq sertifikat üzrə təkrar sertifikatlaşmadan uğurla keçib. 2020-ci ildə ATMU “Turizm işinin təşkili” proqramı üzrə UNWTO.TedQual beynəlxalq keyfiyyət sertifikatını əldə edərək, Cənubi Qafqazda bu sertifikata layiq görülən ilk ali təhsil müəssisəsi olub. Bundan əlavə, 2023-cü ildə ATMU-nun Turizm və qonaqpərvərlik, Sosial menecment fakültələri ISO 210001:2018 Təhsilin idarəedilməsi standartı üzrə sertifikatlaşdırılıb.

Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən, ATMU əmək bazarında məzunları ən çox işlə təmin olunan ali təhsil müəssisələri arasında 6-cı yerdədir. Bu, burada verilən təhsilin əmək bazarının real tələbləri ilə uyğunluğunun əyani göstəricisidir. Universitet, eyni zamanda, 4 müxtəlif Dayanıqlı İnkişaf Məqsədi üzrə dünyanın ən reytinqli universitetləri sırasına da daxil olub. Daha əvvəl qeyd etdiyimiz ATMU-da struktur dəyişikliyi ilə bağlı görülən işlərin davamı olaraq, ATMU vasitəsilə peşəkar kadr ehtiyatının inkişaf etdirilməsi “Azərbaycan Respublikasında 2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın layihəsində də xüsusi prioritet kimi vurğulanıb və bir sıra tədbirlərin görülməsi qarşıya vəzifə kimi qoyulub. ATMU və IMC Krems ilə imzalanmış 13 sentyabr 2021-ci il tarixli son müqavilənin müddəti 2024-cü ildə bitib. AATP ikili diplom proqramının bir qrup (AATP 2025-2028 qrupu) üzrə də davam etdirilməsi üçün üçtərəfli (DTA, ATMU, IMC Krems) müqavilə əlavəsi imzalanıb. Proqramın qarşıdakı illərdə də uğurla davam etdirilməsi üçün üçtərəfli görüşlər davam edir. Bundan başqa, ATMU-nun bilik və bacarıqlar ilə seçilən tələbələri üçün son illərdə düşərgələr də təşkil olunur.

– Hazırda universitetdə neçə fakültə var və bu fakültələrdə neçə ixtisas üzrə kadr hazırlığı həyata keçirilir? Günün tələbinə uyğun olaraq yeni ixtisasların yaradılması və tədrisi gözlənilirmi?

– Hazırda ATMU-da 3 fakültə var: “Turizm və qonaqpərvərlik”, “Biznes və menecment” və “Sosial idarəetmə”. Universitet bakalavr səviyyəsində 12 ixtisas üzrə kadr hazırlığı həyata keçirir. Dövrün və turizm sənayesinin tələbləri nəzərə alınaraq ATMU-da “Qastronomiya və kulinariya” ixtisasının açılması üçün “Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları”na uyğun olaraq işlər görülüb. Sənədlər və sorğulara cavabların toplanması prosesində DTA tərəfindən ATMU-ya müvafiq dəstək göstərilib. Yeni ixtisasın açılması üçün 2025-ci ilin dekabr ayında ATMU tərəfindən Elm və Təhsil Nazirliyinə müraciət olunub.

– Təhsil müəssisələrində imtahan sessiyalarının şəffaf və ədalətli təşkili istiqamətində hansı addımlar atılıb?

– ATMU-nun ikinci tədris binasında 2025-ci ilin sonu etibarı ilə 3-cü elektron imtahan otağı istifadəyə verilib. Sözügedən otaqlar imtahanların tam elektron və şəffaf şəkildə keçirilməsi üçün müvafiq avadanlıqlarla təchiz olunub. Universitetdə imtahanların böyük əksəriyyəti elektron otaqlarda keçirilir. 2025-ci ildə ATMU-nun yeni strukturu tərəfimizdən təsdiq olunub, imtahan prosesinin daha səmərəli və şəffaf təşkilinin təmin edilməsi, yaxşılaşdırılması üçün “Elektron universitet və qiymətləndirmə mərkəzi” yaradılıb.

– Hər bir dövrdə islahatlar günün tələbi hesab olunur və zaman-zaman bütün sahələri əhatə edir. DTA tabeliyindəki təhsil müəssisələrində, xüsusən də 20 yaşını qeyd edən ATMU-da necə, islahatlar aparılırmı və ya aparılması gözlənilirmi? Bu islahatlar, dəyişikliklər əsasən nədən ibarət olur?

– 2025-ci ildə ATMU-nun yeni strukturu təsdiq olunarkən araşdırma, təlim, elektronlaşma, marketinq və kommunikasiya kimi vacib istiqamətlər üzrə ixtisaslaşacaq struktur bölmələr yaradılıb. Bununla yanaşı, akademik və inzibati heyətin peşəkar inkişafının dəstəklənməsi, müasir yanaşmalara uyğun insan resursları modelinin formalaşdırılması da əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu zaman universitetin strukturunun optimallaşdırılması və idarəetmənin səmərəliliyinin artırılması, eləcə də müasir standartlara uyğun çevik və innovativ fəaliyyət mexanizmlərinin formalaşdırılması hədəflənib.

Yeni struktur çərçivəsində “Elmi tədqiqatlar və akademik təhsil mərkəzi”, həmçinin bir qədər əvvəlki sualda qeyd olunan “Elektron universitet və qiymətləndirmə mərkəzi” yaradılaraq təhsil, elmi fəaliyyət və idarəetmə proseslərinin daha sistemli inteqrasiyası və mərhələli şəkildə rəqəmsallaşdırılması təmin edilib. Hazırda universitetin qarşısında duran əsas vəzifələrdən biri əmək bazarının tələblərinə cavab verən, praktik bacarıqlara malik kadr hazırlığının davamlı olaraq inkişaf etdirilməsidir.

– Turizm təhsil sisteminin gələcəyi ilə bağlı hansı planlarınız var?

– Azərbaycanda turizm sahəsində ali və peşə təhsilinə tələbatın artacağını gözləyirik. Son illərdə bu sahəyə göstərilən diqqət, beynəlxalq əməkdaşlıqlar gələcəkdə təhsilin keyfiyyətində nəzərəçarpacaq irəliləyişlərə səbəb olacaq. Turizm ixtisaslarına olan marağın artması ilə paralel olaraq, təhsil müəssisələri turizm ixtisaslarına daha çox yer ayıra, tələbə qəbulunda da yüksəliş müşahidə oluna bilər. Xüsusilə, regionların turizmində inkişaf orada yerləşən təhsil müəssisələrində turizm ixtisaslarının açılmasına şərait yarada bilər.

Bu hal isə həm yerli kadr hazırlığını gücləndirəcək, həm də bölgələrin turizm potensialından daha səmərəli istifadəni təmin edəcək. Bu istiqamətdə gördüyümüz işlərdən biri daha əvvəl vurğulandığı kimi, Mingəçevir Turizm Kolleci üçün müasir standartlara cavab verən maddi-texniki bazaya və təhsil infrastukturuna malik kampusun tikilməsidir. Ali təhsil müəssisələrində turizm ixtisasları üzrə proqramların beynəlxalq standartlara uyğunlaşdırılması, kurikulumların müasirləşdirilməsi və praktik biliklərin ön plana çəkilməsi təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək.

Eyni zamanda, akademik heyətin ixtisaslaşması, xarici təcrübə mübadilələri və beynəlxalq akkreditasiya təşəbbüsləri bu sahədə tədrisin səviyyəsini yüksəldəcək. Turizm sahəsində çalışan tələbələrin təhsil müddətində real iş şəraitində təcrübə keçməsi üçün hotellər, turoperatorlar və digər müəssisələrlə əməkdaşlığın genişlənməsi gözlənilir. Bu isə məzun olduqdan sonra onların əmək bazarına daha hazır və praktik bacarıqlara sahib olmasını təmin edəcək. Təhsilin əmək bazarına uyğunlaşması və yeni ixtisasların yaradılması da proqnozlaşdırılan əsas dəyişikliklərdəndir.

Peşə təhsili sahəsində isə daha çox praktiki yönümlü tədris metodlarının tətbiqi, müasir təlim bazalarının qurulması və işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi nəticəsində bu təhsil pilləsindən məzun olan gənclərin hotelçilik, bələdçilik, restoran işi və kulinariya kimi sahələrdə iş tapmaq imkanları əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

Nəticə etibarilə, Azərbaycanda turizm təhsilinin beş il ərzində həm kəmiyyət, həm də keyfiyyət baxımından irəliləməsi, dəyişməsi gözlənilir. Bu proses, ümumilikdə ölkənin turizm sektorunun dayanıqlı inkişafına güclü dəstək verəcək.

Müsahibəni hazırladı:
P. ƏFƏNDİ
Foto: Cavid QAÇAYEV
XQ

Избранный
55
1
xalqqazeti.az

2Источники